Məhkəmə qərarları › İş №e-2-2(117)-700/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-700/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-700/2025 08.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Səmədov Rüfət Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 002660 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 1056.72 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 002660 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 1056.72 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 tərəfindən təqdim olunmuş bildiriş üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmişdir. Lakin Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə 00002660 saylı akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, abonentlə aparılan qarşılıqlı hesablaşma 1 kvts üşün elektrik enerjisinə görə hesabat 11 qəpik hesablanmalı olduğu halda kompüter məlumat bazasında 10 qəpiklə aparılmışdır. Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 14 saylı qərarına 2021-ci ilin noyabr ayından obyektin fəaliyyət növünə uyğun olaraq qarşılıqlı hesabat 1 kvts üçün elektrik enerjisinə görə hesabatı 11 qəpiklə aparılmalıdır. Aktı tərtib etdikdən xeyli aylar sonra cavabdehin əməkdaşları gələrək heç bir rəsmi xəbərdarlıq təqdim etmədən borcu ödəməyini tələb etmişlər. Tərtib edilən aktda hər hansı bir borc hesablanması qeyd olunmamış, həmçinin akt əsasında hansı qərar qəbul edilməsindən xəbərləri olmamışdır. Buna baxmayaraq elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Ona görə də hüquqlarının məhkəmədə müdafiəsi üçün hazırkı tələblə müraciət etmişdir. Cavabdeh tərəfindən səhv hesablanan enerjinin dəyəri ən yaxşı halda 1 ay əvvəlki dövr üçün tələb edilə bilər. Hazırkı akta əsasən 1.056,72 manat əsassız borc hesablanmışdır. Cavabdehin əməkdaşlarının tərtib etdiyi qanunsuz akta əsasən ondan tələb edilən borcun heç bir hüquqi əsası yoxdur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları H.Kazımov ve A.Ömərov tərəfindən Şəki rayonu Qırxbulaq kəndində yerləşən və "xxxx" ASC-nin enerji satış bazasında **********8 saylı abunə kodu ilə İddiaçı adına qeydiyyatda olan sayğac uçot dəstinə iddiaçının iştirakı ilə "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun olaraq baxış keçirilmişdir. Faktiki olaraq obyekt ticarət və xidmət sahəsi kimi (tikinti materiallarının satışı və kafe) fəaliyyət göstərir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.1 7-ci bəndinin tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Həmin akta əsasən, "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə 0.11 manatla 7300 kvts, dəyəri 803 manat məbləğində itirilmiş enerjinin hesabatı aparılmışdır. İddiaçı iddia tələbində silinəcək məbləği 1056.72 manat göstərmişdir. Lakin iddiaçıya qeyd olunan akt əsasında 803 manat hesabat aparılmış, yerdə qalan 253.72 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Belə ki, qeyd edilən akt “EEİQ”nin tələblərinə uyğun olaraq tərtib edilmişdir. İddia tələbi əsassız olduğundan tamamilə rədd olunması xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 002660 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirən zaman məlum oldu ki, abonentlə qarşılıqlı hesablaşma 1 kvts elektrik enerjisinə görə hesabat 11 qəpiklə aparılmalı olduğu halda kompyuter məlumat bazasında 1 kvts elektrik enerjsinə görə hesabat 10 qəpiklə aparılmışdır. Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli qəbul etdiyi 14 saylı qərara əsasən 2021-ci ilin noyabr ayından obyektin fəaliyyət növünə uyğun olaraq qarşılıqlı hesabat 1 kvts üçün dəyəri 11 qəpiklə aparılmalıdır. Həmin akt Azərişıq ASC-nin nümayəndələri tərəfindən imzalanmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin Akt komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixli 00002660 saylı akta əsasən 803 manat borc hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, xx.xx.2024-cü il tarixində 00002660 saylı akta əsasən 803 manat borc abunə koduna vurulmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etdiyini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, etiraz, abonent saldosu, bildiriş xəbərdarlıq, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin iddiaçının adına mübahisə predmeti olan aktın tarixi ilə üst-üstə düşmüş hər hansı bir yoxlama qeydə alınmamışdır. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. Qeyd edilən Qanunun tələblərindən müəyyən edilir ki, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamaların aparılması mümkündür. Belə ki, göründüyü kimi cavabdeh qeyd edilən yoxlamanın aparılmasının qeydə alınması ilə bağlı hər hansısa sübut təqdim etməmiş və aktın tərtib etdiyi halla bağlı yoxlama aparılması qeyd edilən qanunda nəzərdə tutulmamışdır. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfinən aparılmış yoxlama sahibkarlıq subyektlərində yoxlamanın aparılması qaydalarına uyğun olmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının: 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarından göründüyü kimi "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 00002660 saylı aktla obyektin fəaliyyət növünə uyğun olaraq 2021-ci ilin noyabr ayından enerjinin dəyəri 1 kvts üçün 11 qəpiklə aparılmalı olduğundan akt tərtib edilmiş və bu əsasla 803 manat borc hesablanaraq abunə koduna əlavə edilmişdir. Lakin qanunvericiliyin tələbindən də göründüyü kimi qeyd edilən borc əsassız olaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bildiriş xəbərdarlıqlardan, ödəniş qəbzlərindən də göründüyü kimi iddiaçı tərəfindən müvafiq dövr üçün hesablanmış olan borclar bildiriş gəldkdən sonra müvafiq olaraq ödənilmişdir. Həmin bildirişlərdə borclar 1 kvt elektrik enerjisi üçün 0,10 manat hesablanmışdır. Cavabdeh tərəf isə həmin dövrlərdə təqdim etdiyi xəbərdarlıqlarla cari borcu 0.10 manatla hesablayaraq sonradan onun tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini istehlakçı tərəfindən ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Eyni zamanda iddiaçı tərəf xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 1056.72 manat borcun silinməsini tələb etsə də, iş materiallarından da göründüyü kimi həmin akt əsasında 803 manat borc hesablandığından iddia bu hissədə təmin edilməlidir. Həmçinin, iddiaçı tələbində xx.xx.2024-cü il tarixli 00002660 saylı aktın ləğv edilməsini tələb etməsi əsaslı deyil, belə ki, qeyd edilən akt inzibati akt və ya qərar deyil, həmçinin həmin aktın məcburi xarakter daşıyan göstərişi olmadığından hazırkı iş üzrə sübut olaraq qiymətləndirilə bilər. Göründüyü kimi iddia tələbinin qeyd edilən hissəsi qanuni və əsaslı tələb deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış 803 manat pul İddiaçı abonent hesabından silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı **********61852 nömrəli abonent kodundan cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 002660 saylı aktla əsassız hesablanmış 803 manat pul İddiaçı hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar