Məhkəmə qərarları › İş №e-2-2(117)-757/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-757/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-757/2025 18.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrələrinə əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu **********00022 olan sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 145,63 manat təşkil edir. İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sübut məhkəməyə təqdim edilməmişidir. Bunun əvəzində iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilən zaman “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar” seçimi edilmiş və bu səbəbdən iddiaçının dövlət rüsumundan azad olması qeyd edilmişdir. İddiaçının həmin mövqeyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, İddiaçı hazırki mübahisədə istehlaçkı qismində çıxış etmir. Belə ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. İş materiallarında olan sənəndlərdən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxdir və hazırki mübahisə ona məxsus çörək sexinə hesablanan qaz borcunun silinməsi ilə əlaqədardır. Göründüyü kimi iddiaçı təbii qazdan şəxsi təlabatını ödəmək məqsədi ilə yox, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək məqsədi ilə istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı istehlakçı deyildir. Nəticə etibarı ilə dövlət rüsumunun ödənilməsindən azad olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar