Məhkəmə qərarları › İş №e-2-2(117)-318/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-318/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-318/2020 15.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Göyçay şəhəri Mirzəhüseynli küçəsində yerləşən cavabdehə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2018-ci il tarixdə AXX-1\3550 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1000 manat ödəniş edilsə də, hazırda xx.xx.2020-ci il tarixə borcun artaraq 14338,80 manat olduğunu bildirmiş və təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı“ X1 X2 İdarəsinin xidməti ərazisində Göyçay şəhəri Mirzəhüseynli küçəsində yerləşən cavabdeh müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəmədiyindən qaz hesabında debitor borc yaranmış, yaranmış borc bu günədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına pretenziya göndərilsə və həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də keçən dövr ərzində qarşı tərəfdən heç bir ödəniş edilməmişdir. Tələb olunan borc ödənilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə teleqramla müraciət edərək Şəki şəhərinə girişçıxışın bağlı olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Şəki şəhərinə giriş-çıxışın qadağan edilməsi məhkəmə iclasına çağırılan proses iştirakçılarına aid edilmədiyindən (məhkəmə bildirişini göstərməklə məhkəmə iclasına gəlmək və getmək mümkündür) məhkəmə cavabdehin teleqramda qeyd etdiyi səbəbləri üzrsüz hesab edərək Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentlərin saldoları, pretenziya məktubu, Qaz sayğacının yoxlanması haqqında akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında Göyçay şəhəri Mirzəhüseynli küçəsində yerləşən cavabdehə təbii qazın verilməsi ilə bağlı qazın alqısatqısına dair xx.xx.2018-ci il tarixdə AXX-1\3550 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirərək abonenti qaz ilə təhciz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən cavabdehin müqavilə öhdəlikləri üzrə borcu yaranmışdır. Belə ki, abonentin saldosu ilə müəyyən edilir ki, cavabdehin ödənilməmiş 14338,80 manat debitor borcu qalmışdır. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə cavabdehin müəssisəyə məxsus qaz sayğacının sərfiyyatının düzgünlüyünün yoxlanması barədə etiraz dəlilinə münasibətdə qeyd edir ki, qaz sayğacının sərfiyyatının düzgünlüyünün yoxlanması məqsədilə sayğac laboratoriyaya göndərilmiş və məhkəməyə təqdim edilmiş Qaz sayğacının yoxlanması haqqında xx.xx.2020-ci il tarixli Aktla müəyyən edilmişdir ki, sayğacın mexaniki hissəsi işləkdir, sızma yoxdur, temperatur və təyziq çeviriciləri normaldır, yoxlama zamanı verilən impulslar qeydə alınmışdır və impuls ötürücüsü işləyir. Minimal sərfiyyatda xəta normaya uyğun deyil, batareya tələb olunur. Göründüyü kimi, sayğacın sərfiyyat göstəricisi normaldır və həmin sərfiyyat əsasında da hazırki borc məbləği hesablanmışdır. Şərh oolunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilərək 14338,80 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar