Məhkəmə qərarları › İş №e-2-2(117)-861/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-861/2025

21.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-861/2025 21.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh ASC-yə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-nin 2,8651%-nin səhmdarıdır və 390 ədəd adi adlı səhminin mülkiyyətçisidir. 2025-ci ilin mart ayında məlum olmuşdur ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixində növbəti ümumi yığıncağı keçirələcək və gündəlikdə "xxxx" ASC-nin ləğv edilməsi, Cəmiyyətin rəhbər dəyişikliyi, Cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi və ləğv prosesi ilə əlaqədar digər prosedurlarının həyata keçirilməsi haqda məsələlərin müzakirə ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 107-6.3-cü maddəsinə (Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir ) əsasən tərəfindən Cəmiyyətə müraciət edilmiş və ona "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli protokolu təqdim edilmişdir. Həmin protokolla tanış olduqda məlum olmuşdur ki, qəbul edilmiş qərarlar aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır və bu səbəbdən qəbul edilmiş qərarlar və onun yaratdığı nəticələr ləğv edilməlidir: 1) AR Mülki Məcəlləsinin 107-5.1-ci maddəsinə əsasən X1nın qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, X1nda səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə (həmçinin, “Oğuz- Məişət ASC-nin nizamnaməsinin 11.18-ci maddəsinə əsasən) qəbul edilir. Lakin, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixində keçirilmiş X1nda cəmi 5 nəfər iştirak etmişdir və Cəmiyyətin ləğv olunmasında 1 səhmdar lehinə və 4 nəfər əleyhinə səs vermişdir. Halbuki, Cəmiyyətin ləğv olunması üçün ən azı 4 nəfər lehinə səs verməli idi. Belə olan halda Cəmiyyətin ləğv olunmasına dair qərar qəbul edilmiş hesab edilə bilməz. Beləliklə aydındır ki, həmin qərar etibarsızdır. 2) AR Mülki Məcəlləsinin 107-1.5-ci maddəsinə əsasən X1nın çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.4. X1nın gündəliyi üzrə materiallarla tanış olunma qaydası. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının təşkili üçün bildiriş adlı sənəddə X1nın gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilməmişdir. 3) AR Mülki Məcəlləsinin 107-5.3-cü maddəsinə əsasən X1 tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. "xxxx" ASC-nin səhmdarlarına və şəxsən ona qəbul edilmiş qərarlar haqqında məlumat göndərilməmişdir (qərarlar elan edilməmişdir). 4) Oğuz Məişət” ASC-nin xx.xx.2025-ci il tarixində keçiriləcək X1nda 4 məsələnin müzakirəsi qeyd edilmişdir. Məlumdur ki, hər bir məsələ üzrə ayrı-ayrılıqda müzakirə olunmalı, hər bir məsələ səsə qoyulmalıdır və hər bir məsələ haqda ayrıca qərar qəbul edilməlidir. xx.xx.2025-ci il tarixli ümumi yığıncağın protokoluna diqqət yetirsək, görərik ki mülki məcəllənin tələbinə əməl olunmamışdır. Yığıncaqda müzakirə edilməmiş məsələr haqda qərar qəbul edilmişdir. 5) Mülki Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Cəmiyyətin icra orqanının rəsmi bəyanatı mövcud deyildir və hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edilməmişdir. Bu haqda cəmiyyətin iştirakçılarına heç bir məlumat verilməmişdir. Beləliklə də, sadaladıqları faktlar onu göstərir ki, "xxxx" ASC-nin xx.xx.2025ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarlar etibarsızdır. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, sadaladığı faktlara baxmayaraq 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" ASC ilkin ləğv prosesində olduğu haqda qeydiyyata alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 106-1.1-ci, 166-1.3.8-ci, 107-5.4-cü, 107-6.2ci, 1077.1-ci, 1077.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-861/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

5. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ASC-nin 2025-ci ilin aprel ayında başlayan ləğv prosesi qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirilir. Cəmiyyətin ləğvi haqqında sənədlər vergi orqanına təqdim olunub, hal-hazırda əmlakın qiymətləndirilməsi prosesi başa çatdırılıb və növbəti proseslər üçün müvafiq addımlar atılmaqdadır. ASC-nin xx.xx.2025-ci il tarixində keçiriləcək olan ümumi yığıncağı haqqında bildiriş bütün səhmdarlara göndərilmiş, lakin İddiaçı və digər bəzi səhmdarlar öz qərarları ilə iclasda iştirak etməmişlər. Lazımi formada xəbərdar edilmiş səhmdarın iclasda iştirak etməməsi ilə iclasın qanunauyğun formada həyata keçirilməsini şübhə altına alınması üçün əsas deyil. İddiaçı iddiasında həmçinin qeyd edir ki, bəzi qərarlarda 1 səhmdar lehinə, 4 səhmdar əleyhinə səs verməsi səbəbilə həmin qərarlar etibarsız sayılmalıdır. Lakin bu fikir tamamilə yanlışdır. Mülki Məcəllənin 107-3.5-ci maddəsinə və ASC-nin nizamnaməsinin 11.17-ci bəndinə əsasən ümumi yığıncaqda səsvermə “bir səsli səhm-bir səsdir” prinsipinə əsasən həyata keçirilir. Bu isə o deməkdir ki, səhmlərin 93.16% sahib səhmdarın lehinə səs verdiyi qərarlar əsassız hesab oluna bilməz. Həmçinin, iddiaçı qəbul olunan qərarlarla tanış olmadığını bildirir, lakin protokol iddiaçıya göndərilmişdir. Daha sonra iddiada hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanının hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərin vəziyyəti barədə) qəbul etməli olduğu halda qəbul edilmədiyi qeyd olunsa da, bu bəyanat faktiki olaraq mövcuddur. İclas Mülki Məcəllənin 107.1-ci maddəsinə uyğun qaydada həyata keçirilmiş, iclasda yalnız müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edilmiş, protokol Mülki Məcəllənin 107-6-cı maddəsinə əsasən tərtib edilmişdir. Odur ki, faktiki olaraq heç bir səhmdarın qərarların qəbul edilməsində iştirak hüququna xələl gətirilməmiş, heç bir səhmdarın hüquqları pozulmamışdır. İddiaçı tərəfindən irəli sürülən iddianın məqsədi hüquqi mahiyyət daşımaqdan daha çox qərəzli şəkildə cəmiyyətin ləğv prosesini süni şəkildə uzatmaq, idarəetmə və hüquqi qərarların həyata keçirilməsinə mane olmaqdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

6. Cavabdehin nümayəndəsi 11 sentyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında dediyi kimi müəssisənin ləğv edilməsində məqsəd onun gəlir əldə etməməsidir. Bununla bağlı sənədləri məhkəməyə təqdim edə bilər. Bildirmək istərdi ki, ümumi yığıncağın iclasında müəssisənin rəhbəri Rzayeva Maxrufa iştirak etməmişdir. Həmin iclasda o, onun katibi kimi iştirak etmiş və iclası idarə etmişdir. Lakin qeyd edilən qərarı müəssisə rəhbəri Rzayeva Maxrufa imzalamışdır. Qeyd edilən şəxs onun anasıdır. Bunu da ona görə belə ediblər ki, müəssisənin ləğv edilməsi üçün təsviyəçi seçilməli idi, bunu o özü edə bilməzdi. İş üzrə digər zəruri sübutları növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəklər.

7. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasından sonra qarşı tərəflə razılaşmaq istəsə də, onlar razılığa gəlmədilər. Ona görə də iddianı müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müəssisənin ödəyə biləcəyi məbləğ 9796.80 manat təşkil edir ki, bu da tərəflərindən ödənilmişdir. İddianı qəbul etmirlər. İddianın rədd edilməsini məhkəmədən xahiş edir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. - 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq, hüquqi şəxs ləğv edilə bilər. - 107-1.5. X1nın çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. X1nın keçirilmə tarixi, vaxtı və ünvanı; 107- 1.5.3. X1nın gündəliyi; 107-1.5.4. X1nın gündəliyi üzrə materiallarla tanış olunma qaydası. - 107-2.1. X1nda səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. - 107-2.2. X1nda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir. - 107-2.3. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir. - 107-2.4. 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Banka məlumat verərək yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya Azərbaycan Respublikasının Mərkəzi Bankın iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır. - 107-3.1. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. - 107-3.5. X1nda səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir. - 107-5.4. X1nın qərarından səhmdar məhkəməyə şikayət edə bilər. - 108.1. Səhmdar cəmiyyəti X1nın qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin başqa əsasları və qaydası, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. - 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

V. Sübutların tədqiqi:

15. Cavabdeh ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının təşkili üçün xx.xx.2025-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, 12 aprel 2025-ci il tarixə Cavabdeh ASCnin ləğv edilməsi, cəmiyyətin rəhbər dəyişikliyi, cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi, ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi barədə məsələlərlə əlaqədar səhmdarlarının növbəti ümumi uyığıncağı keçiriləcək.

16. İşdə olan 13 aprel 2025-ci il tarixli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağının protokolunda qeyd edilmişdir ki, qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2024-cü il tarixə olan çıxarışa əsasən Cavabdeh ASC-nin buraxılmış və yerləşdirilmiş səhmlərinin ümumi sayı 13 612 ədəd, hamısı adi səhmlər olmaqla 1 səhm 1 səsə bərabər olmaqla, səhmdarların ümumi sayı 17 nəfər, ümumi yığıncağın keçirilməsi üçün tələb olunan səsli səhmlərin sayı 8168 ədəd təşkil edir. Ümumi yığıncaqda qeydiyyatdan keçməklə iştirak edən səhmdarların sayı 5 nəfər (X4 – 12 682 səhm, X5 – 36 səhm, X2 – 36 səhm, X6 – 36 səhm, X3 – 36 səhm), onların sahib olduğu səhmlərin ümumi sayı 12826 ədəddir. Ümumi yığıncaqda 94,22% səsli səhmlər təmsil olunduğundan yetərsay vardır və növbəti ümumi yığıncaq səlahiyyətli sayılır. Yığıncaqda Cəmiyyətin, səhmdarlarının qərarı ilə ləğv edilməsi və bütün borclar ödənildikdən sonra qalıq əmlakın səhmdarlar arasında mütənasib şəkildə bölüşdürülməsi təklif edilmiş və səsvermənin nəticəsində lehinə 12 682 səhm (93,1678%, 1 səhmdar), əleyhinə 144 səhm (1.058%, 4 səhmdar) səs verilmişdir. Nəticədə Cavabdeh ASC-nin ləğv ediləməsi qərara alınmışdır.

17. İşdə olan Vergilər sosial-iqtisadi onlayn qəzetindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Oğuz-Məişət” ASC-nin ləğv olunduğu elan edilmişdir.

18. Cavabdeh ASC-nin Nizamnaməsinin “11. X1” bəndinin: 11.2.10. Səhmdar cəmiyyətin ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında qərar qəbul etmək X1nın müstəsna səlahiyyətlərinə aiddir. 11.11. X1nda səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 11.14. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. 11.18. X1nın qərarı ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar X1nda səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

22. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halı 13 aprel 2025-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilərək protokol qərarı ilə nəticədə Cavabdeh ASC-nin ləğv edilməsinin qərara alınmasından, hazırda Cavabdeh ASC-nin ləğvetmə prosesində olmasından ibarətdir.

23. İşin mübahisələndirilən halını isə Cavabdeh ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının 13 aprel 2025-ci il tarixli protokol qərarının etibarsız olub-olmaması təşkil edir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

24. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan, eyni zamanda tərəflərin izahatlarından da göründüyü kimi 13 aprel 2025-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş, həmin ümumi yığıncaqda ümumilikdə 17 nəfər səhmdardan 5-i iştirak etmiş, səsli səhmin 93,1678%-ə sahib səhmdar lehinə səs verdiyindən Cavabdeh ASC-nin ləğv edilməsi qərara alınmış, bundan sonra işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarış məlumatından göründüyü kimi Oğuz- Məişət” ASC-nin ləğv olunduğu elan edilmiş və hazırda ləğvetmə prosesindədir.

25. Hazırkı iş üzrə İddiaçı məhkəməyə müraciət edərək, hüquqi şəxsin ləğv edilməsi barədə təklifə 5 nəfər səhmdardan sadəcə 1 nəfərin lehinə səs verməsi, ümumi yığıncağın çağırılması barədə bildirişdə X1nın gündəliyi üzrə materiallarla tanış olunma qaydasının göstərilməməsi, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarlar haqqında məlumatın səhmdarlara göndərilməməsi, yığıncaqda müzakirə edilməmiş məsələr haqda qərar qəbul edilməsi və hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın olmaması səbəbindən 13 aprel 2025-ci il tarixli protokolun etibarsız hesab edilməsini və onun nəticələrinin ləğv olunmasını xahiş etmişdir.

26. Bundan sonra cavabdeh hüquqi şəxsin mümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iclasın keçirilməsi barədə bildirişin səhmdarlara verildiyini, onların öz istəyi ilə iştirak etmədiyini, səhmlərin 93.16%-ə sahib səhmdarın lehinə səs verdiyi qərarların əsassız hesab edilmədiyini, iclasda yalnız müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edildiyini, protokolun iddiaçıya verildiyini və rəsmi bəyanatın mövcud olduğunu bildirərək, bununla bağlı sübutlarını təqdim edərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.

27. Məhkəmə ilkin olaraq hesab edir ki, qeyd edilən 13 aprel 2025-ci il tarixli protokol qərarının etibarsız olub-olmaması əsaslarına baxılarkən onun forma və məzmununa, səlahiyyətli şəxlər tərəfindən imzalanıb-imzalanmaması halına baxılaraq qiymət verilməlidir. Qeyd edilən halın düzgünlüyü, etibarlılığı öz təsdiqini tapdıqdan sonra iddiaçının irəli sürdüyü əsasların etibarlılığının yoxlanılması əsaslıdır. Belə ki, 13 aprel 2025-ci il tarixli Cavabdeh ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağın protokolundan göründüyü kimi iclasa sədrliyi səhmdar X4, katibliyi isə Nümayəndə etmiş və həmin protokol yekunda hər ikisi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Eyni zamanda cəmiyyətin ləğvi ilə bağlı təklifə lehinə səs vermiş səhmdar səsli səhmin 93,1678%-ə sahib X4 olmuşdur. Lakin məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cəmiyyətin sədri olan X4 həmin iclasda ümumiyyətlə iştirak etməmiş, həmin iclasa sədrliyi və katibliyi isə Nümayəndə icra etmiş, daha sonra protokol iclasdan kənar X4 tərəfindən iştirak etmədiyi halda imzalanmış, göründüyü kimi həmin protokol qanunauyğun qaydada tərtib edilməmişdir. Nümayəndə xx.xx.2025-ci il tarixdə "xxxx"ASCnin qanuni təmsilçisi olmuşdur. Həmin Cəmiyyətdə qeyd ediən tarixdən ləğv prosesinə başlanılmışdır.

28. Bundan əlavə olaraq Cavabdeh ASC-nin Nizamnaməsinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 13612 ədəd adi adlı səhmdən ibarətdir və X1nda səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Lakin göründüyü kimi ümumilikdə 12682 səhm sahibi olan X4 ümumi yığıncaqda iştirak etmədiyindən və ya nümayəndəsi vasitəsilə iştirak hüququnu həyata keçirmədiyindən ümumi yığıncaq səlahiyyətli olmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməyərək, ümumi yığıncaq səlahiyyətli olmadığı halda yetərsay hesab edilərək keçirilmiş, Cəmiyyətin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, ümumi yığıncaq onun keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədən keçirildiyindən, protokol iclasa uyğun deyil, məzmunu dəyişdirilərək tərtib edildiyindən hər hansısa hüquqi nəticə yaratmamalı və etibarsız hesab edilməlidir.

29. Belə ki, əsas məsələ ümumi yığıncaqda X4 həmin iclasda ümumiyyətlə iştirak etməsə də, həmin iclasa sədrliyi və katibliyi isə Nümayəndə icra etmiş, o isə cəmiyyətin rəhbərini nümayəndə olaraq olaraq təmsil etməmiş, cəmiyyətin rəhbəri isə qeyd edilən iclasda iştirak etmədiyinə baxmayaraq həmin qərar onun tərəfindən imzalanmışdır.

30. Eyni zamanda, məhkəmə iddia tələbinin “onun yaratdığı nəticələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə uyğun olmayan ümumi yığıncağın qərarı özü-özlüyündə etibarsız olduğundan, onun nəticələrinin ləğv edilməsinə qanuni zərurət aradan qalxır. Belə ki, analoji norma kimi nəzərdə tutsaq, AR Mülki Prosessual Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir.

31. Bu səbəbdən cavabdeh qeyd edilən məsləni qanunvericiliyin tələbinə uyğun olaraq yenidən ümumi yığıncağın müzakirəsinə çıxarmalı və qanunvericiliyin tələbinə uyğun olaraq qeyd edilən yığıncağı keçirməli və müvafiq qərarı qəbul etməlidir.

32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

33. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

34. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

35. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

36. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf məhkəməyə iddia tələbi ilə bağlı etiraz ərizəsini təqdim edərək bəzi sübutlar təqdim etmiş, lakin bundan sonra cavabdeh tərəfin nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatından da göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilən halları qəbul etmiş, ümumi yığıncaqda qəbul edilən protokol qərarının cəmiyyətin sədri tərəfindən imzalanmasına baxmayaraq həmin şəxsin iclasda iştirak etmədiyini etiraf etmişdir. Belə ki, cavabdehin nümayəndəsi ilkin olaraq protokol qərarının etbarlı olmasını iddia etsə də, məhkəmə prosesi zamanı həmin qərarın etibarsızlığı müəyyən edilmişdir.

37. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli səhmdarlarının ümumi yığıncağın qərarları etibarsız hesab edilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

38. Məhkəmə hesab edir ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 100 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş, bu səbəbdən 100 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli səhmdarlarının ümumi yığıncağın qərarları etibarsız hesab edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar