Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-214/2020 22.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “357,20 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2018-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində (kafe və avtomobillərin yuyulması xidməti göstərilən obyekt) quraşdırılmış ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbilə çıxarılaraq ******* nömrəli sayğacla əvəz edilmiş və bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. 5746574 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirildikdən sonra xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təyziq altında yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, və quraşdırılan sayğacın texniki qaydalara cavab verdiyi qeyd olunmaqla ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayacına yoxlama aparılmış, yoxlama zamanı sayğacın minimal sərfiyyatda 100 % nisbi xəta ilə işləməsi və xətaların normaya uyğun olmaması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmiş və itirilmiş qazın həcmi 1598 m3 müəyyən edilərək abonent İddiaçı qaz hesabına 319,60 manat borc əlavə edilmişdir ki, abonentin saldosundan iddiaçının akt üzrə 319,60 manat borcunun olması öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ona hesablanmış borc məbləği əsassız olduğundan silinməlidir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsinin **********00010 saylı qaz hesabında xx.xx.2020-ci il tarixə 349.30 manat borc vardır, həmin borcun 29.70 manat hissəsi hazırda istismarda olan G-6T Diafraqma ******* nömrəli qaz sayğacının 23228 m3 göstəricisinə əsasən və 319.60 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir, iddiaçı məhz həmin hissədə olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində müvəqqəti istismara verilmiş G-4T Diafraqma ******* nömrəli qaz sayğacı ünvanından xx.xx.2018-ci il tarixdə açılmış və ******* nömrəli sayğac quraşdırılmışdır. Sözügedən sayğaca xx.xx.2018-ci il tarixdə İnformasiya Texnologiyaları və X1 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş və sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-02500-1 nömrəli akt tərtib edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1598 m3 və ya onun pul dəyəri olan 319,60 manat həcmində müəyyən edilmiş və iddiaçıdan tələb olunmuşdur. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Bundan başqa, hazırkı mübahisədə diqqət yetirilməli olan digər bir məqam mübahisənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun təsir dairəsinə düşməsinin müəyyənləşdirilməsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə və “Qazdan istisfadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda və “Qazdan istisfadə Qaydaları”nda qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları) kimi izah olunur. Qaz quğusu iki kateqoriyadan məişət və sənaye qaz qurğularından ibarətdir. Məişət qaz qurğusu dedikdə ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, Sənaye qaz qurğusu dedikdə isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür. Göründüyü kim istismarda olan qaz sayğacı qaz qurğuları kateqoriyasına aid deyil və ayrıca anlayış kimi qəbul edilir. Bundan əlavə dəymiş zərərin hesablanmasına gəldikdə isə tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 3.3-cu bəndinə əsasən, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeyd- şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Göstərilənlərə əsasən, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki şəhəri Salman Mümtaz küçəsində kiçik yeməkxana işlədir. 2018-ci ilin aprel ayında cavabdeh təşkilatın nümayəndələri yeməkxanaya quraşdırılmış sayğacı açaraq yoxlamaya göndərmiş, yoxlama nəticəsində sayğaca müdaxilənin olmadığı aşkarlanmışdır. Lakin, Cavabdeh nümayəndələri bildirmişlər ki, ona 50-60 manat cərimə yazılmalıdır. Razılaşmadıqda isə başının ağrıyacağını bildirmişlər. Növbəti dəfə noyabr ayında sayğaca baxış keçirmişlər və ona bildirmişlər ki, sayğac xəta ilə işləyir. Bu səbəbdən ona əlavə borc hesablamışlar. Dörd il həmin sayğacdan istifadə etmiş, hər il də soyuq aylarda təxminən eyni məbləği ödəmişdir. Sayğac möhürlü olmuşdur. Onun günahı ucbatından xəta ilə işləyə bilməzdi. Qeyd olunanlara əsasən iddinın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etirazla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, Abonentin saldosu, Etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində (kafe və avtomobillərin yuyulması xidməti göstərilən obyekt) quraşdırılmış ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbilə çıxarılaraq ******* nömrəli sayğacla əvəz edilmiş və bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirildikdən sonra xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təyziq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, və quraşdırılan sayğacın texniki qaydalara cavab verdiyi qeyd olunmaqla ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayacına yoxlama aparılmış, yoxlama zamanı sayğacın minimal sərfiyyatda 100 % nisbi xəta ilə işləməsi və xətaların normaya uyğun olmaması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmiş və itirilmiş qazın həcmi 1598 m3 müəyyən edilərək abonent İddiaçı qaz hesabına 319,60 manat borc əlavə edilmişdir ki, abonentin saldosundan iddiaçının akt üzrə 319,60 manat borcunun olması öz təsdiqini tapır. Göründüyü kimi, xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi yoxlama xarakterli olmuşdur ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsində yoxlama aparılmışdır. Cavabdeh orqan tərəfindən həmin yoxlama aparılarkən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Habelə cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlama qanunsuz olduğundan qanunsuz yoxlama əsasında tərtib edilmiş akt və həmin akt əsasında hesablanmış borc məbləği də əsassızdır. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazında keçirilmiş yoxlamanın dövlət qeydiyyatına alınmalı olmadığını iddia etsə də məhkəmə onun bu iddiaları ilə razılaşmayaraq təkrar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, yoxlayıcılar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Göründüyü kimi cavabdehin nümayəndəsinin etiraz dəlilləri əsassızdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən yəni, akt əsasında hesablanmış 319,60 manat borc məbləğinə münasibətdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, sözügedən aktda sayğacın 100 % nisbi xəta ilə işləməsi və bu səbəbdən itirilmiş qaz sərfiyyatının dəyəri kimi 319,60 manat borc hesablanmasına baxmayaraq, həmin xətanın məhz abonentin təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmır. Belə ki, yoxlama nəticəsində tərtib edilmiş aktda sayğaca hər hansı bir kənar müdaxilənin olması (sayğacın və ya plombun sınması, qırılması və s) qeyd olunmamışdır ki, “Qazdan istifadə qaydaları”nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, “Qazdan istifadə qaydaları”nın tələbinə əsasən iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyət daşımır və belə məsuliyyət cavabdehin üzərinə düşür. Qeyd olunan qanunvericlik norması sayğacda baş vermiş qüsura görə iddiaçı olan abonentdən itirilmiş qazın dəyərini yalnız bunda onun təqsirinin müəyyən edildiyi hallarda tutulmasını ehtiva edir ki, hazırki mübahisənin məhkəmə araşdırması zamanı sayğacda yaranmış qüsurun məhz iddiaçının təqsirindən yaranmasına air sübutlar məhkəməyə təqdim olunmamış və belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu isə onu deməyə əsas verir ki, sayğacda iddia olunan qüsur abonent olan iddiaçının təqsirindən baş vermədiyindən və o, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımadığından ona hesablanmış borc əsassız və qanunsuz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən və o, dövlət rüsumu ödəməkdən azad olduğundan ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 319,60 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat Dövlət rüsumu Cavabdehndən Dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-214/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-214/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver