Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1661/2025 02.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “07 fevral 2025-ci il tarixli 068343 nömrəli akt əsasında əsassız hesablanmış 778.50 manat borcun abonent kodundan silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “07 fevral 2025-ci il tarixli 062343 nömrəli akt əsasında əsassız hesablanmış 778.50 manat borcun abonent kodundan silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək texniki səhv olaraq aktın nömrəsinin səhv yazıldığını, bu səbəbdən iddia tələbinin “07 fevral 2025-ci il tarixli 068343 nömrəli akt əsasında əsassız hesablanmış 778.50 manat borcun abonent kodundan silinməsi” kimi oxunmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırışdır ki, o, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində hazırda ailəsiylə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yanında fərdi qaydada balaca “çayçı” binası inşa etmişdir. Həmin binanın enerji təchizatı üçün "xxxx" ASC-nin X4 müraciət etdikdən sonra küçədə heç bir mühafizə qutusu olmadan 3491749M846019 nömrəli nəzarət ölçü cihazı - elektrik sayğacı quraşdırılmış və aylıq istehlak etdiyi enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən ödənişlər edilmişdir. 07 fevral 2025-ci il tarixdə o, “çayçıda” olmayan vaxt "xxxx" ASC-nin X2 əməkdaşları mağaza binasının elektrik enerjisini dayandıraraq getmişlər. Bununla əlaqədar olaraq yerli X1muş və ona “çayçı” binasında guya qanunsuz elektrik enerjisindən istifadə etdiyi bildirilmişdir. Belə ki, X2 nümayəndələri əraziyə baxış keçirərkən ona məxsus 3491749M846019 nömrəli sayğacın “geriyə sıçrayış etdiyini” aşkar etmişlər. Bununla bağlı akt tərtib etmişlər. Həmin aktdan onun heç bir məlumatı olmamışdır. Dəfələrlə müraciət etdikdən sonra aktın surətini onlardan ala bilmişdir. Aktda yazılanlar tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Təqdim edilən və birtərəfli qaydada tərtib edilmiş 07 fevral 2025-ci il tarixli aktda göstərilmişdir ki, EEİQ-na uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, elektrik sayğacı “geriyə sıçrayış etmişdir”. Lakin heç bir halda həmin aktda onun iştirakı təmin edilməmişdir. Bununla belə ona təqdim olunan bildirişdə qanunsuz olaraq 778.50 manat cərimə hesablandığı məlum olmuşdur. Belə bir vəziyyət o qənaətə gəlməyə əsas verir ki, ictimai yolda olan hər hansısa zədələnmə halı əgər mövcud olubsa, onda həmin qanunsuz əməllərə elə həmin təşkilatın nümayəndələri yol vermişdir. Akt tərtib edilərkən onun və şahidlərin iştirakı təmin edilməmiş, sayğacda olan hər hansı nasazlıqdan məlumatı olmamışdır. Həmin borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə qaydaları”, AR Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü, 284-cü maddələri göstərilmişdir. xx.xx.2025-ci il tarixli 068343 nömrəli aktdan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və sayğacın geriyə sıçrayış etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 068343 nömrəli icra vərəqəsində xx.xx.2025-ci il tarixli 068343 nömrəli akta əsasən sayğacın proqram təminatının pozulduğu qeyd edilmiş və 778.50 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, xx.xx.2025-ci il tarixində cavabdehə RQ068343 nömrəli akt əsasında cəmi 778.50 manat məbləğ hesablanmışdır. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində rəsmi qaydada yerləşdirilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə tərəfindən iddia ərizəsinə təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçı elektrik enerjisinin istehlakçısı (qeyri-istehlakçı qrupu üzrə) kimi Göyçay EŞ-nin “Proqram bazasında” **********61099 saylı istehlakçı kodu ilə qeydiyyatdadır və elektrik enerjisindən ona məxsus obyektə xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək quraşdırılmış Viko-M580DVOT tipli, zavod nömrəsi №3491749 olan elektrik hesablama sayğacı vasitəsilə, xx.xx.2025-ci il tarixdən hal-hazıra kimi M560 tipli, zavod nömrəsi №22487029 olan elektrik hesablama sayğacı vasitəsilə istifadə edir. xx.xx.2025-ci il tarixdə Göyçay EŞ-nin Satış şöbəsinin əməkdaşları tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq iddiaçının Göyçay şəhərində yerləşən obyektinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş və sayğacın geriyə sıçrayış etdiyi müəyyən olunmuşdur. Aktın tələb hissəsində sayğacın laboratoriya şəraitində yoxlanılıb rəy verilməsi və yeni smart kart sayğacın quraşdırılması qeydiyyatı aparılmışdır. Bu barədə elektrik enerjisinin itirilməsinə görə R068343 saylı akt tərtib edilmişdir. İddiaçı sayğaca baxış keçirilməsində və barəsində akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə əməkdaşlar tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. Aktın bir nüsxəsi iddiaçıya verilmişdir. İddiaçı barəsində tərtib edilmiş akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 12 saatı nəzərə alınmaqla 210 gün müddətinə yenidən hesablama aparılaraq 6300 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İtirilmiş enerjiyə görə aparılmış hesabat xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə etmişdir. İddiaçı barəsində akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Etirazın hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 154-cü, 216-220-ci maddələri göstərilmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, icra vərəqəsi, abonent saldosu, etiraz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin iddiaçının adına mübahisə predmeti olan aktın tarixi ilə üst-üstə düşmüş hər hansı bir yoxlama qeydə alınmamışdır. İddiaçı tələbində 07 fevral 2025-ci il tarixli akt əsasında hesablanmış 778.50 manat məbləğin silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, qeyd edilən akt inzibati akt və ya qərar deyil, həmçinin həmin aktın məcburi xarakter daşıyan göstərişi olmadığından hazırkı iş üzrə sübut olaraq qiymətləndirilə bilər. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. Qeyd edilən Qanunun tələblərindən müəyyən edilir ki, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamaların aparılması mümkündür. Ehtimalən cavabdeh orqan sahibkarlıq subyektin yoxlamanı qeydə aldırsa belə onun aktı tərtib etdiyi halla bağlı yoxlama aparılması qanunsuz hesab edilir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama sahibkarlıq subyektlərində yoxlamanın aparılması qaydalarına uyğun olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunsuz olmuşdur. Bu səbəbdən də yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış 778.50 manat borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən “07 fevral 2025-ci il tarixli 068343 nömrəli akt əsasında hesablanmış 778.50 manat borc İddiaçı abonent hesabından silinsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1661/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1661/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver