Məhkəmə qərarları › İş №e-2-2(117)-806/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-806/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-806/2025 02.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 002654 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 1657.11 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardım üçün ödənilən 120 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 002654 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 1657.11 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardım üçün ödənilən 120 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırkı iş üzrə dövlət rüsumu ödənilməli idi. Buna baxmayaraq elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən göründüyü kimi iddiaçı tərəfindən “bu ödəniş rüsumdan azaddır-istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar” bəndi seçilmiş və bu bənd əsas götürülərək dövlət rüsumu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, qanunda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı verdikləri iddianın dövlət rüsumundan azad olunması ilə bağlı müddəa nəzərdə tutulsa da, hazırkı iş üzrə iddiaçı şəxsi tələbatını ödəyən istehlakçı deyil, sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1-ci maddəsində göstərilmişdir ki, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Belə olan halda iddiaçı tərəfindən dövlət rüsumu ödənilməlidir ki, hazırkı vəziyyətdə rüsumun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsi və ona əlavə sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələblərinə, habelə məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin VÖEN hesabı mövcudur. Belə ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə MPM-in 150.2-ci maddəsinin tələbi baxımından çatdırılmalı olduğu halda iddiaçı buna dair sübutları təqdim etməmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Bundan əlavə olaraq elektron iddia ərizəsinin “Ərizəni imzalayan şəxs haqqında məlumat” hissəsindən göründüyü kimi iddia ərizəsini imzalayan şəxs Vəkildur. Lakin onun iddiaçının adından ərizəni imzalama səlahiyyətini özündə əks etdirən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Belə ki, MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sistemindən, eyni zamanda elektron iddia ərizəsindən göründüyü kimi cavabdeh "xxxx" ASC işə əlavə edilməmiş, cavabdehin adı və onun haqqında məlumatlar əlavə edilməmişdir. Belə ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 002654 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 1657.11 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardım üçün ödənilən 120 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar