Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-372/2020 11.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” ASC-nin “xx.xx.2020-ci il tarixli 000333 nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2208,42 manat məbləğində debitor borcun ləğv edilməsi, elektrik enerjisinin bərpa edilməsi və cavabdehin hesabına yeni sayğac quraşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı “xx.xx.2020-ci il tarixli 000333 nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2208,42 manat məbləğində debitor borcun ləğv edilməsi, elektrik enerjisinin bərpa edilməsi və cavabdehin hesabına yeni sayğac quraşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsində cavabdeh göstərilməmiş, iddia tələbi hüquqi varis “xxxxxxxx” ASC-yə yönəlmişdir ki, sonuncu hüquqi varis deyil, iddia tələbinə cavab verən hüquqi şəxs olmaqla iddia ərizəsində cavabdeh kimi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair mötəbər sübutları iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh “xxxxxxxx” ASC-yə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bunlardan başqa məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılır ki, mübahisə predmeti olan aktla məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi mübahisə predmeti olan akt iddiaçının hüquqlarına müdaxilə etməyərək onun hüquqlarına da müdaxilər etmir. Bu səbəbdən də iddia tələbi həmin akt əsasında hesablanmış borcun silinməsindən ibarət olmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” ASC-nin “xx.xx.2020-ci il tarixli 000333 nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2208,42 manat məbləğində debitor borcun ləğv edilməsi, elektrik enerjisinin bərpa edilməsi və cavabdehin hesabına yeni sayğac quraşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-372/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-372/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver