Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-748/2022 02.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı “Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə abunəçi onlara ona ******* nömrəli akt əsasında hesablanmış 242 manat borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə abunəçi onlara ona ******* nömrəli akt əsasında hesablanmış 242 manat borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, elektron qaydada verilən iddia ərizəsində cavabdeh qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə pretenziya məktubunun və elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə sənədlər əlavə edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı qeyd edilən normaların tələblərinə riayət etmədən pretenziya məktubunu və iddia ərizəsinin surətini cavabdehə elektron qaydada göndərməmişdir. İddiaçının qeyd edilən sənədləri yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq elektron qaydada cavabdehə göndərməsi zəruridir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yalnız 20 manat mediasiya xərci ödənilmiş və dövlət rüsumundan azad şəxslərin kateqoriyasına daxil olduğunu qeyd etmişdir. Qanunvericiliyin tələbinə görə iddiaçı yalnız mediasiya xərci ödədiyi məbləğ hissəsində dövlət rüsumunu ödəməkdən azad edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun: 8.1.1-cimaddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.5-ci maddəsində istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad olduğu qeyd edilmişdir. Lakin burada istehlakçı qismində sahibkar olmayan şəxsi tələbatını ödəyən (özünə məxsus evdə şəxsi təlabatını təbii qazla ödəyən şəxs iddia qaldırarsa rüsumdan azad edilir) fiziki şəxslər nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə isə iddiaçı sahibkardır, gəlir əldə edir və burda şəxsi tələbatdan söhbət getmir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı tərəfindən ödənilməli olan 30 manat dövlət rüsumunun 20 manat hissəsi mediasiya xərci qismində ödənildiyindən, qalan 10 manat dövlət rüsumu ödənilməli, pretenziya məktubu və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydada cavabdehə göndərilməlidir. Bundan sonra elektron qaydada verilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilərək cavabdeh şəxs barədə qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar elektron ərizədə qeyd edildikdən sonra məhkəməyə yenidən müraciət edilə bilər. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır (MPM 159.1). Bu səbəbdən də müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə iş materialları ilə bir yerdə deyil, ayrıca icraatda məhkəməyə təqdim olunmalıdır. Bunun üçün "Elektron Məhkəmə" İnformasiya Sistemində ayrıca bölmə "MTT" vardır. Həmin bölmə üzərindən bu xarakterli ərizələrin göndərilməsi mümkündür. Həmçinin müvəqqəti təminat tədbiri haqqında ərizə ilə ayrıca icraat qaydasında müraciət edərkən ən azı 10 manat dövlət rüsumu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə abunəçi onlara ona ******* nömrəli akt əsasında hesablanmış 242 manat borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-748/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-748/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver