Məhkəmə qərarları › İş №e-2-2(117)-902/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-902/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-902/2022 22.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “Cavabdeh İB-nin X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktına əsasən əsassız hesablanaraq mənim abonent koduma vurulmuş itirilmiş qazın dəyəri kimi 1620 manat cərimənin silinməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “Cavabdeh İB-nin X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktıına əsasən əsassız hesablanaraq mənim abonent koduma vurulmuş itirilmiş qazın dəyəri kimi 1620 manat cərimənin silinməsinə və yeni quraşdırılmış qaz sayğacının dəyərinin cavabdehə aid edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli e-2-2(117)-902/2022 nömrəli qərardadı ilə iddia tələbi “yeni quraşdırılmış qaz sayğacının dəyərinin cavabdehə aid edilməsi” hissəsində baxılmamış saxlanmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları kafe üçün quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın yoxlanılamsı üçün sayğacı dəyişdiriblər və bu barədə akt tərtib etmişdir. Yoxlamadan sonra ona bildirmişdilər ki, sayğaca guya ki, müdaxilə olmuşdur. Lakin, o, sayğaca heç bir müdaxilə etməmişdir. Səbəbini ona bildirmədən akta imza etməyini demişlər o isə etiraz etdiyini bildirmişdir. Cavabdehin tabeliyində olan bölmələrdən ondan 1620 manat borc tələb olunduğu bildirilmişdir. Ona görə də, o, barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla razı deyil, həmin akt qanunsuz tərtib edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları Cavabdeh İB tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə həmin sayğac sökülərkən akt tərtib edilərkən hal şahidləri iştirak etməmiş, həmin sayğac laboratoriyada yoxlanılarkən iştirakı təmin olunmamışdır. Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS-29/1640- 03211-01 nömrəli Aktında Metrologiya Departamenti tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq müəyyən edilmişdir ki, plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğacın zavod nömrəsi olan lövhədə kənar təsir izləri var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi elektron kabinet vasitəsi ilə qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar və digərləri daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. 13-cü maddəsinin 8-ci hissəsinə görə, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarxili 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın : 3.1.3-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz sayğacının yoxlanılması barədə MS-29/1640-03211-01 nömrəli Akta əsasən G-6 markalı, 28257095 nömrəli sayğacın plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğacın zavod nömrəsi olan lövhədə kənar təsir izləri var. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixli MS-29/1640-03211-01 nömrəli Akta əsasən G-6 markalı, 28257095 nömrəli sayğaca baxış keçirilmiş və sayğacın plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izləri və sayğacın zavod nömrəsi olan lövhədə kənar təsir izləri olduğuna görə qaz itkisinin hesablanması və ödənilməsi qərara alınmışdır. Bundan əlavə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla mübahisələndirilən təbii qazın itkisi hesablanan sayğac da ona məxsus “kafe” olan qeyriyaşayış sahəsinə quraşdırıldığından cavabdeh tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar aparılmasına dair qanunvericiliyin tələbinə görə dövlət reyestrində qeydiyyata alınmalı idi. Cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırkı iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni, iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 36,2 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent koduna vurulmaqla itirilmiş qazın dəyəri kimi hesablanmış 1620 manat borc silinsin. Cavabdehndən 36,2 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar