Məhkəmə qərarları › İş №e-2-2(117)-749/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-749/2025

04.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-749/2025 04.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması” tələbinə dair mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə girişçıxış yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin vergi məlumatları üzrə çıxarışdan vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən olunur. Digər şərtin, yəni hüquq münasibətlərinin xarakterinin yoxlanılmasına gəldikdə isə mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığı öz təsdiqini tapır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti dedikdə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Tərəflərin birlikdə gördüyü işi yuxarıda qeyd edilən maddi hüquq norması ilə əlaqələndirərkən aydın olur ki, onların fəaliyyəti qanunun qeyd edilən tələbinə cavab verir. Yəni hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Sonuncu şərtin mübahisənin predmetinin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin yoxlanılmasına gəldikdə isə işin araşdırılmış hallarından görünür ki, İddiaçı ASC X1 və digərlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 28 iyun 2011-ci il tarixli 54/11, 55/11, 56/11 və 57/1 nömrəli kredit müqavilələrinə əsasən 445000 manat kredit vermiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, kredit borcu ödənmədiyindən tutma ipoteka predmetinə yönəldilmiş, ipoteka predmeti hərracda satılmadığından İddiaçı ASC-in mülkiyyətinə keçmiş, iddiaçı hazırda həmin evə giriş-çıxış yolunun verilməsini tələb edir. MPM-in 1-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. İşdə iştirak edən şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbi ilə bağlı öz etirazlarını bildiriblər. Həmçinin ekspertiza təyin olunub. Ekspertiza rəyində göstərilmişdir ki, giriş-çıxış yolunun açılması mümkün deyildir. Həmin ərazi cavabdehə məxsus olub. Sonra bir hissəsin ipoteka predmentinə qoyub və həmin ərazi bankın mülkiyyətinə verilib. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, İddiaçı ASC X1 və digərlərinə 28 iyun 2011-ci il tarixli 54/11, 55/11, 56/11 və 57/1 nömrəli kredit müqavilələrinə əsasən 445000 manat kredit vermiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan, Balakən rayonu, Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, kredit borcu ödənilmədiyindən tutma ipoteka predmetinə yönəldilmiş, ipoteka predmeti hərracda satılmadığından İddiaçı ASC-in mülkiyyətinə keçmiş, iddiaçı hazırda həmin evə giriş-çıxış yolunun verilməsini tələb edir. Göründüyü kimi mübahisə predmenti Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evidir. Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunmuş məlumatdan da görünür ki, cavabddeh Cavabdeh adına VÖEN xx.xx.2018-ci il tarixdə açılmış, həmçinin ipotekaqoyan şəxs Cavabdeh xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsini bağlayarkən vergi ödəyicisi olmamışdır. Yəni ipoteka predmeti olan Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi sahibkarlıq fəaliyyətinin predmeti deyil. Hazırki iddia tələbi də həmin fərdi yaşayış evinə giriş-çıxış yolunun verilməsi, yəni əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. Nəticədə məhkəmə hesab edir ki, tərəflərin VÖEN-nin olması hazırki mübahisənin tərəflərin ayrılıqda və ya birlikdə sahibkarlıq fəaliyyətindən irəli gəldiyini təsdiq edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı:

10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Göründüyü kimi, qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Bu səbəbdən də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı :

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması” tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar