Məhkəmə qərarları › İş №e-2-2(117)-54/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-54/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-54/2021 23.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin etibarnamə üzrə nümayəndələri Nümayəndə3 və Nümayəndə2, Cavabdeh “xxxx” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin (bundan sonra mətndə iddiaçı və ya müəssisənin tam adı) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh və ya müəssisənin tam adı) qarşı “xxxx ASC-nin X2 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 10092,51 manat məbləğində borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə (xx.xx.2021-ci il tarixli ərizə ilə iddia tələbinin həcmini azaltmaqla) məhkəməyə müraciət edərək “əsassız olaraq hesablanmış 10092,51 manat məbləğində borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə2 məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ASC-nin X2 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin elektrik təchizatının təmin edildiyi, sayğacın yerləşdiyi ünvana xx xxxx 2020-ci il tarixdə abonent olaraq onlara məlumat verilmədən və hər hansı nümayəndələrinin iştirakı olmadan, bir tərəfli qaydada NDQ N; 007503 saylı akt tərtib edilməklə 10092,51 manat məbləğində əsassız borc hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, Şəki rayon Mərkəzi Xəstəxanası “xxxx” ASC-nin enerji satış bazasında **********03033 (**********0) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixində “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşları A.Məmmədov, E.Yusifov və E.Əsgərov tərəfindən Şəki şəhəri, Z.Əliyeva küçəsi 177-də yerləşən “Şəki rayon Mərkəzi Xəstəxanasının sayğac uçot dəstinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı Mərkəzi Xəstəxanaya məxsus 10 kv-lıq yuvada gərginlik transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu aşkar edilmişdir. Kompüter vasitəsi ilə sayğacın yaddaşı oxunmuş və məlum olmuşdur ki, xx.xx.2020-ci tarixindən, xx.xx.2020-ci il tarixinə və xx.xx.2020-ci il tarixindən, xx.xx.2020ci il tarixinə kimi gərginlik açılmaları var və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, NDQ007503 saylı akt tərtib olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: NDQ N; 007503 saylı akt, xx.xx.2020-ci il tarixli “xxxx” ASC-nin AKT komissiyasının icra vərəqi, texniki şərt və ona aid sənədlər, elektron qaimələr, elektrik enerjisinin alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə, abunə sənədi, elektrik təchizatını həyata keçirən Çeşməli və SAS stansiyalarında iddiaçıya məxsus sayğacla bağlı çəkilmiş fotolar, xx.xx.2021-ci il tarixli 21/098 nömrəli xidməti məlumat və digər sənədlər daxildir. Bu materiallara məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin faktiki halları və tərəflərin nümayəndələrinin izahatlarından məlum olur ki, iddiaçının elektrik enerjisi ilə təchiz edilməsi iki enerji xətti vasitəsilə (35/10 kV-luq “SAS” xətti və 35/10 kv-luq Çeşməli yarımstansiyası) həyata keçirilir. Qeyd edilən hər iki xətlə elektrik enerjisi verilmədikdə iddiaçıya məxsus generatorlar vasitəsilə Şəki Rayon Mərkəzi Xəstəxanasının elektrik təchizatı təmin edilir. Texniki şərtlə bağlı sənədlərdən görünür ki, qeyd edilən Çeşməli yarımstansiyası ilə iddiaçıya məxsus xəstəxana binası arasında məsafə 4,5 km, SAS stansiyası ilə olan məsafə 1,2 km təşkil edir. İddiaçıya məxsus sayğaclar müvafiq olaraq həmin stansiyaların ərazisində xxxx ASC-nin X5 tərəfindən mühafizə olunan ərazidə yerləşir. Həmin stansiyaların ərazisinə yalnız əvvəlcədən məlumat verməklə X3 nümayəndəsinin iştirakı ilə daxil olmaq mümkündür. Cavabdehin nümayəndəsi təqdim etdiyi sübutlarla, həmçinin tərəflərin nümayəndələrinin izahatlarında həmin əraziyə elektrik stansiyasının əməkdaşlarının iştirakı və icazəsi olmadan girişin qadağan olduğunu etiraf edirlər. Tərəflər həmçinin iddiaçı tərəfindən təqdim edilən fotoların real olduğunu, iddiaçıya xidmət edən elektrik stansiyaları və orada yerləşən sayğacın xüsusi mühafizə altında olduğunu bir daha təsdiq etdilər. Eyni zamanda, X3 xx.xx.2021-ci il tarixli 21/098 nömrəli məktubundan da müəyyən edilir ki, iddiaçıya məxsus sayğacın yerləşdiyi yarımstansiyalar X3 balansındadır, yarımstansiyaya özbaşına giriş qeyri-qanunidir və ora yalnız X3 əməkdaşları ilə birlikdə daxil olmaq mümkündür. Tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən xx.xx.2012-ci il tarixli AKT-da balans mənsubiyyəti sərhədinin 100 çarpayılıq yeni xəstəxananın enerji təchizatı üçün 35/10 kv-luq “SAS” və 35/10 kv-luq “Çeşməli” yarımstansiyasında quraşdırılmış 10 kv-luq yuvaların həmin yarımstansiyadakı 10 kv-luq şin sisteminə birləşdiyi sıxaclarda müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 5.3.2-ci bəndinin sonuncu cümləsində qeyd edilir ki, yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutlardan müəyyən etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli 1116 nömrəli məktubla Şəki “ASAN Xidmət” vasitəsilə cavabdehə Şəki Mərkəzi rayon X4 şəxsə xidmət edən “Çeşməli” və “SAS” yarımstansiyalarında quraşdırılmış sayğac sistemində nasazlığın baş verməsi barədə məlumat vermiş, Koronovirus pandemiyası ilə əlaqədar Xəstəxananın xüsusi karantin rejimində fəaliyyət göstərməsini nəzərə alıb müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçı tərəf elektrik təminatı hər iki yarımstansiyada onu təmin edən sayğac sistemində nasazlığın olması enerji təchizatında fasilələrin olması barədə cavabdehə məlumat vermiş, iddiaçının nümayəndəsinin öz iradəsinə uyğun daxil ola bilmədiyi xüsusi mühafizə olunan yarımstansiyaya xx.xx.2020-ci il tarixdə daxil olaraq “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşları A.Məmmədov, E.Yusifov və E.Əsgərov tərəfindən Şəki şəhəri, Z.Əliyeva küçəsi 177-də yerləşən “Şəki rayon Mərkəzi Xəstəxanasının sayğac uçot dəstinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı Mərkəzi Xəstəxanaya məxsus 10 kv-luq yuvada gərginlik transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu aşkar edilmişdir. Kompüter vasitəsi ilə sayğacın yaddaşı oxunmuş və məlum olmuşdur ki, xx.xx.2020-ci tarixindən, xx.xx.2020-ci il tarixinə və xx.xx.2020-ci il tarixindən, xx.xx.2020-ci il tarixinə kimi gərginlik açılmaları var və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməmişdir. Həmin baxış keçirilərkən iddiaçının nümayəndələrinin iştirakını təmin etməmişlər. Nəticədə xx.xx.2020-ci il tarixli AKT Komissiyasının icra vərəqi ilə 10092,51 manat borc hesablanmışdır. Qeyd edilməlidir ki, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi mümkün deyil, belə ki, həmin ərazi xüsusi mühafizə altındadır, həmin əraziyə xüsusi icazə ilə yalnız cavabdehin yerli nümayəndəsi ilə birlikdə daxil olmaq mümkündür. İddiaçının xx.xx.2020-ci il tarixli aktda qeyd edilən “transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu, xx.xx.2020-ci tarixindən xx.xx.2020-ci il tarixinə və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gərginlik açılmalarının olmasının və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməməsinin iddiaçının təqsiri üzündən baş verməsi qeyri-mümkündür. İddiaçının balans mənsubiyyəti sərhədi həmin yarımstansiyalarda elektrik xəttinə qoşulma sıxacları olsa da, qeyd edilən sayğaclar və həmin sıxaclar yarımstansiya ərazisində yerləşir, iddiaçının həmin əraziyə daxil olması yalnız cavabdehin yerli nümayəndələrinin iştirakı ilə mümkün ola bilər və bu daxil olma yalnız sayğac göstəricisini qeyd etməklə kifayətlənir. Bu halları cavabdehin təqdim etdiyi sübutlar, fotolar və cavabdehin nümayəndəsi təsdiq edir. Bütün bunlar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya müvafiq itirilmiş enerjinin dəyərinin hesablanması ilə bağlı fəaliyyətinin qanunsuzluğunu təsdiq edir. İddiaçının məsuliyyəti o halda ola bilərdi ki, həmin sayğaclar və birləşmə sıxacları iddiaçının balansında olsun, balans mənsubiyyəti sərhədinə, həmçinin həmin əraziyə tam nəzarət etmək imkanı olsun və baş vermiş pozuntu onun təqsiri üzündən baş vermiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı olduğundan xxxx ASC tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə xx.xx.2020-ci il tarixli 007503 nömrəli akt əsasında hesablanmış 10092,51 (on min doxsan iki manat əlli bir qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumundan azad edildiyindən, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. xxxx ASC tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə xx.xx.2020-ci il tarixli 007503 nömrəli akt əsasında hesablanmış 10092,51 (on min doxsan iki manat əlli bir qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar