Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-109/2020 14.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* nömrəli akt və tələbnamə əsasında hesablanmış 6264 (altı min iki yüz altmış dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Siyəzən rayon Beşdam kəndində xx xxx 2012-ci ildən mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasında quşçuluq fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu ildə Siyəzən rayon Qaz İdarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlama məqsədi ilə daxil olsalar da, bununla bağlı iddiaçıya hər-hansı bir rəsmi sənəd təqdim etməmişlər. İddiaçı qazın istehlakı ilə bağlı hər-hansı bir nöqsanı olmadığından və sayğac əsasında istehlak olunmuş qazın dəyərini vaxtında ödədiyindən həmin şəxsləri istehsal sahəsinə buraxmışdır. Həmin dövrdə quşçuluq sexində quş olmamışdı. Sayğaclar açılıb yoxlanılaraq, ******* nömrəli akt tərtib olunmuşdu. Həmin aktdan görünür ki, sayğacda hərhansı bir qüsur yoxdur. Lakin, itirilmiş qazın bərpası barədə xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, quşçuluq sexinə quraşdırılmış G-6 markalı 28195184 nömrəli qaz sayğacının masimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərin ümumi saatlıq qaz sərfi 24,5 m3/saat olduğu aşkar edilmişdir. Yəni, mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. Buna görə də, tələbnamədə qeyd olunur ki, bərpa olunmalı qazın miqdarı 31320 m3-dir. Bununla da cavabdeh hesab etmişdir ki, iddiaçı 6264 manat məbləğində ziyan vurmuşdur. Akt və tələbamə tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazsan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanlmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbi əsas götürülmüşdür. Qeyd edilməlidir ki, yalnız iddiaçının təqsiri cavabdeh tərəfindən sübut olunduqda yuxarıda göstərilən halda uyğun ziyan ödənilməlidir. Cavabdeh nümayəndələri qeyd edirlər ki, G- 6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasıda fərq yaranıb. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvəla, maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa, həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Lakin, qeyd etmək lazımdır ki, quşçuluq sexində quşlar kiçik olduqda 18 dərəcə, böyüdükcə 16-17 dərəcədə istilik lazım olur. Bu istiliyin alınması üçün qaz avadanlıqlarının maksimum həddə işləməsinə ehtiyyac yoxdur. Bu baxımdan da cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır. Quşçuluq fəaliyyəti ilə məşğul olan şəxslər 40 gün saxladıqları quşların xərclərini dəqiq müəyyən edirlər. Tərtib olunmuş smetadan hərhansı kənara çıxma, nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaq. Faktiki olaraq cavabdeh təşkilatın nümayəndələri qanunsuz hərəkətlərə yol verərək, iddiaçıya istifadə etmədiyi qaza görə hesab təqdim etmişlər. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, həmin yoxlamanın hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız 6264 manat məbləğində cərimə borcu silinməlidir. Cavabdeh tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” (yazılı) təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, ”Cavabdeh” İstehsalat Birliyinin Xaçmaz RQİİ-nin Siyəzən xidmət sahəsində kommersiya obyekti kimi qeydiyyatda olan Siyəzən rayonu Beşdam kəndində yerləşən İddiaçı məxsus quşçuluq fermasında müqavilə əsasında təbii qazdan istifadə edilir və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən olunur. Yoxlama zamanı G-6 markalı 28195184 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən qaz işlədicilərinin ümumi saatlıq qaz sərfi 24,5 m3/saat olduğu aşkar edilmişdir. Buna görə də, iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib olunmuş və həmin Akta əsasən Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 24,5 m3/saat, mövcud sayğacın ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi 31320 kub metr müəyyən olunaraq, dəymiş ziyan 6264 (altı min iki yüz altmış dörd) manat miqdarında hesablanmışdır.Lakin, ”Cavabdeh” İB-nin “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyanı”nın xx xxxxxxxx 2019-cu il tarixli iclas protokolunun qərarı ilə İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən kommersiya obyektinə hesablanmış 6264 (altı min iki yüz altmış dörd) manatdan 3132 (üç min yüz otuz iki) manat silinmiş və qalan 3132 (üç min yüz otuz iki) manat məbləğində dəymiş ziyan isə hələ də ödənilməmişdir. Bundan əlavə İddiaçı istiifadə etdiyi təbii qaza görə 1180,90 (bir min yüz səksən manat 90 qəpik) manat borcu da vardır. Ona görə də, ümumi hazırki borc 4312,90 (dörd min üç yüz on iki manat 90 qəpik) manat təşkil edir. Abonent İddiaçı ilə bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri, habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. İstehlakçı tərəfindən “Qazdan istifadə Qaydaları”nın pozulması nəticəsində Paylayıcıya dəymiş ziyan (itirilmiş qazın həcmi) yuxarıda qeyd olunan Müqavilənin 3.3-cü bəndinə əsasən həmin müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndində göstərilir ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Odur ki, qeyd olunanlara əsasən iddiaçının iddia tələbi əsassız hesab edilərək, rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə hesablanmış 6264 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş etirazda yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və eyni zamanda, suallara cavab olaraq bildirmişdir ki, məlum baxış zamanı iddiaçıya məxsus quşçuluq sexində quraşdırılmış G-6 markalı sayğacda qüsur aşkar edilməsə də, müqavilədən kənar quraşdırılmış İran peçi və farsunka aşkar olunaraq, xx xxxxxx 2019-cu il tarixli Akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş qazın həcmi 31320 kub metr müəyyən olunaraq, əlavə ödəniləcək qaz sərfiyyatının miqdarı 6264 manat məbləğində müəyyən olunmuşdur. Lakin, Azərbaycan Respublikası Energetika Nazirliyi rəhbərliyinin Xaçmaz rayonunda vətəndaşlarla keçirdikləri görüş zamanı Siyəzən Xidmət Sahəsinin bir qrup təbii qaz istehlakçıları onlara hesablanmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” dəymiş ziyan aktlarından narazılıqlarını bildirmiş olduqlarından, həmin şikayətlər üzrə İddiaçı da məlum Akt əsasında hesablanmış zərərə 50 faiz güzəşt edilmiş və buna görə də, sonuncunun 3132 manat borcu, yəni cərimənin yarısı silinmişdir. Lakin, Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, cavabdehin nümayəndəsi həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin məhkəmə iclasında vermiş olduqları izahatları,iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsusdur. “Paylayıcı” Cavabdeh ilə bağlanmış xx xxxx 2017-ci il tarixli 1154-07-17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən İddiaçı məxsus qeyriyaşayış sahəsi olan Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada G-6 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır (Sayğacın quraşdırılma tarixi: - xx xxxxxx 2013-ci il, dövlət yoxlamasından son keçirilmə tarixi: - xx xxx 2015-ci il). Həmin Müqavilədə istehlakçının 12 ədəd qaz sobası cihazından istifadə etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə saat 1140-da istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman bir ədəd “İran hava isitmə aparatı” və səkkiz ədəd “farsunka QSQ” əlavə cihazlar aşkar edilmiş və “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı - 28,5 m3, sərfiyyatı 18,5 m3 keçir” qeydi aparılmışdır (həmin Akt istehlakçı və yaxud onun nümayəndəsi tərəfindən imzalanmayaraq, “imtina etdi” qeydi aparılmışdır). İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx xxxxxx 2019-cu il tarixli Hesabatdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktda göstərilən “G-6 markalı 28195184 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 24,5 m3/saat olduğu aşkar edilmişdir. “Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 24,5 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 31320 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş xx xxxx 2019-cu ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin hesabına 2019-cu ilin fevral ayında birdəfəlik 6264 (altı min iki yüz altmış dörd) manat məbləğində borc hesablanmışdır. Lakin, həmin istehlakçıya aid xx xxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu ilə müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin hesabına xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən 2019-cu ilin fevral ayında 6264 (altı min iki yüz altmış dörd) manat məbləğində hesablanmış birdəfəlik borcun yarısı silinmiş və həmin Akt üzrə ona 3132 (üç min yüz otuz iki) manat məbləğində borc hesablanmışdır.Eyni zamanda, həmin Abonent Saldolarında olan məlumatlarla müəyyən olunur ki, 2018-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Məhkəmə prosesi zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iddia tələbinə yazılı etirazın məzmunu və həmin etiraza əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən itirilmiş qazın sərfiyyatı 180 gün üçün hesablandığına görə 6264 (altı min iki yüz altmış dörd) manat məbləğində müəyyən edilmiş olsa da, “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiya”nın xx xxxxxxxx 2019-cu tarixdə keçirilmiş iclasında qəbul edilmiş qərarla istehlakçı İddiaçı “qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın “fevral ayında yazılması və quşçuluq sahələrinin mövsümü xarakter daşıması” nəzərə alınaraq, hesablanmış qaz sərfinə düzəliş olunmaqla, itirilmiş qaz sərfinin 90 gün müddətində azaldılmasına qərar verilərək, 3132 (üç min yüz otuz iki) manat borc məbləği güzəşt edilərək silinmiş və həmin Akta əsasən itirilmiş qazın sərfiyyatı 90 gün üçün hesablanaraq, 3132 (üç min yüz otuz iki) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı – 28,5 m3, sərfiyyatı 18,5 m3 keçir” nöqsanına görə paylayıcı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı “31320 m3” həcmində müəyyən edilərək, birdəfəlik 6264 (altı min iki yüz altmış dörd) manat məbləğində borc hesablanmış olsa da, istehlakçının müraciəti əsasında həmin borcun yarısı silinmiş və həmin Akt üzrə onun üzərində 3132 (üç min yüz otuz iki) manat məbləğində borc saxlanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu borc məbləği ilə razılaşmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-6 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Buna görə də, həmin Akt əsasında 90 günlük əlavə qaz sərfiyyatının müəyyən edilməsi və buna müvafiq olaraq birdəfəlik 3132 (üç min yüz otuz iki) manat məbləğində borcun hesablanması mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə borcun hesablanmasının əsaslılığı təsdiq edilməmişdir. Lakin, iddiaçı iddia tələbində həmin Akt əsasında itirilmiş qaz sərfiyyatına görə 180 günlük müddətə hesablanmış 6264 (altı min iki yüz altmış dörd) manat məbləğində borcun silinməsini xahiş etmiş olsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin Akt üzrə aparılan hesabatın müddəti dəyişdirilərək, 90 günlük müddət üzrə itirilmiş qaz sərfiyyatına görə iddiaçıya 3132 (üç min yüz otuz iki) manat məbləğində borc hesablanmışdır. Yəni, məlum Akt əsasında cavabdeh tərəfindən hesablanmış yekun borcun məbləği 3132 (üç min yüz otuz iki) manat olduğu halda, iddiaçı tərəf xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsində iddia tələbi olaraq “6264 (altı min iki yüz altmış dörd) manat məbləğində borcun silinməsini” xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) hesablanmış 3132 (üç min yüz otuz iki) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) hesablanmış 3132 (üç min yüz otuz iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-109/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-109/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver