Məhkəmə qərarları › İş №e-2-2(117)-1154/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1154/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1154/2025 10.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Ucar Su X1 İdarəsinin nümayəndələri X5 və X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Ucar Su X1 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Ucar Su X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ucar Su X1 idarəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 4320 manat borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin abonent hesabından silinməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun və bank xidmət xərcinin cavabdehlərdən alınıb, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətində xx.xx.2015-ci il tarixdə “Teksan”-40 markalı, 12025323 nömrəli sayğac quraşdırılmışdır. Həmin tarixdən əvvəl isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti kanal-arx suyundan istifadə etmiş və müəssisənin su sayğacı olmamışdır. Həmin dövrlərdə isə kanal-arx sularına başqa idarələr baxırdı. xx.xx.2015-ci il tarixdə quraşdırılmış həmin sayğacı yenisi ilə əvəz etmək ehtiyacı yarandığından xx.xx.2025-ci il tarixdə 790131 nömrəli üzləşdirmə aktı tərtib olunarkən isə özlərinə bildirildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ucar Su X1 idarəsinə guya 2012-ci ildən 4320 manat borcu vardır. Bununla bağlı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçən 13 il ərzində heç bir məlumat verilməmiş və ya xəbərdarlıq göndərilməmişdir. Borcun niyə və nə zaman yaranması ona məlum deyil. Odur ki, 4320 manat borc məbləğini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin abonent hesabından silməyi cavabdehlərdən pretenziya vasitəsi ilə xahiş ediblər. Cavabdehlər onlar həmin pretenziyaları müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində alsalar da özlərinə heç bir cavab verməmişdirlər.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. May ayında yeni sayğac quraşdırılan zaman üzləşdirmə aktı tərtib olunarkən onlara bildirilib ki, X16 Səhmdar Cəmiyyətinin Ucar Su X1 idarəsinə guya 2012-ci ildən 4320 manat borcu vardır. Bununla bağlı isə X16 Səhmdar Cəmiyyətinə keçən 13 il ərzində heç bir məlumat verilməmiş və heç bir sənəd təqdim edilməmişdir. Borcun niyə və nə zaman yaranması ona məlum deyil. Odur ki, ona üzləşmə aktı təqdim edilən zaman üzləşmə aktını təsdiq etməyib, cavabdehlərə məktub göndərərək, 4320 manat borc məbləğini X16 Səhmdar Cəmiyyətinin abonent hesabından silməyi xahiş etmişdir. Cavabdehlər məktubları müvafiq olaraq alsalar da heç bir cavab verməmişlər. 1987-ci ildən həmin müəssisədə işləyir. Meyvələrin yuyulması üçün şəhər suyundan yox kanal suyundan istifadə ediblər. 2014-cü ildə rayona yeni su xətti çəkilən zaman müəssisəyə də su xətti çəkilib, sayğac qoyulsa da, lakin həmin sudan istifadə olunmamışdır. Borcun nə vaxt və nə zaman yarandığından xəbəri olmamış və ona heç bir məlumat verilməmişdir. X9 Xidməti X11 Ucar Su X1 idarəsi tərəfindən X16 Səhmdar Cəmiyyətinə hesablanmış 4320 manat borc məbləğinin X16 Səhmdar Cəmiyyətinin abonent hesabından silinməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, proqram təminatları hal-hazırdakı vəziyyətə abonentə yazılmış borcun hansı əsasda yazıldığını, hansı ildə və gündə yazıldığını bilməyə icazə vermir. Sistemdə görünür ki, 2012-ci ildə abonentin 4320 manat borcu yaranmışdır. 2012-ci ildən 2025-ci ilin may ayınadək abonentin su xətti dayandırılmış və abonent kodu passiv edilmişdir. Abonentin müraciəti əsasında abonent kodu aktiv edilmiş və abonentə 2025-ci ilin may ayında su sayğacı quraşdırılmışdır.

5. Cavabdehin digər nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək, nümayəndələri X3 izahatına əlavəsinin olmadığını bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İş materiallarında olan X9 Xidməti” X12 və Ucar Su X1 İdarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli 790131 nömrəli üzləşmə aktından görünür ki, X9 Xidməti” X12 və Ucar Su X1 İdarəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çirkab sularından və ümumi sudan istifadəyə görə 4320 manat borc yazılmışdır. Həmin üzləşmə aktı X9 Xidməti X12 və Ucar Su X1 İdarəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş, lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imzalanmamışdır.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 41684873 nömrəli abonent haqqında məlumatdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin abonent hesabına xx.xx.2025ci il tarixli 790131 nömrəli üzləşmə aktı əsasında 2012-2017-ci illəri əhatə etməklə 4320 manat məbləğində borc daxil edilmişdir.

9. Cavabdeh1 “yerində mövcud olmayan su sayğacının əvəzinə yeni su sayğacının quraşdırılması” barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Teksan/H” markalı, 12025323 sayğac nömrəli su sayğacı götürülərək əvəzinə “Smart ÇSS” markalı 00283386 nömrəli yeni smart-kart tipli su sayğacı quraşdırılmışdır. Həmin akt X9 Xidməti X15 və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri təərfindən təsdiq edilmişdir.

10. Cavabdeh1 Ucar Su X1 İdarəsi tərəfindən verilən arayışda qeyd olunmuşdur ki, Ucar Su X1 İdarəsinin xidməti sahəsində olan ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin su təchizatı dayandırılmışdır. xx.xx.2025-ci ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin su xəttinə “Smart css” smart-kart tipli su sayğacı və su təchizatı bərpa edilmişdir.

VI. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti istifadəsində olan su sayğacına Cavabdeh1 Ucar Su X1 İdarəsi tərəfindən baxış keçirilmiş, cəmiyyətin abonent hesabına xx.xx.2025-ci il tarixli akt əsasında 4320 manat debitor borc daxil edilmiş və müəssisəyə su təchizatının verilməsi dayandırılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin su xəttinə yeni “Smart css” smart-kart tipli su sayğacı quraşdırılmış və su təchizatı bərpa edilmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdeh tərəfindən yuxarıda qeyd olunan 4320 manat borcun onun hesabından silinməsini məhkəmədən xahiş edir.

12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri: Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; [7] b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Maddə 30. Verilən suyun həcminin hesablanması:

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur.

13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.2-ci maddəsinə əsasən sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 13.6-ci maddəsinə əsasən Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. 13.7-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

14. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir.

17. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının abonent hesabına 4320 manat məbləğində borcun yazılması ilk növbədə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. Belə ki, qeyd olunan qanuna əsasən su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən sudan istifadəyə görə əsassız hesablanmış borcu su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının qeyd olunan borcunun 2012-ci il tarixdə yarandığı göstərilir. Cavabdeh tərəfindən borcun hansı səbəbdən yaranması barədə məhkəməyə sübut təqdim edilməmiş, həmçinin qanunvericiliyin tələbinə əsasən borc barədə iddiaçı abonentə hər-hansı bir bildiriş təqdim edilməmişdir. Nəticədə cavabdeh qeyd olunan qanunun tələblərini pozmaqla iddiaçıya borc hesablamışdır.

18. Bundan başqa məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Cavabdeh tərəfindən iddiaçı müəssisəyə məxsus su sayğacına baxış keçirilməsi bu qanunun tələblərinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama hesab edilir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı müəssisəyə məxsus yoxlama aparılmış, lakin həmin yoxlamanın vahid reyestrdə qeydiyyata alınmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Nəticədə görünür ki, cavabdeh qeyd olunan qanunun tələblərini də pozmuşdur.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı onun hesabına qeyd olunan qanunların tələbini pozulmaqla yazılmış borcun silinməsində haqlı olduğundan iddia təmin edilməli, Cavabdeh1 Ucar Su X1 İdarəsi tərəfindən sudan istifadəyə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 790131 nömrəli abonent koduna hesablanmış 4320 manat məbləğində borc silinməlidir.

20. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 63,2 manat dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin bank xidmət haqqı olan 0,40 manat pulda cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Vİİ. Nəticə:

21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 Ucar Su X1 İdarəsi tərəfindən sudan istifadəyə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 790131 nömrəli abonent koduna hesablanmış 4320 manat məbləğində borc silinsin. Ödənilmiş 63,2 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 Ucar Su X1 İdarəsindən tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar