Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-883/2025 18.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş **********00022 saylı abonent kodlu sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş **********00022 saylı abonent kodlu sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində olan torpaq sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almış, AR ƏMDX DƏDKR publik hüquqi şəxsindən ********** saylı qeydiyyat nömrəli çıxarış almış, eyni zamanda AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları göstərilmişdir. Mülkiyyətində olan torpaq sahəsi üzərində bütün qanuni əsaslar daxilində çörək bişirmə sexi tikib başa çatdıraraq fəaliyyətə başlamışdır. Çörək bişirmə sexinin tikilisi mülkiyyət sənədində öz əksini tapmışdır. Qeyri-yaşayış sahəsinə (çörək sexinə) mülkiyyət sənədi almamışdan əvvəl, yəni 2015-ci ildə layihəyə əsasən yaxın ərazidə qaz sayğacı quraşdırılmışdır. 2022-ci ildə qaz istismar sahəsinin əməkdaşları rəhbərliyin tapşırığı ilə sex üçün nəzərdə tutulmuş qaz sayğacını sexdən təxminən 4 km məsafədə quraşdırdılar. Hər ay qaz sayğacında istehlak etdikləri göstərici üzrə olan borcu ödəmiş, müəyyən hallarda aylıq borcundan az kəsr qalmışdır. Tərtər RQİİnin işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, qeyri-yaşayış sahəsi (çörək sexi) işlədiyi vaxtda istifadə edilmiş təbii qazın dəyəri hər ay sayğac göstəricisinə uyğun olaraq oxunmuşdur. 2024-2025-ci illərdə oxunma zamanı obyektdə hər ay istifadə edilmiş təbii qazın qaz sərfi sayğac götəricisinə uyğun 2500-3600 m3 olmuşdur . Lakin 2025-ci ilin mart ayı qaz sayğacının göstəricisi oxunan zaman sayğac göstəricisinin bilinməyən səbəbdən artması məlum olmuşdur. Bir illik saldodan görünür ki, il ərzində hər ay üçün sayğacın qaz sərfiyatı 2500-3600 m3 arası dəyişir. 2025-ci ilin mart ayında isə qazın sərfiyatının sayğac göstəricisi 65063 m3 olmuşdur. Lazımi orqanlara müraciət etməsinə baxmayaraq müraciəti həll edilməmişdir. Ona məxsus çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu **********00022 olan sayğacda hansı səbəbdən 2025-ci ilin mart ayında qaz sərfiyatının 2500-3600 m3 deyil, 65063 m3 olması müəyyənləşdirilə bilməmişdir. Sayğaca baxış keçirilmiş, sayğaca müdaxilənin olmaması müəyyən edilmiş, bundan başqa da kənardan xəttə qoşulma da yoxdur. Sahibkar olaraq hüquqları kobud surətdə pozulmuşdur. Sexə təbii qazın verilməsi dayandırılmışdır. Vergi ödəyicisidir və hər ay vergi ödəyir. İllərlə əldə olunmuş müştəriləri, sexin fəaliyyətinin dayandırılması səbəbindən itirilmişdir. Əsassız olaraq ona məxsus Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Çörək sexi üçün nəzərdə tutulmuş sayğaca 2025-ci ilin mart ayında 18544 manat borc hesablamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü, 1.4-cü, 2.5-ci, 2.12-ci, 3.4-cü (3.4.1, 3.4.4), 4.5-ci, 5.2-ci, 5.4-cü, 5.5-ci, 6.5-ci, 6.6-cı, 6.7-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsi göstərilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh İB və İddiaçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən Yevlax rayonu, Aran qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) Cavabdeh İB-nin Tərtər RQİİ-nin Yevlax xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə 18540 manat məbləğində debitor borcu yaranmışdır. Bu səbəbdən qaz təminatı dayandırılmışdır. İddia əsassızdır, çünki qanunvericiliyin və müqavilənin tələblərinə uyğun olaraq istehlakçı ilə paylayıcı arasında hesablaşma sayğac göstəricisinə əsasən aparılır. Göründüyü kimi hər hansısa əlavə məbləğ tələb olunmur. İddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Etirazının hüquqi əsası kimi “Qaz təchizatı haqqında” AR Qanununun 13.6-cı, 13.10-cu maddələrini, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 5.2-ci, 5.5-ci bəndlərini, AR Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, AR Mülki Prosessual Məcəlləsinin 4-cü və 154-cü maddələrini göstərmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********32-06301 reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində olan 0.0210 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182.40 kv.m olan qeyri-yaşayış binası İddiaçı (xüsusi) mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2025-ci il tarixli AMX-1179/25 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş **********00022 saylı Abonentin saldosundan görünür ki, İddiaçı (çörək sexi) 03/2025-ci il tarixə 65063 m3 təbii qazdan istifadəyə görə 18542.96 manat borc qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 15 may 2025-ci il tarixli 039 nömrəli aktdan göründüyü kimi Aran qəsəbəsi ünvanında yerləşən İddiaçı məxsus müəssisənin (çörək sexinin) təbii qaz təchizatı təbii qazın dəyəri vaxtında ödənilmədiyi üçün sayğacın giriş xəttinin üzərində yerləşən siyirtməsi bağlanılaraq dayandırılmışdır. Akt Yevlax XS-nin nümayəndələri Ə.Həsənov, K.Abdullayev və R.Məmmədov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 Mingəçevir Filialı tərəfindən 15 avqust 2025-ci il tarixli 3-15-2-7/2-652/2025 nömrəli məktubla Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna münasibət bildirilmiş və bu barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən:
1. Sözügedən məsələ ilə bağlı Agentliyin Mingəçevir filialına daxil olmuş 3-15/1-İ- 2800-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli müraciətin araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı məxsus çörək sexində istehlak olunan qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində (Aran QPS-də) quraşdırılmış G-10 markalı, 75146417 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki göstəricisinin 221816 m3, elektron göstəricisinin isə 344102 m3 olduğu müəyyən olunmuşdur. Müraciətdə qeyd olunanlara dair Cavabdeh İBnin Tərtər RQİİ-yə verilən sorğuya cavab olaraq daxil olmuş araşdırma materiallarında göstərilmiş göstəricilər ilə tərəfimizdən sayğaca yerində keçirilmiş baxış zamanı müşahidə olunan sayğac göstəriciləri arasında hər hansı bir ziddiyyətin olmadığı müəyyən olunmuşdur. Bununla da yaranmış borcun faktiki olaraq sayğac göstəricisinə əsasən formalaşdığı məlum olmuşdur.
2. AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Eyni zamanda bu qaydaların 6.1.4-cü yarımbəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilişi dayandırılır.
3. Bununla yanaşı Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edirlər. Mütəxəssis rəyi ilə razı deyillər, hüquqlarını müdafiə etdiyi şəxs işlətdiyi çörək sexinin qaz sərfiyyatına görə yaranmış borclarını vaxtlı-vaxtında ödəmişdir. Lakin 2025-ci ilin mart ayında bilinməyən səbəblərdən istehlakçının qaz sayğacına normadan dəfələrlə artıq qaz sərfiyyatı hesablanmışdır. Buna səbəbdən Cavabdeh İB tərəfindən qazın verilişi dayandırılmış, müvəqqəti təminat tədbiri əsasında qazın verilişi bərpa edilmişdir. Cavabdehin nümayəndəsinin bildirdiyi fərziyyələr həqiqətə uyğun deyildir. Belə ki, qaz turbaları çörək sexinin içinə doğru yerləşir, açıq qaldığı halda partlayış ola bilərdi. Bundan əlavə iddiaçı hər hansı əlavə xətt də qoşmamışdır. Bu məsələdə iddiaçının təqsiri yoxdur. Qarşı tərəfin hesabladığı borc əsassızdır və ləğv edilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mütəxəssis rəyi ilə razıdırlar. Cavabdeh İB-nin əməkdaşları hər hansı qanunsuz hərəkət etməmişlər. Cavabdehə məxsus müəssisəyə qaz borcu istifadə edilən qaz sərfiyyatına uyğun hesablanmışdır. Sayğacın həm mexaniki, həm də elektron göstəricisi olur. Bunun səbəbi də odur ki, elektron göstərici bəzən müəyyən səbəblərdən məsələn, rütubətdən, sayğacın bateriyasının sönməsi səbəbindən nasaz olduğu yaxud dayandığı halda onda sərfiyyatı mexaniki göstərici qeyd edir və hesablama buna uyğun həyata keçirilir. Ola bilsin ki, mart ayında başqa əlavə xətt qoşmuş yaxud qazın turbaları açıq qalmışdır. Bu səbəbdən mart ayında bu cür çox qaz sərf edilmişdir. Mütəxəssis rəyindən də görünür ki, qaza görə borc sərfiyyata uyğun hesablanmışdır. Cavabdeh İB tərəfindən hər hansı qanunsuz hərəkət edilməmişdir. Sərfiyyata uyğun borc hesablanmışdır. İddia əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edirlər. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, abonentin saldosu, akt, mütəxəssis rəyi, etiraz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki,, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 6-cı bəndinə əsasən, qaz paylayıcısı, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, qazın verilməsini dayandırır. 7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.1-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2025-ci il tarixli AMX-1179/25 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda abonentin saldosundan (abonent kodu **********00022) göründüyü kimi İddiaçı (çörək sexi) 03/2025-ci il tarixə 65063 m3 təbii qazdan istifadəyə görə 18542.96 manat borc hesablanmış, təbii qazın dəyəri iddiaçı tərəfindən vaxtında ödənilmədiyi üçün 15 may 2025-ci il tarixli 039 nömrəli aktla təbii qaz təchizatı dayandırılmışdır. İddiaçı il ərzində hər ay üçün sayğacın qaz sərfiyatının 2500-3600 m3 arası dəyişdiyini, lakin sadəcə 03/2025-ci il tarixdə qaz sərfiyyatının 65063 m3 olduğunu, bilinməyən səbəblərdən qaz sayğacına normadan dəfələrlə artıq qaz sərfiyyatı hesablandığını, bunun onun təqsiri olmadığını əsas gətirərək həmin borcun əsassız olduğunu və silinməsini xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş dəlillərdən, tərəflərin izahatlarından, eyni zamanda mütəxəssis rəyindən göründüyü kimi həmin borc cavabdeh hüquqi şəxs tərəfindən qanunsuz və əsassız şəkildə deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq və tərəflərin aralarında razılaşdıqları qaydada qaz sayğacının göstəricisinə uyğun olaraq hesablanmışdır. Belə ki, AR Energetika Nazirliyi Enerji X2 Mingəçevir Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı məxsus çörək sexində istehlak olunan qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində (Aran QPS-də) quraşdırılmış G-10 markalı, 75146417 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki göstəricisinin 221816 m3, elektron göstəricisinin isə 344102 m3 olduğu müəyyən olunmuşdur. Araşdırma materiallarında göstərilmiş göstəricilər ilə tərəflərindən sayğaca yerində keçirilmiş baxış zamanı müşahidə olunan sayğac göstəriciləri arasında hər hansı bir ziddiyyətin olmadığı müəyyən olunmuşdur. Bununla da yaranmış borcun faktiki olaraq sayğac göstəricisinə əsasən formalaşdığı məlum olmuşdur. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçının əsassız hesablandığını bildirərək silinməsini tələb etdiyi 18544 manat pulun təbii qazdan istifadəyə görə yaranması öz təsdiqini tapmışdır. Qeyd edilən göstəricinin artıq olması və ya adi istifadə həcmindən artıq olmasının səbəblərinin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi sübut edilməli olduğu halda bu hallar sübuta yetirilmədiyindən borcun təbii qazdan istifadə nəticəsində yaranmasından başqa məhkəmənin digər qənaəti mövcud deyildir. Qeyd edilən borc keçirilmiş yoxlama nəticəsində yazılmış akt nətiəsində əlavə sərfiyyat olaraq hesablanması da müəyyən edilmir. Belə ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilən xərclər özünə aid edilməlidir.
Nəticəvi hissə :
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş **********00022 saylı abonent kodlu sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov