Məhkəmə qərarları › İş №e-2-2(117)-124/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-124/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-124/2021 16.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdehnə qarşı “cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış və qaz hesabında qeydə alınmış 864 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) Elşad Alxasovun istifadəsində olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın plastmas qapağın daxili qulaqcıqlarında cızıq izlərinin olması, xətaların normaya uyğun olduğu müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent Elşad Alxasova dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi 11 nömrəli Ərazi Vergilər İdarəsində xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi (VÖEN: **********) kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti (restoran fəaliyyəti) ilə məşğul olur. Ona məxsus qeyri yaşayış sahəsi təbii qazla təmin edilməsi üçün təlimata uyğun şəkildə Cavabdehnə müraciət edərək lazımı sənədləri hazırlamışdır. Bundan sonra aralarında alqı-satqı müqaviləsi bağlanılmaqla təbii qaz təchizatı həyata keçirilmişdir. xx.xx.2019-cu ildə qeyri yaşayış sahəsinin ******* nömrəli qaz sayğacı qaz idarəsinin əməkdaşları tərəfindən açılmış və onun yerində 28257519 nömrəli sayğac bağlanılmışdır. Sayğac açılarkən bütün plombları yerində olmuşdur. Bir neçə ay keçdikdən sonra X4 İstismarı İdarəsindən qeyri yaşayış sahəsinə xx.xx.2020-ci il tarixli 01/SB383 nömrəli məktub təqdim edilərək göstərilmişdir ki, həmin ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən ona müdaxilə olunduğu faktı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş yoxlama aktında onun plastmas qapağının daxili qulaqcıqlarında cızıq izləri var və xətalar normaya uyğundur qeyd edilmişdir. Buna baxmayaraq sayğac açılarkən plomblar yerində olmuş və bu barədə aktda da göstərilmişdir. Belə olduğu təqdirdə necə ola bilər ki, onun daxilinə müdaxilə edilsin. Daha sonra ona məlum olmuşdur ki, idarənin əməkdaşları birtərəfli qaydada təbii X1 pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və akt əsasında qeyri yaşayış sahəsinə 864 manat cərimə yazılmışdır. Ona məxsus qeyri yaşayış sahəsində heç bir halda qanunsuz qazdan istifadə edilməmişdir. Sayğac açılarkən də onun plombları yerində olmuş, hansısa müdaxilə halı müşahidə edilməmişdir. Əgər belə hal olsa idi hökmən sayğac açılarkən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd olunardı. Bundan başqa yoxlama rəyində də göstərilmişdir ki, xətalar normaya uyğundur, yəni xəta kənarlaşma yoxdur. Qeyri yaşayış sahəsinə cərimə yazılarkən, sayğac yoxlanılarkən heç bir halda onun və ya nümayəndənin iştirakı olmamışdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq yoxlama aparılmamışdır. Sahibliyindəki qeyri-yaşayış sahəsində sayğaca hər hansı təziq edilməmiş və kənarlaşmaya yol verilməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını onunla əsasladırmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin **********00000 nömrəli qaz hesabında hazırda 951 manat borc vardır, həmin borcun 87 manat hissəsi istismarda olan G-4T markalı 28257519 nömrəli qaz sayğacının 19303 m3 göstəricisinə, 864 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissə də olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən fiziki şəxs X3 məxsus qeyri-yaşayış sahəsində müvəqqəti istismara verilmiş G-4T Diafraqma ******* nömrəli qaz sayğacı ünvanından xx.xx.2019-cu il tarixdə açılmış və 28257519 nömrəli sayğac quraşdırılmışdır. Sözügedən sayğac xx.xx.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin də iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sayğacın daxili qulaqcıqlarında cızıq izləri vardır. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-00088-25 nömrəli akt tərtib edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii X1 pozulması haqqında xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 və ya onun pul dəyəri olan 864 manat həcmində müəyyən edilmiş və hazırkı iddiaçıdan tələb olunmuşdur. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Bundan başqa hazırkı mübahisədə diqqət yetirilməli olan digər bir məqam mübahisənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun təsir dairəsinə düşməsinin müəyyənləşdirilməsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə və “Qazdan istisfadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda və “Qazdan istisfadə Qaydaları”nda qaz qurğusu istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları) kimi izah olunur. Qaz quğusu iki kateqoriyadan məişən və sənaye qaz qurğularından ibarətdi. Məişət qaz qurğusu dedikdə ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, Sənaye qaz qurğusu dedikdə isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür. Göründüyü kim istismarda olan qaz sayğacı qaz qurğuları kateqoriyasına aid deyil və ayrıca anlayış kimi qəbul edilir. Bundan əlavə dəymiş zərərin hesablanmasına gəldikdə isə tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cu bəndinə əsasən, istehlakçılar tərəfindən təbii X1 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X1” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs kimi sahibkar Elşad Alxasovun istifadəsində olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın plastmas qapağın daxili qulaqcıqlarında cızıq izlərinin olması, xətaların normaya uyğun olduğu müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent Elşad Alxasova dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırki iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni iddiaçının təqsiri ucbatından yaranması, habelə sayğacan və onun plomblarına müdaxilənin baş verməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı “qaz sayğacının yoxlanılması haqqında” MS-29/1640-00088-25 nömrəli aktdan müəyyən edilmişdir ki, sayğacın plastmas qapağın daxili qulaqcıqlarında cızıq izləri mövcud olsa da xətalar normaya uyğundur. Bu isə onu deməyə əsas verir ki, sayğac ötürülən təbii qazın sərfiyyatını düzgün hesablamış və itirılmiş qazdan söhbət gedə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının plastmas qapağının daxili qulaqcıqlarında cızıq izlərinin olması və bunun iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi, habelə sayğaca və onun plomblarına müdaxilənin baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 864 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən, ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçı X3 hesablanmış və qaz hesabında qeydə alınmış 864 manat borc silinsin. Ödənilməmiş 30 manat Dövlət rüsumu Cavabdehndən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar