Məhkəmə qərarları › İş №e-2-2(117)-418/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-418/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-418/2020 29.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, X2 Cavabdehnə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli təbii X3 pozulması haqqında akt əsasında hesablanmış və qeyri-yaşayış sahəsinin **********0000 nömrəli qaz hesabında adına əsassız qeydə alınmış 864 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) Ervin Umarov istifadəsində olan, Qax rayonu N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsində (Nərgiz kafesi) quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent Ervin Umarov dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ********* saylı vergi ödəyicisi kimi qeydiyyata durmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qax rayonu N.Nərimanov küçəsində yerləşən qeyri yaşayış sahəsi (Nərgiz kafesi) öz vəsaitim hesabına texniki şərt əsasında layihə sənədləri hazırlanmış, alqı-satqı müqaviləsi bağlanılaraq kafeyə təbii qaz verilmişdir. Qeyri yaşayış sahəsinin fəaliyyət göstərdiyi qaz idarəsinin nümayəndəsi hər ay sayğaca baxış keçirmiş, sayğac göstəricisi qeydiyyata alaraq bildiriş vermişdir. Sayğacda hansısa qüsur olmamışdır. Təqdim edilən bildirişlər əsasında hər ay pul ödəmişdir. 2019-cu ilin oktyabr ayında X9 İdarəsinin əməkdaşları ******* saylı akt əsasında qeyri-yaşayış sahəsində istismarda olan ******* saylı sayğacı dövlət yoxlamasına aparmaq məqsədilə götürmüş, əvəzində başqa sayğac quraşdırmışdırlar. Açılan sayğac heç bir şəkildə qablaşdırılmadan və bununla bağlı müvafiq qeydlər akta edilmədən aparılmışdır. Bir müddət sonra isə X6 İstismar İdarəsinin əməkdaşları qeyri-yaşayış sahəsinə gələrək bildirmişlər ki, 2019-cu ilin oktyabrında açılan sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Bununla bağlı xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edərək getdilər. Nəzərə alınsa ki, deyilən qüsurlar vizual görünən qüsurlardır, halbuki ******* saylı aktda bu barədə heç bir qeydiyyat aparılmamış, sayğac xüsusi plomblanmış qutuya qoyularaq yoxlamaya göndərilməmiş, dövlət yoxlamasında onun iştirakı təmin edilməyib. Həmçinin necə ola bilər ki sayğacın plomblarına toxunulmadan onun içərisi deşilsin. Bu müddətlərdə sayğacın başına nə iş gəlibsə onun məlumatının olması mümkün deyildir, çünki sayğac veriləndə qüsursuz olmuş, cavabdehdə olarkən qüsurlar ortaya çıxmışdır. Daha sonra məlum oldu ki, qeyri yaşayış sahəsinin qaz hesabında 4320 kub.m sərfiyyat və ya onun pul dəyəri olan 864 manat əssasız borc qeydə alınmışdır. Sahibliyindəki qeyri-yaşayış sahəsində sayğaca hər hansı təziq edilməmiş və kənarlaşmaya yol verilməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə etirazla məhkəmə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, fiziki şəxs X5 məxsus qeyri-yaşayış sahəsinin (xidmət) **********00000 saylı qaz hesabında xx.xx.2020-ci il tarixə 891 manat borc vardır, həmin borcun 27 manat hissəsi hazırda istismarda olan qaz sayğacının göstəricisinə əsasən və 864 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissə də olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh” İB-nin mütəxəssisləri tərəfindən fiziki şəxs X5 məxsus qeyri-yaşayış sahəsində istismara verilmiş G-4T markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasından keçirilməsi üçün ünvanından xx.xx.2019-cu il tarixdə açılmış və yerində əvəzedici sayğac quraşdırımışdır. Sözügedən sayğac xx.xx.2020-ci il tarixdə X1 müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğaca baxış zamanı onun çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-00088- 133 saylı akt tərtib edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii X3 pozulması haqqında xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Zaqatala RQİİ-nin dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 və ya onun pul dəyəri olan 864 manat həcmində müəyyən edilmiş və hazırkı iddiaçıdan tələb olunmuşdur. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Bundan başqa hazırkı mübahisədə diqqət yetirilməli olan digər bir məqam mübahisənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun təsir dairəsinə düşməsinin müəyyənləşdirilməsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə və “Qazdan istisfadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda və “Qazdan istisfadə Qaydaları”nda qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları) kimi izah olunur. Qaz quğusu iki kateqoriyadan məişət və sənaye qaz qurğularından ibarətdi. Məişət qaz qurğusu dedikdə ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, Sənaye qaz qurğusu dedikdə isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür. Göründüyü kim istismarda olan qaz sayğacı qaz qurğuları kateqoriyasına aid deyil və ayrıca anlayış kimi qəbul edilir. Bundan əlavə dəymiş zərərin hesablanmasına gəldikdə isə tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 3.3-cu bəndinə əsasən, istehlakçılar tərəfindən təbii X3 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeydşərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasının tələb etməsini nəzərə alıb Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Qazın alqı-satqı müqaviləsi, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X3” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X3” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs kimi sahibkar Ervin Umarovun istifadəsində olan, Qax rayonu N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilmiş və Ervin Umarova dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X3” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırkı iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının plasmas qapağının daxili qulaqcıqlarında cızıq izlərinin olması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 864 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən, ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 xx.xx.2020-ci il tarixli ******* nömrəli təbii X3 pozulması haqqında akt əsasında hesablanmış və qeyri-yaşayış sahəsinin **********0000 nömrəli qaz hesabında adına əsassız qeydə alınmış 864 manat borc silinsin. Ödənilməmiş 30 manat Dövlət rüsumu Cavabdehndən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar