Məhkəmə qərarları › İş №e-2-2(117)-274/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-274/2021

21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-274/2021 21.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Balakən İstehsal-İstehlak Kooperativinin cavabdehlər X1 Mərkəzinə, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon İcra və Probasiya şöbəsinə, X2 qarşı “xx.xx.2011-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və cavabdeh X3 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Balakən İstehsal-İstehlak Kooperativi cavabdehlər X1 Mərkəzinə, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon İcra və Probasiya şöbəsinə, X2 qarşı “xx.xx.2011-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqısatqısına dair müqavilənin və cavabdeh X3 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən şəhəri, S.Gözəlov küçəsində 34/6 ünvanında yerləşən mağaza Balakən İstehsal-İstehlak Kooperativinin balansında olmuşdur. Lakin sonradan icra məmuru tərəfindən aldadılaraq saxta sənədlərə qol çəkdirilməklə həmin mağaza başqa şəxsə satılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, həm subyektiv tərkibinə, həm də mübahisənin xarakterinə görə iqtisadi xarakterli mübahisə olmadığından, qeyd olunan iddia tələbinə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. Belə ki, iddia tələbinin “xx.xx.2011-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işlərə baxılmasının məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisə tərəflərin yalnız birinin deyil, ən azı iki qarşı tərəfin və ya ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməsi meyarı nəzərə alınmalıdır. Hazırki işdə tərəflər hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olsa belə hərrac iddiaçının və digər tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə yanaşı, işdə iştirak edən şəxslərin subyektiv tərkibini də nəzərə almalıdır. Hazırki işdə aidiyyətlə bağlı məsələnin həlli üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti əhəmiyyət kəsb etidiyindən məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası MPM-nin 25.1 və 25.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxırlar. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şəxs hüquqi şəxs statusuna və yaxud da hüquqi şəxs yaratmadan fərdi sahibkar statusu əldə edən fiziki şəxs statusuna malik olmalıdır. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və cavabdeh X3 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən məsələlərə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyi Şəki Kommersiya Məhkəməsinin mübahisələndirilməsi üzrə (e-2-2(117)-555/2020 nömrəli iş üzrə) Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-2(102)-407/2020 nömrəli qərardadında da bildirilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Hazırkı tələbdə isə belə hal olmadığından iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 3-cü bəndinə əsasən iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Balakən İstehsal-İstehlak Kooperativinin cavabdehlər X1 Mərkəzinə, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon İcra və Probasiya şöbəsinə, X2 qarşı “xx.xx.2011-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqısatqısına dair müqavilənin və cavabdeh X3 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş məhkəmənin icraatına qəbul edilsin və məhkəmə aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar