Məhkəmə qərarları › İş №e-2-2(119)-107/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-107/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-107/2024 23.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 07 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 28 aprel 2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən ünvan 1 ünvanında yerləşən ona məxsus "dəmirçi sexi"nə (abonent kodu **********00000) hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən iddiaçının sahibi olduğu müəssisə, yəni “dəmirçi sexi” təbii qazdan istifadə edir və hər ay istifadə etdiyi qazın dəyərini vaxtında ödəyir. 24 fevral 2023-cü il tarixində G-4 markalı sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılaraq əvəzinə yeni sayğac quraşdırılmışdır. Cavabdeh İB əməkdaşları istifadə etdiyi sayğacı çıxarıb apararkən, sayğacda heç bir qüsur olmadığını bildirmişlər. Sonradan iddiaçıya 28 aprel 2023-cü il tarixli akt təqdim olunmuşdu. Həmin aktda 24 fevral 2023-cü il tarixdə çıxarılıb aparılan sayğacın plasmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeydi yazılmışdır. Tərtib olunmuş akta əsasən iddiaçının abonent kodu üzərinə 1620 manat məbləğində əlavə borc hesablanmışdır. İddiaçı həmin hesablanmış borcla razılaşmamış və bildirmişdi ki, əgər sayğaca müdaxilə etmişdirsə, müdaxilə faktı var idisə, Cavabdeh İB əməkdaşları sayğacı çıxarıb apararkən iddiaçının iştirakı ilə qüsur aktı tərtib etməli idilər. Çıxarıb aparandan sonra sayğac 06 aprel 2023-cü il tarixində cavabdehin öz tabeliyində olan Metrologiya Departamentində laborotoriyada müayinədən keçirilib akt tərtib edilmişdir. İddiaçı qanunvericiliyin tələbinə əsasən bu mübahisə ilə əlaqədar təkliflə qarşı tərəfə və mediasiya təşkilatına da müraciət etmiş və müvafiq arayış almışdır. Eyni zamanda, iddiaçı 13 noyabr 2023-cü il tarixində pretenziya qaydasında Cavabdehnə müraciət etmişdir. Lakin, iddiaçı mübahisənin məhkəmədənkənar həllini tapmadığına görə, hesablanmış borcun silinməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, Cavabdeh abonent hesabına əsassız akt tərtib edərək əlavə borc hesablamışdır. İddiaçı həmin aktla və hesablanmış borcla razılaşmır. Abonent olaraq iddiaçı tərəfindən sayğaca müdaxilə edilməmişdir. Həmçinin, yoxlamalar sahibkarlıq fəaliyyətinə müdaxiləyə yol verilməməsi üçün qanunvericiliyə uyğun aparılmalıdır. Ona görə də iddiaçı hesab edir ki, iddiaçıya məxsus sexin qaz sayğacı üzərinə akt əsasında yazılmış borc əsassızdır. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ istehsalat Birliyinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus “Dəmirçi” sexində Müqavilə əsasında sənaye qaz qurğusunda yanacaq kimi təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. 24 fevral 2023-cü il tarixində növbəti dəfə obyektdəki qaz sayğacının göstəricilərini oxuyarkən sayğacın ekranının sol tərəfinə müdaxilə edildiyinə görə sayğac xətdən açılaraq Dövlət yoxlamasına göndərilmiş və obyektə əvəzedici sayğac quraşdırılmışdır. Bu barədə 24 fevral 2023-cü il tarixli ******* saylı müvafiq akt tərtib edilmiş və həmin akt sayğacın çıxarılması zamanı iştirak etmiş abonentin nümayəndəsi İddiaçı tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır, Laboratoriyada iddiaçıya məxsus “4496037 zavod nömrəli sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” rəyi verilməklə sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Bu rəy əsasında abonent barəsində 28 aprel 2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalar”ın pozulması haqqında Akt tərtib edilməklə itirilmiş qazın bərpası üçün qaz sayğacının saatlıq qaz keçirtmə qabiliyyətinə uyğun 6480 m3 və ya 1620 manat ziyan hesablanaraq, abonentin koduna işlənilmişdir. Akt istehlakçının nümayəndəsi İddiaçı iştirakı ilə tərtib edilmişdir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış Qazın alqı-satqısı haqqında Müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus “Dəmirçi sexi"nin qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün keçən qazı qeydə almaması səbəbindən, abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. Abonent sahibkarlıq fəaliyyəti itə məşğul olan fiziki şəxs İddiaçı məxsus Dəmirçi sexinin yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan X2 Reyestrindən KY231915617 saylı Çıxarış alınmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus Dəmirçi Sexinin iddiasında Cavabdeh İB-nin Xaçmaz RQÜ-nin Quba rayon X4 28 aprel 2023-cü il tarixli ******* saylı aktı mübahisələndirilir. Həmin akt isə Metrologiya İnstitutu tərəfindən abonentin qaz xəttinin üzərində quraşdırılmış ELESTR tipli G-6 markalı ******* №-li qaz sayğacının laboratoriyada yoxlanılmasının nəticələrinə görə verilmiş Rəy əsasında tərtib olunan aktdır. Azərbaycan Metrologiya İnstitutu Cavabdeh tabeliyində olmayıb, müstəqil fəaliyyət göstəıən təşkilatdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. İş üzrə 14 fevral 2024-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddia tələbinin təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 28 aprel 2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akta əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus abonent kodu **********00000 olan "dəmirçi sexi"nə hesablanmış 1620 manat məbləğində borcun həmin abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – 24 fevral 2023-cü il tarixində mübahisəli sayğacın obyektdən çıxarılıb aparılması və 24 fevral 2023-cü il tarixli Aktın tərtib edilməsi ilə nəticələnmiş yoxlamanın “X2 Reyestri”ndə qeydiyyata alınmaması, həmin Akt əsasında götürülmüş sayğacın labarotoriyada yoxlanıldıqdan sonra tərtib edilən 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktın əsassız və qanunsuz yazılması, sahibkarlıq obyektində sayğac hesabatından kənar təbii qazdan istifadə hallarının olmaması, çıxarılmış sayğacın da istifadə olunan qazın hesabatını aparması və çıxarılarkən sayğacda hər hansı bir qüsurun olmaması ilə əsaslandırmışdı. İş üzrə 14 fevral 2024-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdehn nümayəndəsi Nümayəndə3 iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli ******* nömrəli Aktda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olması, Aktın düzgün tərtib edilməsi, Akt əsasında borcun mövcud Qazdan istifadə Qaydalarına uyğun olaraq hesablanması və həmin Aktın tərtib edilməsi ilə nəticələnmiş yoxlamanın “X2 Reyestri”ndə qeydiyyata alınmıış olması ilə əsaslandırmışdı. Lakin, iş üzrə 23 fevral 2024-cü il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və yaxud, onun nümayəndəsi Nümayəndə1, eləcə də Cavabdeh nümayəndəsi həmin məhkəmə baxış iclasına gəlməmişlər. Bununla belə, İddiaçı nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi isə həmin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə baxışının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçı məxsus Quba rayonunda yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “mexanika” tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş 24 fevral 2023-cü il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus dəmirçi sexində (abonent kodu: **********00000) quraşdırılmış "Elster" tipli ******* nömrəli “G-4” markalı qaz sayğacı “növbədənkənar Dövlət yoxlamasına” göndərilməsi üçün 24 fevral 2023-cü ildə çıxarılaraq aparılmış (Aktda çıxarılan sayğacda hər hansı bir qüsurun olması qeyd olunmamışdır) və həmin qeyriyaşayış sahəsinə "Zenner" tipli **********5 nömrəli "G-4" markalı sayğac quraşdırılmışdır (Aktda məlum yoxlamanın - Sahibkarlıq sahəsində X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan 13 aprel 2023-cü ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS-14-2-2/3-5-2700-59 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 09 mart 2023-cü il tarixli 14-2-2/3-5-2700 saylı məktubuna əsasən 09 mart 2023-cü ildə X6 İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G-4 markalı mexanika tipli qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Cavabdeh X1 Departamentiə baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “Plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri var” (sayğacın zavod nömrəsi – 4496037, mexaniki göstəricisi – 04910 m3, qeyd – yararsız, qüsura görə nəticə - müdaxilə, qaz itkisi), (Aktda İstehlakçının həmin yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 28 aprel 2023-cü il tarixində təsdiq edilmiş və “İstehlakçı: Dəmirçi sexi İddiaçı”, “ünvan: Quba şəhəri 22-ci məhəllə”, “Fəaliyyət növü: qeyri-əhali”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 28 aprel 2023-cü ildə saat 1215-də abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “ "Azəriqaz" İB-nin “qeyri-əhali qaz sayğaclarının yoxlanılması” haqqında Akt № MS-14-2-2/3-5-2700-59 saylı rəyinə əsasən ******* sayğacın "Plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri var”- qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd “qızdırıcı soba-RP” avadanlığının olduğu müəyyən edilmişdir (həmin Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır). İş materiallarında olan 25 aprel 2023-cü il tarixli KY231915617 nömrəli “Sahibkarlıq sahəsində X2 Reyestri”ndən Çıxarışdan görünür ki, 25 aprel 2023-cü il tarixində yoxlayıcı orqan Cavabdeh tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti olan İddiaçı məxsus “Dəmirçi sexi”ndə yoxlama müddəti - “26 aprel 2023-cü ildən 28 aprel 2023-cü ilədək” olmaqla, “sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” məqsədilə keçirilən yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş və həmin qeydiyyatda “Yoxlayıcı şəxs” qismində Quba XS-nın TQQ və SX-nin rəisi X3 göstərilmişdir (28 aprel 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda isə məlum yoxlamanın Quba XS-nın TQQ və SX-nin işçiləri Vaqif Məmmədov, Bəhruz Hüseynov və Samir Eldarov tərəfindən aparıldığı qeyd olunmuşdur). İş materiallarında olan Cavabdeh “İstehlakçılara satılan qaza nəzarət” Şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “f/ş İddiaçı (Dəmirçi sexi)”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Quba rayonu, 22-ci məhəllə, ev 22”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 13 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-2700-59 №li Aktına əsasən G-4 markalı ******* №-li sayğacın “plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qüsuruna görə - G-4 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir (əsas: - 28 aprel 2023-cü il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, “dəmirçi sexi” kimi fəaliyyət göstərən sahibkarlıq obyektinin təbii qazla təmin olunması ilə əlaqədar istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 28 aprel 2023-cü il tarixli ******* nömrəli Akta əsasən 2023-cü ilin aprel ayında istehlakçı İddiaçı məxsus Quba rayonunda yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “birdəfəlik cəmi 1620 (min altı yüz iyirmi) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və “İstehlakçı” tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və həmin aylar üzrə də qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Eyni zamanda, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (dəmirçi sexinə) aid Abunə haqqında Məlumatda (abonent kodu: **********00000) olan göstəricilərə əsasən müəyyən olunur ki, 2011-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək hesablanan qaz sərfiyyatları üzrə yay mövsümi aylarında qaz sərfi göstəriciləri olmamış, yalnız ilin soyuq-qış aylarında sayğacda qaz sərfləri qeydə alınaraq hesablanma aparılmış və qeydə alınmış sərfiyyatlara uyğun ödənişlər edilmişdir. Belə ki, 24 fevral 2023-cü ildə baxış zamanı “növbədənkənar Dövlət yoxlaması” ilə əlaqədar götürülmüş mexanika tipli G-4 markalı ******* №-li sayğac tərəfindən abonentin təbii qaz sərfiyyatları 2022-ci ilin yanvar ayı üçün 234 m3, fevral ayı üçün 136 m3, mart ayı üçün 179 m3, aprel ayı üçün 4 m3 qaz sərfi hesablanmış, may-sentyabr ayları üçün qaz sərfi qeydə alınmamış, oktyabr ayı üçün 36 m3, noyabr ayı üçün 211 m3 və dekabr ayı üçün 357 m3 qaz sərfi qeydə alınmışdır. Həmçinin, həmin sayğac tərəfindən 2023-cü ilin yanvar ayı üçün 319 m3 və fevral ayı üçün 129 m3 qaz sərfi qeydə alınmışdır (həmin sayğac 24 fevral 2024-cü ildə çıxarılaraq, başqası ilə əvəz edilmişdir). Yeni sayğac tərəfindən isə 2023-cü ilin mart ayı üçün 53 m3, may ayı üçün 10 m3 və iyun ayı üçün “0 m3” qaz sərfi qeydə alınmışdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış və 24 fevral 2023-cü ildə heç bir qüsur göstərilmədən “növbədənkənar dövlət yoxlamasına aparılması” üçün götürülmüş qaz sayğacının laboratoriyada yoxlamadan keçirilməsi ilə əlaqədar tərtib edilmiş 13 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-2700-59 nömrəli Aktda göstərilir ki, 09 mart 2023-cü ildə Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına gətirilmiş G-4 markalı mexanika tipli qaz sayğacına 06 aprel 2023-cü ildə Metrologiya Departamentində baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi olaraq “Plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeydi yazılmışdır. Bundan sonra isə həmin Aktda qeyd olunan qüsur üzrə 28 aprel 2023-cü il tarixli ******* nömrəli Akt tərtib edilərək, 24 aprel 2023-cü ildə çıxarılmış məlum sayğacın Metrologiya Departamentində aparılan baxış zamanı aşkar edilən nöqsanları “təbii qazdan istifadə qaydalarının pozulması” kimi qiymətləndirilmiş və həmin Akt əsasında tərtib edilən 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə isə həmin qüsurlara görə iddiaçıya məxsus sahibkarlıq obyektində nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilərək, 1620 (min altı yüz iyirmi) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 28 aprel 2023-cü il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, 1620 (min altı yüz iyirmi) manat borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın yazılması ilə nəticələnmiş baxış 25 aprel 2023-cü il tarixində “Sahibkarlıq sahəsində X2 Reyestri”ndə yoxlama müddəti - “26 aprel 2023-cü ildən 28 aprel 2023-cü ilədək” olmaqla, qeydiyyatdan keçirilsə də, sonradan qüsurlu olduğu müəyyən edilən "Elster" tipli ******* nömrəli “G-4” markalı qaz sayğacının “növbədənkənar Dövlət yoxlamasına” göndərilməsi məqsədi ilə 24 fevral 2023-cü ildə çıxarılaraq aparılması və bununla bağlı 24 fevral 2023-cü il tarixli ******* nömrəli Aktın yazılması ilə nəticələnmiş baxış (yoxlama) - Sahibkarlıq sahəsində X2 Reyestrində qeydiyyata alınmamışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X2 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Bundan əlavə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, “dəmirçi sexi” kimi fəaliyyət göstərən sahibkarlıq obyektinin təbii qazla təmin olunması (obyektdə bir ədəd “qızdırıcı soba-RP” qaz avadanlığından istifadə olunur) ilə əlaqədar sayğac hesabatlarının və ödənişlərin əks olunduğu Abonentin Saldosunda (abonent kodu **********00000) mövcud olan məlumatlarla müəyyən olunur ki, 2011-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək hesablanan qaz sərfiyyatları üzrə hər il yay mövsümi aylarında qaz sərfi göstəriciləri olmamış, yalnız ilin soyuq-qış aylarında sayğacda qaz sərfləri qeydə alınaraq hesablanma aparılmış və qeydə alınmış sərfiyyatlara uyğun ödənişlər edilmişdir. Həmin məlumatlardan görünür ki, 24 fevral 2023-cü ildə baxış zamanı “növbədənkənar Dövlət yoxlaması” ilə əlaqədar götürülmüş mexanika tipli G-4 markalı ******* №-li sayğac tərəfindən, eləcə də həmin sayğacın əvəzinə quraşdırılmış yeni sayğac tərəfindən miqdarında hər hansı bir ciddi fərq olmayan aylıq sərfiyyatlar üzrə hesabat aparılmışdır (məsələn, 2022-ci ilin yanvar ayı üçün 234 m3, fevral ayı üçün 136 m3, mart ayı üçün 179 m3, aprel ayı üçün 4 m3 qaz sərfi hesablanmış, may-sentyabr ayları üçün qaz sərfi qeydə alınmamış, oktyabr ayı üçün 36 m3, noyabr ayı üçün 211 m3 və dekabr ayı üçün 357 m3, 2023-cü ilin yanvar ayı üçün 319 m3 və fevral ayı üçün 129 m3 qaz sərfi qeydə alınmışdır. Yeni sayğac tərəfindən isə 2023-cü ilin mart ayı üçün 53 m3, may ayı üçün 10 m3 və iyun ayı üçün “0 m3” qaz sərfi qeydə alınmışdır). Göründüyü kimi, bütün bu qeyd edilənlər isə 24 fevral 2023-cü ildə çıxarılmış və sonradan 06 aprel 2023-cü il tarixdə Cavabdeh X1 Departamentində baxış keçirilmiş (həmin baxışda istehlakçı (iddiaçı) iştirak etməmiş və onun həmin baxışa dəvət edilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır) məlum sayğac tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektində istifadə olunan təbii qazın hesabatının düzgün aparılmamasını təsdiq etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 28 aprel 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə - dəmirçi sexinə (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq 1620 (min altı yüz iyirmi) manat məbləğində əlavə borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 28 aprel 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (dəmirçi sexinə) (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1620 manat məbləğində borc silinməlidir. Həmçinin, təmin olunmuş iddia tələbinə mütənasib olaraq Cavabdehndən dövlət nəfinə 36,2 (otuz altı manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 aprel 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (dəmirçi sexinə) (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borc silinsin. Cavabdehndən dövlət nəfinə 36,2 (otuz altı manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar