Məhkəmə qərarları › İş №e-2-2(117)-268/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-268/2022

21.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-268/2022 21.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədova Zərifə Faiq qızının katibliyi, İddiaçı ASC-nin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən, iddaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəkilmiş 1,5 metr hündürlüyündə olan dəmir hasarın (tikilinin) sökülməsi, o cümlədən mülkiyyətdən istifadəyə yönələn qeyri-qanuni maneələrin aradan qaldırılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı ərizə ilə müraciət edərək “cavabdeh tərəfindən, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəkilmiş 1,5 m hündürlüyündə olan dəmir hasarın (tikilinin) sökülməsi, o cümlədən mülkiyyətdən istifadəyə yönələn qeyri-qanuni maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat həmin tarixdə təzələnmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ünvalayaraq bildirir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onlara məxsus ərazidə yerləşir. Əgər giriş-çıxış hissəsinin qarşısına hər hansı hasarın, tikilinin çəkilməsini və giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı maneələrin yaradılması cavabdehə qadağan olunarsa, cavabdeh öz mülkiyyətindən istifadə edə bilməyəcək. Bu isə mülkiyyət hüquqlarının pozulması deməkdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə eyni tarixdə vəsatət ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin elekton kabinetinə göndərilmədiyini əsas gətirərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının giriş-çıxış hissələrinin qarşısının bir metr məsafəliyində cavabdeh dəmirdən hasar çəkdirərək, iddiaçının qeyri-yaşayış binasından istifadə hüquqlarını tamamilə məhdudlaşdırmış və qeyri-yaşayış binasına birbaşa giriş və çıxış üçün zəruri imkanları iddiaçının əlindən zorla alınmışdır. Məhkəmə tərəfindən təyin olunmuş mütəxəssis rəyinin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, həmin qeyriyaşayış binası iddiaçıya məxsusdur. İddiaçı tərəfindən edilən bütün zəruri hərəkətlərə baxmayaraq, cavabdeh iddiaçıya məxsus giriş-çıxış binasının qarşısına 1,5 m hündürlüyündə dəmir hasar çəkmişdir. Mübahisənin həlli iə bağlı Mediasiya Şurasına rəsmi müraciət edilmiş, lakin cavabdeh tərəf öz hərəkətlərindən əl çəkməmiş, mübahisənin razılıq yolu ilə həll edilməsinə şərait yaratmamışdır. Nəticədə iddiaçıya son bir ay ərzində 1100 manat ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat veməmişdir. Belə ki, cavabdeh hüquqi şəxsin “Elektron Məhkəmə”İnformasiya sistemində elektron kabineti mövcuddur, cavabdehin nümayəndəsi bütün yazışmalardan və məhkəmə iclaslarından məlumatlıdır, hətta həmin elektron kabinet vasitəsilə məhkəməyə etiraz və vəsatət təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. **********07-06301 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyri yaşayış binasına İddiaçı ASC-nin tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyində məhkəmə qərardadı ilə qarşısında qoyulmuş suallara cavab verərək qeyd edir ki: 1.“ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyri-yaşayış binasının cənub və qərb tərəfində dəmir hasar çəkilmişdir. 2.Qeyri-yaşayış binasının ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün deyildir. Hasar çəkilən yer (qərb hissədə 1-dən 2-yə yerquruluşu planında göstərilmiş) “Yevlax-Məişət ASC-nin mülkiyyətinə **********07-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyri-yaşayış binasının ərazisində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3818 nömrəli rəyində məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulmuş suallara cavab verilərək qeyd edir ki:

1. Yevlax-Məişət” ASC tərəfindən, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyriyaşayış sahəsinin cənub və qərb tərəfindən dəmir hasar çəkilmişdir.

2. Qeyri-yaşayış binasını ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün deyildir. Hasar çəkilən yer İddiaçı ASC-nin mülkiyyətində **********7-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyri-yaşayış binasının ərazisində yerləşir.

3. Həmin dəmir hasar qeyri-yaşayış binasının giriş-çıxış qapılarının qarşısında quraşdırıldığından dəmir hasarın çəkilməsi mövcud tikinti norma və qaydalarına uyğun olmadığı və çəkilən dəmir hasarların binanın giriş-çıxışına mane olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara DƏDRX-dən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə cavabdehin vəsatətinə münasibətdə bildirir ki, cavabdeh iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən onların elekton kabinetinə göndərilmədiyini əsas gətirərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Lakin iş materiallarının 17-ci səhifəsindən görünür ki, iddia ərizəsi və müvafiq pretenziya xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Eyni zamanda, cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində elektron kabineti mövcuddur və həmin şəxsin özü ilə bağlı bütün işləri, həmin işlər üzrə bütün prosessual hərəkətləri və sənədləri izləmək, onlardan çıxarışlar etmək imkanı mövcud olmuşdur. Odur ki, vəsatət məhkəmə tərəfindən təmin edilmir və əsassız hesab edilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1, 20.İİİ.1952 (Protokol 1 saylı Protokol da adlandırılır) 1-ci bəndə əsasən mülkiyyətin müdafiəsi hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyri-yaşayış binasına İddiaçı ASC-nin tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və İddiaçı ASC-nin faktiki istifadəsindədir. İş üzrə müəyyən edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, cavabdeh tərəfindən, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış sahəsinin cənub və qərb tərəfindən dəmir hasa çəkilmişdir. Qeyri-yaşayış binasını ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün deyildir. Hasar çəkilən yer İddiaçı ASC-nin mülkiyyətində **********7-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyri-yaşayış binasının ərazisində yerləşir. Həmin dəmir hasar qeyri-yaşayış binasının giriş-çıxış qapılarının qarşısında quraşdırıldığından dəmir hasarın çəkilməsi mövcud tikinti norma və qaydalarına uyğun olmadığı və çəkilən dəmir hasarların binanın giriş-çıxışına mane olduğu müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq ediməli olan qanunvericiliyin tələblərini nəzərdən keçirib müəyyən edir ki, qeyri-yaşayış binası iddiaçıya qanuni əsaslarla verilib və həmin qeyri-yaşayış binası üzərindəki hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh təqdim etdiyi iddia tələbinə etiraz ərizəsində mübahisəli qeyriyaşayış binasının iddiaçıya məxsus olmadığını və onun qanunsuz sahiblik etməsini bildirməsi ilə iddiaçıya məxsus tikilinin ətrafına dəmir hasarın məhz cavabdeh tərəfindən çəkilməsini və onun tərəfindən iddiaçının həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışına mane törədildiyini etiraf etmiş olur. Cavabdeh həmin hasarın çəkildiyi torpaq sahəsinin cavabdehin mülkiyyətinə və ya icarəsinə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi bir tərəfə, həmin hasarın tikilməsinin qanunsuz inşa edilməsini və iddiaçının həmin qeyri-yaşayış sahəsinə giriş çıxışına maneə törətməsini məhz öz etiraz ərizəsi ilə dolayı yolla təsdiq etmişdir. Belə ki, məhkəmə cavabdehin qeyd edilən tikntinin özünə məxsus ərazidə apardığı ehtimal edilsə belə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən (60-cı maddəsi, 69-cu maddəsi) hər hansı bir yaşayış və qeyri-yaşayış binasının inşa edilməsi üçün nəzərdə tutulan tikinti normaları (yanğın təhlükəzsizliyi, ara məsafəsi normaları və digər) mövcuddur ki, bu tələblərə riayət edilməsi müəyyən deyildir, ümumiyyətlə bununla bağlı hər hansı bir rəsmi icazə, qərar və ya digər akt qəbul edilməmişdir. Qeyd edilən Məcəllənin və həmin qanunvericilik əsasında qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlarda qeyri-yaşayış sahəsinin tikintisi üçün layihələndirməsi, ərazinin planlaşdırılması, sanitar-texniki, yanğın təhlükəsizliyi və digər tikinti normaları nəzərdə tutulmuşdur ki, hazırkı halda cavabdeh bu tələblərə əməl etməmiş, bununla bağlı hər hansı bir arqument irəli sürməmiş və bununla bağl hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini və cavabdehin etirazını əsaslandıran işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmənin yalnız pozulmuş hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının hüquqlarını dövlət tanıdığından və cavabdehin mübahisəli qeyriyaşayış binası ilə hərəkətləri qanunsuz olduğundan iddiaçının tələbi ümumilikdə haqlı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən Cavabdeh ASC-dən 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının məhkəmə orqanlarına müraciət etməsi və keçən müddət ərzində özünə məxsus qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsi nəticəsində ehtimal edilən maddi ziyana düşməsini nəzərə alaraq aparılmış ekspertizanın dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəkilmiş 1,5 m hündürlüyündə olan dəmir hasar (tikili) sökülsün, iddiaçının mülkiyyətdən istifadəyə cavabdeh tərəfindən yönələn qeyri-qanuni maneələr aradan qaldırılsın. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar