Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1248/2025 18.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 17 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən müəssisənin **********00054 nömrəli abonent kodu üzrə hesablanmış 2106 (iki min yüz altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən müəssisə təbii qazla təchiz edilmişdir və hər ay istifadə edilmiş qazın dəyəri vaxtında ödənilir. Cavabdeh İB-nin X3 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 17 dekabr 2024-cü il tarixində müəssisəyə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunur ki, “müəssisədə istismarda olan qaz cihazlarının ümumi qaz sərfi mövcud qaz sayğacının maksimal ölçmə həddindən çoxdur”. Həmin akt əsasında müəssisənin **********00054 nömrəli abonent kodu üzərinə 2106 manat məbləğində borc hesablanmışdır. Müəssisənin qaz sayğacı istifadə edilən cihazlara uyğun olaraq cavabdeh tərəfindən quraşdırılmışdır. Əgər istismarda olan qaz cihazlarının ümumi qaz sərfi mövcud qaz sayğacının maksimal ölçmə həddindən çoxdursa, niyə cabvabdeh təşkilat qaz sərfinə uyğun sayğac quraşdırmamışdır?! Müəssisədə hal-hazırda da qaz sayğacı quraşdırılan zaman istismarda olan cihazlar işlədilir, yəni əlavə cihaz quraşdırılmamışdır. Bununla əlaqədar Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin tərtib etdiyi 17 dekabr 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borc məbləği əsassızdır və abonent hesabından silinməlidir. Cavabdeh 24 iyul 2025-ci il tarixdə iddia ərizəsinə etirazla məhkıməyə müraciət edərək qeyd etmişdir ki, “Azəriqaz“ İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeyriəhali abonenti kimi qeydiyyatda olan Quba rayonunun Qəçrəş kəndində yerləşən restoranın sahibi İddiaçı qeyri-yaşayış sahəsini işlədir. Həmin obyekt də əhaliyə ictimaiiaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndində qeyd edilir ki, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Həmin Qaydaların 3.4.1-ci yarımbəndi istehlakçıya özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməyi qadağan edir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə və həmin Qaydaların tələblərinə əməl etməmişdir. Belə ki, 17 dekabr 2024-ci il tarixdə “Azəriqaz“ İB-nin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış ELSTER tipli “G-6T Diafraqma” markalı 42675346 nömrəli mexaniki qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 17,8 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 7,8 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə 17 dekabr 2024-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 8424 m3 və ya 2106 manat hesablanmışdır. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.3-cü yarımbəndinə əsasən, istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Quba rayonunun Qəçrəş kəndində yerləşən restoranın sahibi İddiaçı restoranında qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz plitəsi PQ- 3,1/1; 1 ədəd kombi 1/1 nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 7,8 m3 artıq qaz sərf edən digər qaz işlədici cihazlar - 1 ədəd restoran tipli PQ-3; 1 ədəd 50 KW-lik kombi quraşdırılmışdır. Adı çəkilən Qərarın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Obyektdə müəyyən edilmiş layihədən kənar qazişlədici cihazlar videoçəkilişlə müşayiət olunmuşdur. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə görə, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iclaslaslarında iddiaçı iddia ərizəsininin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, obyektin yaxınlığında həm də əhali qrupuna aid olan sayğac mövcud olmuşdur. 2022-ci ildə cavabdehin əməkdaşları həmin sayğacı çıxarıb aparmış, həmin sayğacla qeydiyyata alınmalı olan sərfiyyatı qeyri-əhali qrupuna aid hazırkı mübahisə predmeti olan sayğacın sərfiyyatına birləşdirmişdirlər. 17 dekabr 2024-cü il tarixli texniki vasitələrdən istifadə etmək haqqında məlumat sənədini, yoxlama aktını və inventar aktı imzalayarkən restoranın sahibi Oktay Qafarovla məsləhətləşmişdir. 17 dekabr 2024-cü il tarixli yoxlama aktını da oxumadan imzalamışdır. Həmin aktda 2 ədəd kombi, 2 ədəd qaz plitəsinin mövcud olması qeyd edilmişdir. Lakin restoranda 1 ədəd kombi və 1 ədəd qaz plitəsi mövcuddur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla isə ümumiyyətlə tanış olmamışdır. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, həmin obyektdə 1 ədəd PQ-3 və 1 ədəd kombi istifadə edilə bilərdi. Lakin, buna baxmayaraq, 17 dekabr 2024-cü il tarixində iddiaçının istifadəsində olan obyektdə yoxlama keçirilmiş və iddiaçı tərəfindən obyektin sayğacının layihə gücündən artıq həcmdə cihazların qoşulması müəyyən edilmişdir. Bu da müəyyən həcmdə qazın sayğacda qeydiyyata alınmaması ilə nəticələnmişdir. Belə ki, yoxlamanın nəticəsinə əsasən, iddiaçı tərəfindən 2 ədəd kombi və 2 ədəd PQ-3 (restoran tipli və məişət tipli olmaqla) istifadə edilmişdir. İddiaçının istifadəsində olan restoranda quraşdırılmış mexaniki qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 17,8 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 7,8 m3 qaz sərfini qeydə almamışdır. Yoxlama prosesi videogörüntüyə alınmış, müvafiq görüntülər disk daşıyıcısında məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində yoxlamanın icazə alınmadan keçirilməsinə istinad etmişdir. Lakin müvafiq icazə alınmış, bununla bağlı müvafiq çıxarış da məhkəməyə təqdim edilmişdir. 17 sentyabr 2025-ci il tarixində şəxsən özü həmin qeyri-yaşayış obyektində olmuşdur. Belə ki, obyekt böyük restorandır və 6 ədəd də kotteci mövcuddur. Həmin kottecin kombi cihazının qoşulu olduğu müəyyən edilmişdir. Restoranın nümayəndəsi Azər adlı şəxsdən bu barədə soruşduğu zaman kombi cihazının həmin gün qoşulduğunu bildirmişdir. Hazırda sentyabr ayında kombi cihazı qoşuludursa, demək ki, yoxlamanın keçirildiyi dekabr ayında hər bir halda qoşulu olmuşdur. Çünki restoranın yerləşdiyi ərazi qışda çox soyuq olur və kombi qoşulmadan kotteclərdə yaşamaq mümkün deyildir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 23 iyun 2023-cü il tarixli AMX-2207/23 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci hissəsində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qaza təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, paylayıcının vəzifələri sırasına istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək daxildir. Həmin müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci və 2.3.3-cü yarımbəndlərinə əsasən, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. Həmin müqavilənin 4.3-cü bəndində, istehlakçının qaz qurğularının 3 ədəd PQ-3 və 1 ədəd kombidən ibarət olduğu müəyyən edilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, istehlakçının obyektinə 14 iyun 2022-ci il tarixdə “G6” markalı 28261905 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242262698 nömrəli çıxarışa əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında İddiaçı məxsus qeyri-yaşayış obyektində yoxlama aparılması nəzərdə tutulmuşdur, yoxlamanın predmeti və hüquqi əsasları müqavilə şərtlərinə əməl olunmasının yoxlanılmasıdır. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli Texniki vasitələrdən istifadə etmək haqqında məlumat sənədində “Sahibkarın adı və VÖEN-i” İddiaçı (VÖEN: **********); “Yoxlamaların vahid məlumat reyestrindən verilən kod” KY242262698 qeyd edilmişdir və həmin sənəd iddiaçı tərəfindən imzalanaraq “Yoxlama zamanı yoxlayıcı (yoxlayıcılar) tərəfindən texniki vasitələrdə (video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə edilməsinə etiraz etmirəm” qeydi təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmiş 17 dekabr 2024-cü il tarixli 029 nömrəli Yoxlama aktının “...təqdim edilən sənədlərdə olan məlumatlarla faktiki vəziyyətin müəyyən edilməsi məqsədi ilə baxış keçirilən ərazidə və ya sahələrdə müəyyən edilən hallar” qrafasının qarşısında “Obyektdə quraşdırılmış qaz cihazlarının maksimal saatlıq qaz sərfi sayğacın qaz buraxma həddindən çoxdur” qeyd edilmiş, həmin aktın “Qeyd” hissəsində “7,8 m3 sərfiyyat aşma mövcuddur” qeyd edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmiş 17 dekabr 2024-cü il tarixli Sənaye üzrə inventar aktının “Müəssisədə istifadə olunan cihazlar” qrafasında “2 ədəd istilik sistemi kombi KW, 1 ədəd istilik sistemi kombi 30 KW, 2 ədəd qaz plitəsi PQ-3, 1 ədəd qaz plitəsi PQ-3 (restoran tipli)”; “Əlavə aşkar olunmuşdur” qrafasında “Obyektdə quraşdırılmış qaz cihazlarının maksimal saatlıq qaz sərfi sayğacın qaz buraxma həddindən çoxdur”; “Qeyd” qrafasında “10,6m3+3,2 m3+1,6 m3+2,4 m3+=17,8 m3-10 m3=7,8 m3 sərfiyyat” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın “Baxış zamanı istifadə edilən qaz işlədiciləri” bölməsindən görünür ki, baxış zamanı aşkar edilən qaz qurğuları 1 ədəd 50 kW istilik sistemi kombi, 1 ədəd 30 kW istilik sistemi kombi, 1 ədəd restoran tipli “PQ-3” qaz plitəsi və 1 ədəd məişət tipli “PQ-3” qaz plitəsidir. Həmin avadanlıqların saatlıq maksimal qaz sərfiyyatları müvafiq olaraq 5,3 m3, 3,2 m3, 2,4 m3 və 0,8 m3-dir. Aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd” bölməsində göstərilmişdir ki, müəssisədə istismarda olan qaz cihazlarının ümumi qaz sərfi mövcud qaz sayğacının maksimal ölçmə həddindən 7,8 m3 çoxdur. Müəssisədə LSS-dən kənar cihazlar şəbəkədən ayrılsın. Həmin aktın “Tələb” bölməsində isə Qazdan istifadə qaydalarının 4.1-ci bəndinin və 3.4.1-ci bəndinin pozulması səbəbindən kənar cihazlar şəbəkdən ayrılsın. Qazın alqı-atqı müqaviləsinin 2.3.5-ci yarımbəndinə əsasən dəymiş ziyan hesablansın” qeyd edilmişdir. Aktın məzmunundan, həmçinin aydın olur ki, həmin aktın tərtibində iddiaçı iştirak etmiş, lakin imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində qeyd edilmişdir ki, ““Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 17,8 m3/saat, hesabat müdddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2ci yarımbəndinə uyğun hesabat forması: 17,8-10=7,8x12x90=8424 m3 kimi aparılır”. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu: **********00054) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2024-cü il üzrə “Qalıq və aktlar” bölməsi üzrə 2106 manat məbləğində borc hesablanmışdır. İş materiallarına, həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş, 17 dekabr 2024-cü il tarixdə iddiaçıya məxsus obyektdə keçirilən yoxlama zamanı təqdim edilmiş aktlarda göstərilən cihazların obyektdə mövcud olduğunu təsdiq edən videogörüntüləri əks etdirən disk əlavə edilmişdir (iddiaçı cari tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında həmin görüntülərin ona məxsus obyektə baxış zamanı qeydə alındığını təsdiq etmişdir). İş materiallarına iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş disk əlavə edilmişdir (cari tarixdə keçirilmiş məhkəmə iclasında diskdəki görüntülərə baxış keçirilməsinə cəhd edilsə də, diskin boş olduğu müəyyən edilmişdir). İş materiallarına qaz qurğularının texniki göstəricilərini əks etdirən texniki pasport əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır); qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur); istehlakçı - alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. müayinə - istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınınmüdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin 7-ci hissəsinə əsasən, istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci və 3.2ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqısatqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qaydaların 2.11-1-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək istehlakçının vəzifələrinə daxildir. Həmin Qaydaların 3.4.1-ci yarımbəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iş üzrə cavabdeh təşkilatın nümayəndələri 17 dekabr 2024-cü il tarixində iddiaçının istifadəsində olan və restoran kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektində yoxlama aparmış və həmin tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər. Yoxlama zamanı sözügedən qeyri-yaşayış obyektində 1 ədəd 50 kW istilik sistemi kombi, 1 ədəd 30 kW istilik sistemi kombi, 1 ədəd restoran tipli “PQ-3” qaz plitəsi və 1 ədəd məişət tipli “PQ-3” qaz plitəsi aşkar edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, aşkar edilən avadanlıqların saatlıq maksimal qaz sərfiyyatlarının cəmi obyektdə quraşdırılan sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatındən artıqdır. Yoxlama keçirilməmişdən əvvəl həmin yoxlamanın aparılması Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. İş materiallarındakı KY242262698 nömrəli çıxarışa əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında iddiaçıya məxsus qeyri-yaşayış obyektində yoxlama aparılması nəzərdə tutulmuşdur və çıxarışdan görünür ki, yoxlamanın predmeti və hüquqi əsasları müqavilə şərtlərinə əməl olunmasının yoxlanılmasıdır. İşin bu halı ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, “Qazdan istifadə Qaydaları”nın 2.11-1-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifələrindən biridir. Deməli, cavabdeh 17 dekabr 2024-cü il tarixində iddiaçıya məxsus qeyri-yaşayış obyektində yoxlama aparmaqla müqavilənin 2.1.5-ci yarımbəndində nəzərdə tutulmuş vəzifəsini icra etmiş, eyni zamanda bu vəzifəsini yerinə yetirərkən həmin yoxlama tədbirini Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin, o cümlədən “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmamışdır. Qeyd edildiyi kimi, aparılan yoxlama zamanı sözügedən qeyri-yaşayış obyektində 1 ədəd 50 kW istilik sistemi kombi, 1 ədəd 30 kW istilik sistemi kombi, 1 ədəd restoran tipli “PQ-3” qaz plitəsi və 1 ədəd məişət tipli “PQ-3” qaz plitəsi aşkar edilmişdir və yoxlamanın nəticələrinə dair 17 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, aşkar edilən avadanlıqların saatlıq maksimal qaz sərfiyyatlarının cəmi obyektdə quraşdırılan sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatındən artıqdır. Başqa sözlə, quraşdırılmış sayğac həmin avadanlıqların dördünün də sərf etdiyi təbii qazın həcminin yalnız bir hissəsini hesablamaq gücündədir. İddiaçının quraşdırdığı avadanlıqlar iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tərəflərin iştirakları ilə izlənilmiş videogörüntülərlə təsdiq edilməkdədir. Eyni zamanda, iş materiallarında olan 17 dekabr 2024-cü il tarixli 029 nömrəli yoxlama aktı iddiaçı tərəfindən də imzalanmış (iddiaçı məhkəmə iclasında verdiyi izahatda həmin aktı imzaladığını təsdiq etmişdir) və həmin aktın məzmununda obyektdə quraşdırılmış qaz cihazlarının maksimal saatlıq qaz sərfi sayğacın qaz buraxma həddindən çox olması və 7,8 m3 sərfiyyat aşmanın mövcud olduğu qeyd edilmişdir. Bundan başqa, 17 dekabr 2024-cü il tarixli Sənaye üzrə inventar aktı iddiaçı tərəfindən də imzalanmış (iddiaçı məhkəmə iclasında verdiyi izahatda həmin aktı imzaladığını təsdiq etmişdir), həmin aktda müəssisədə istifadə olunan cihazların “2 ədəd istilik sistemi kombi KW, 1 ədəd istilik sistemi kombi 30 KW, 2 ədəd qaz plitəsi PQ-3, 1 ədəd qaz plitəsi PQ-3 (restoran tipli)” olması, obyektdə quraşdırılmış qaz cihazlarının maksimal saatlıq qaz sərfinin sayğacın qaz buraxma həddindən çox olması və əlavə sərfiyyatın 7,8 m3 olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı bağladığı müqavilənin şərtlərini pozmuş, istifadəsində olduğu qeyri-yaşayış obyektində əlavə avadanlıq istifadə etməklə quraşdırılmış sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatından artıq təbii qaz sərf edilməsinə səbəb olmuşdur. Belə olan halda isə müqavilənin 2.3.1-ci (“bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir”) və 2.3.5-ci (“təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək isteklakçının vəzifəsidir”) yarımbəndlərinə əsasən iddiaçı cavabdehə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bütün bu göstərilənlər və şərh edilənlər onu göstərir ki, müqavilə öhdəliyini pozan iddiaçı cavabdehə maddi ziyan vurulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Bundan əlavə, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1248/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1248/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver