Məhkəmə qərarları › İş №e-2-2(117)-267/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-267/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-267/2021 03.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həkimzadə Röya Rəhman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “7327,80 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ağsu rayonu Musabəyli kəndində yerləşən İddiaçı MMC-nin (“Musabəyli kənd quşçuluq sexi”) 2019-cu ilin aprel, avqust və sentyabr aylarında səhvən sayğacın elektron hissəsinin sərfiyyatının bazaya daxil eməməsi nəticəsində yaranmış 7327,80 manat borcun silinməsi ilə bağlı Azəriqaz İB-nə müraciət etmişdir. Sonuncu 04.03.2021-ci il tarixli SOCAR**********30560046X01455 nömrəli məktubla bildirmişdir ki, 2019-cu ilin aprel, avqust və sentyabr aylarında təkrar hesabat aparılması nəticəsində qaz hesabında yaranmış 7327,80 manat məbləğin tam araşdırılıb qanunamüvafiq tədbir görülənədək tələb olunmur. Qeyd olunan nöqsanla bağlı aidiyyəti üzrə cavabdeh işçilər barədə müvafiq tədbirlər də görülmüşdür. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Ağsu rayonu Musabəyli kəndində yerləşən quşçuluq sexinin hesabında 7327,80 manat qeyri real borc yaranmışdır. Belə ki, 2019-cu ilin aprel, avqust və sentyabr aylarında səhvən sayğacın elektron hissəsinin sərfiyyatı bazaya daxil edilməmiş, ancaq mexaniki hissənin sərfiyyatı bazaya daxil edilmişdir. Daha sonra isə elektron hissənin sərfiyyatı bazaya daxil edilərək bazaya daxil edilərək hesabat verilmişdir. Təkrar hesabat aparılması nəticəsində quşçuluq sexinin hesabında 7327,80 manat qeyri real borc yaranmışdır. Borc məbləğində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin hesabında düzəliş olunmamışdır. Bu səbəbdən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı elektron poçt vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Azəriqaz İB-nin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi, habelə yenidən hesabat aparılması cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus qaz sayğacının 2019-cu ilin aprel, avqust və sentyabr aylarında elektron hissəsinin sərfiyyatının bazaya daxil edilməməsi əsası ilə sərfiyyatı bazaya daxil etdikdən sonra 7327,80 manat borc hesablanmışdır. Göründüyü kimi, sayğacın mexaniki hissəsinin bazaya daxil edilməsi, elektron hissəsinin isə daxil edilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Belə olan halda, həmin əsasla iddiaçıya əlavə borc hesablanması qanunsuz olmuşdur. Cavabdeh İB də iddiaçıya ünvanlanmış 04.03.2021-ci il tarixli SOCAR**********30560046X01455 nömrəli məktubda bunun etiraf edərək bildirmişdirki, 2019-cu ilin aprel, avqust və sentyabr aylarında təkrar hesabat aparılması nəticəsində qaz hesabında yaranmış 7327,80 manat məbləğin tam araşdırılıb qanunamüvafiq tədbir görülənədək tələb olunmadığını, qeyd olunan nöqsanla bağlı aidiyyəti üzrə cavabdeh işçilər barədə müvafiq tədbirlər də görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən, ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 7327,80 manat borc silinsin. Ödənilməmiş 30 manat Dövlət rüsumu Cavabdeh X1 gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar