Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1159/2021 02.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyul 2020-ci il tarixli, NDQ 007507 saylı akta əsasən İddiaçı MMC barəsində əsassız hesablanmış 2918,70 manat məbləğində borcun silinməsi, məhkəmə məsrəfi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 27.05.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Müəssisəni elektrik enerjisi ilə təmin etmək üçün sayğac quraşdırılmış və bununla bağlı müvafiq müqavilə bağlanılmışdır. İddiaçı sayğac üzrə hesablanmış elektrik enerjisi borcunu vaxtı-vaxtında ödəmişdir. 06 iyul 2020-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları Alış Məmmədov və İsrafil Yusifov digər əməkdaşlarla birlikdə Alış Məmmədovun təhriki ilə "xxxx" MMC-yə (köhnə adı ilə X3 Müəssisəsi) məxsus, **********8 abonent kodlu sayğacın K-20 əmsalının düzgün seçilmədiyini bildirərək sayğacları və cərəyan transformatorlarını sökərək yoxlanılması üçün apardılar. A.Məmmədov iddiaçının qanuni təmsilçisinə sabah sayğac quraşdırma və uçota nəzarət idarəsinə gəlməli olduğunu, sayğacların və cərəyan transformatorlarının onun iştirakı ilə laboratoriyada açılaraq yoxlanılacağını bildirdi. Bundan bir gün sonra iddiaçının qanuni təmsilçisi qeyd olunan idarəyə getdikdə ona sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə akt təqdim etdilər. Yoxlama nəticəsində tərtib olunmuş 07 iyul 2020-ci il tarixli protokoldan da görünür ki, cərəyan transformatorlarının transformasiya əmsalının K=20 (100/5A) olduğu müəyyən edilmişdir ki, bu da sayğacın normal buraxılan xəta ilə işlədiyini göstərir. Yeni quraşdırılmış sayğac və cərəyan transformatorlarında da transformasiya əmsalı K=20 (100/5A) (norma həddində) olmuşdur. Bütün bunlara baxmayaraq 06 iyul 2020-ci il tarixli, NDQ 007507 nömrəli akta əsasən müəssisəyə əsassız olaraq 32430 kvt.s əlavə elektrik enerjisi sərfiyyatı hesablanaraq 2918,70 AZN məbləğində borcun olması barədə hesab ödəniş vərəqəsi gəlmişdir. Akt onunla əsaslandırılmışdır ki, sayğac dövriyyəsində quraşdırılmış cərəyan transformatorları kompüter informasiya məlumat bazasında 100/5Aə=20 kimi qeydiyyatdadır, lakin ölçmə zamanı hər üç fazada quraşdırılmış cərəyan transformatorları 150/5Aə=30 verir. Bununla əlaqədar 27.08.2020-ci il tarixdən müəssisəyə elektrik enerjisinin verilişi dayandırılmışdır. Bu səbəbdən də müəssisənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Borcun silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət etsək də, heç bir nəticəsi olmamışdır. Yoxlama nəticəsində tərtib olunmuş 07.07.2020-ci il tarixli protokoldan da görünür ki, cərəyan transformatorlarının transformasiya əmsalının K=20 (100/5A) olduğu müəyyən edilmişdir ki, bu da sayğacın normal buraxılan xəta ilə işlədiyini göstərir. Cavabdehin nümayəndəsi 12.11.2021-ci il tarixdə məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı tərtib edilmiş akta əsasən hesablanmış 2918,70 manat məbləğində borcun silinməsi tələbinin hüquqdan sui-istifadə olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06.07.2020-ci il tarixdə iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman cərəyan transformatorlarının kompyuter məlumat bazasında əmsalı 20 kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Halbuki, yerində ampermaşa ilə ölçmə zamanı əmsalın 30 olduğu aşkar edilmişdir. Bu fakt elektrik hesabat sayğacının xətdən axan yükü 100% qeydə almaması, 33% enerji itkisi deməkdir. Belə ki, cərəyan transformatorları güc kabellərindən keçən yükün kiçilməsinə xidmət edir və hər bir cərəyan transformatorunun texniki göstəricilərində zavodun müəyyən etdiyi əmsal qeyd olunur. Cərəyan transformatorunun kiçiltdiyi güc enerjitəchizatı müəssisəsi üçün enerji itkisi deməkdir. Həmin itkinin bərpa olunması üçün EEİQ-da nəzərdə tutlmuş qaydalara riayət edilərək sayğac göstəricisi cərəyan transformatorunun texniki göstəricilərində göstərilmiş əmsala vurularaq hesablaşma aparılır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalar”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinin tələblərinin pozulması haqqında 06.07.2020-ci il tarixli, NDQ 007507 saylı akt tərtib edilmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilmiş, həmçinin, o, aktı imzalayaraq onun düzgünlüyünü və aşkar olunmuş faktların həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş 06.07.2020-ci il tarixli NDQ 007507 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə iddiaçıya qarşı 2918,70 manat məbləğində yenidən hesablaşma aparılmışdır. Etirazda qeyd olunanlara əsasən iddiaçının “EEİQ”-nin tələblərini açıq-aşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə istinad edilməklə iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməli olduğu göstərilir. Etirazda daha sonra göstərilir ki, ddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh olunmaması vəziyyətinə baxış keçirmişdir. "xxxx" ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. "xxxx" ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə iddiaçının həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasına itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış borcun silinməsi barədə iddiası təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təqdim etdiyi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatından məlum olur ki, tərəfər arasında elektrik enerjisinin alğısatqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********8 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılması işin mübahisəsiz hallarıdır. İddiaçının mübahisələndirdiyi, məhkəməyə təqdim olunmuş 06.07.2020-ci il tarixdə tərtib olunmuş NDQ 007507 nömrəli aktda göstərilir ki, “...sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac dövriyyəsində quraşdırılmış cərəyan transformatorları kompüter informasiya məlumat bazasında 100/5A, ə=20 kimi qeydiyyatdadır, lakin ölçmə zamanı hər üç fazada quraşdırılmış cərəyan transformatorları 150/5Aə=30 verir. Cərəyan transformatorlarının üzərinə vurulmuş möhürlər: 130499493, 130499494, 130499495, ölçmə zamanı xətdən axan yüklər: SA=33A, SB=33A, SC=33A, Ptan=21,7 kvt. Qoyulmuş güc cərəyan transformatorlarının birinci tərəf dolağının nominal cərəyanına görə Pqoy=66 kvt. təşkil edir”. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 06.07.2020-ci il tarixli, 148099 saylı aktdan görünür ki, sayğac 06.07.2020-ci il tarixli, NDQ 007507 nömrəli akta əsasən laboratoriya şəraitində rəy verilməsi üçün A.Məmmədova təhvil verilmişdir. “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” barədə 07.07.2020-ci il tarixli, 187845 saylı Protokolda qeyd edilir ki, komissiyaya təqdim edilən 3 ədəd cərəyan transformatorunun daxili dolaqlarının sayına əsasən transformasiya əmsalı K=20(100/5A) olduğu müəyyən olunmuşdur. Aktda həmçinin yoxlama zamanı aşkar olunan qüsurlar qeydində aktda göstərilən qüsurun yerində aşkar olunduğu, sayğacın normal buraxılan xəta ilə işlədiyi qeyd olunmuşdur. 30.07.2020-ci il tarixli, cavabdehin Akt Komissiyası tərəfindən verilmiş icra vərəqindən görünür ki, iddiaçı müəssisəyə 06.07.2020-ci il tarixli, NDQ 007507 nömrəli akta əsasən faktiki güc ilə sərfiyyat arasında kəskin fərq olduğu üçün 32430 kvt.s əlavə elektrik enerjisi sərfiyyatı hesablanaraq 2919 manat borc hesablanmışdır. İddiaçı qeyd edilən aktı yuxarıda göstərilən dəlillər gətirməklə mübahisələndirir və həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi yazılı etirazında aktın düzgün tərtib edildiyini göstərməklə iddiaçının dəlillərini qəbul etmir, iddia tələbinin hüquqdan sui-istifadə hesab edilməli olduğunu qeyd edir və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdehin etirazda istinad etdiyi, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Cavabdehin mövqeyinə əsasən iddiaçıya məxsus cərəyan transformatorlarının kompyuter məlumat bazasında əmsalı 20 kimi qeydiyyatda olunsa da, yerində ampermaşa ilə ölçmə zamanı əmsalın 30 olduğu aşkar edilmişdir. Bu fakt elektrik hesabat sayğacının xətdən axan yükü 100% qeydə almaması, 33% enerji itkisi deməkdir. Cavabdeh bu halları təsdiq edən sübut kimi 06.07.2020-ci il tarixli NDQ 007507 nömrəli akta istinad edir, iddiaçı isə həmin aktı mübahisələndirməklə aktda qeyd edilən halların mövcudluğunu təkzib edir. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndində istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıması göstərilməsinə baxmayaraq tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı mövcud olmadığından aktda qeyd edilən cərəyan transformatorlarının kompyuter məlumat bazasında qeyd edilmiş əmsalı ilə yerində ölçmə zamanı müəyyən edilmiş əmsal arasında fəqrin olmasının məhz iddiaçı tərəfindən və ya onun təqsirindən yol verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı qəti olaraq bu hallara yol vermədiyini bildirir, cavabdeh isə bunun məhz iddaçı tərəfindən edildiyini mötəbər sübutlarla təsdiq edə bilmir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir, 81-ci maddəsinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan əlavə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçıya məxsus obyektin enerji təchizatının qoşulma sxeminin onun təqsirindən pozulması iş materialları ilə müəyyən edilmir. Belə ki, tərəflərin izahatlarından müəyyən olunur ki, hesablaşma elektrik sayğacları və elektrik enerjisinin uçotunun digər vasitələri iddiaçıya məxsus ərazidə deyil, kənar ərazidə yerləşir və iddiaçının müvafiq transformator məntəqəsinə daxil olmaq imkanı yoxdur. Eyni zamanda “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən qeyd edilən halın laboratoriya şəraitində araşdınlması zamanı istehlakçının iştirakı təmin edilməli halda, hazırkı işdə iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bununla belə, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” barədə 07.07.2020-ci il tarixli, 187845 saylı Protokolda da təqdim edilən 3 ədəd cərəyan transformatorunun daxili dolaqlarının sayına əsasən transformasiya əmsalının K=20(100/5A) olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə iddiaçının iddia ərizəsində irəli sürdüyü digər dəlilə - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına münasibət bildirməklə qeyd etməyi zəruri hesab edir ki, hesablaşma elektrik sayğacları və elektrik enerjisinin uçotunun digər vasitələri iddiaçıya məxsus ərazidə deyil, kənar ərazidə yerləşdiyindən həmin qanunun müddəaları hazırkı işə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Bundan əlavə, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abonent kodu **********8 (**********50255)) hesablanmış 2918,70 (iki min doqquz yüz on səkkiz manat 70 qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1159/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1159/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver