Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1299/2024 04.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağazada qaz sayğacına cavabdeh tərəfindən baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş həmin akta əsasən 30 aprel 2023-cü il tarixli tələbnamə tərtib olunaraq 10800 m3 həcmində, yəni 2700 manat məbləğində ziyan hesablanmışdır. Mağaza binasına aid abonentin saldosundan görünür ki, qaz sayğacı quraşdırıldığı vaxtdan indiyədək qaz sərfiyyatında ciddi fərqlər olmamış, hətta yeni qaz sayğacı quraşdırıldıqdan sonra mağaza binasında may ayı ərzində 37 manat qaz sərfiyyatı olmuşdur. 2022-ci ilin yaz-yay ayları ilə 2023-cü ilin yaz-yay aylarını müqayisə edildikdə də köhnə sayğacın sərfiyyatı ilə yeni sayğacın sərfiyyatı arasında fərq müəyyən edilmir. Həmçinin iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi hər hansı şəkildə sübuta yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı və cavabdeh arasında bağlanmış 08 sentyabr 2022-ci il tarixli müqavilə əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilir. 23 yanvar 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı çıxarılaraq başqası ilə əvəz edilmişdir. 28 aprel 2023-cü il tarixində isə onlar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş, həmin akta əsasən 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın ödənilməsinə dair tələbnamə tərtib olunaraq 2700 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, qaz sayğacı quraşdırıldığı vaxtdan indiyədək köhnə sayğacın sərfiyyatı ilə yeni sayğacın sərfiyyatı arasında ciddi fərqlər olmamışdır. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmalı və müvafiq çıxarış verilməlidir. Lakin iş materiallarından da göründüyü kimi, yoxlamanın faktiki olaraq yanvar ayından başlanılmasına baxmayaraq, sahibkarlıq sahəsində aparılan X2 reyestrindən çıxarış sənədi 26 aprel 2023-cü il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh tərəfindən əhali və qeyri-əhaliyə məxsus sayğacların texniki pasportlarında göstərilmiş müddətlərdə sayğaclar abonentlərin ünvanlarından çıxarılaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin tərkibində olan laboratoriyalarda yoxlanılır. Sahibkarlıq sahəsində aparılan X2 reyestrindən çıxarış sənədi 26 aprel 2023cü alınmış və 28 aprel 2023-cü il təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Hər bir sayğac quraşdırılarkən texniki pasportunda həmin sayğacın yoxlanılması ilə bağlı müddət nəzərdə tutulur. Əksər sayğacların texniki pasportlarında bu müddət 5 il olaraq nəzərdə tutulmuşdur. Yoxlama zamanı sayğacın işlək vəziyyətdə olması müəyyən edilərsə, həmin sayğac yenidən abonentin ünvanına quraşdırılır. Əgər sayğacın yararsız vəziyyətdə olduğu və ya sayğaca müdaxilələr olduğu müəyyən olunarsa, o yararsız sayğac kimi Cavabdeh İB-yə təhvil verilir. 23 yanvar 2023cü il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış obyektindən qaz sayğacının çıxarılması yoxlama prosesinin tərkib hissəsi hesab edilir. Həmin yoxlama sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmamışdır.Belə ki, 2023-cü ilin aprel ayına qədər yoxlamalar qeydiyyata alınmamışdır, lakin bu hal məhkəmə mübahisələrinə, digər neqativ nəticələrə səbəb olduğuna görə hazırda hər bir yoxlamanın müvafiq qeydiyyatı aparılır. Aktda sayğaca dair qeyd edilmiş nöqsanı iddiaçı həmin sayğaca baxan zaman müşahidə edə bilməzdi, çünki həmin nöqsan yalnız laborator müayinə zamanı aşkar oluna bilər. Aktda qeyd edilmiş sayğacın çıxış plastmas borusunda olan deşilmə halı qaz sayğacının sərfiyyatı real miqdardan az qeydə almasına səbəb olur. Sahibkar yalnız mütəxəssisin vasitəsilə həmin sayğacda deşilməyə səbəb olan müdaxilə edə bilər. 28 aprel 2023-cü il tarixli akt X4 İstismarı İdarəsində tərtib olunmuş, iddiaçı dəvət edilsə də həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli AMX-4508/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 1-ci hissəsinə əsasən, paylayıcı - Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını - İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.1 və 2.1.8-ci yarımbəndlərinə əsasən, istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək və verilən qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifələrinə aiddir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektində quraşdırılmış “Elster” tipli G-6T markalı 28258400 nömrəli sayğacı çıxarılmış, çıxarılmanın səbəbi “Növbəti D/yoxlanılması” kimi qeyd edilmişdir. Aktdan görünür ki, çıxarılmış sayğacın əvəzinə müvəqqəti olaraq həmin obyektdə “Elster” tipli G-6T markalı 28261947 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli 14-2-2/3-5-2700-70 nömrəli Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Cavabdeh İB-nin Metrologya Departamentinin baş mühəndisi tərəfindən təsdiq edilmiş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-2700 saylı 09 mart 2023-cü il tarixli məktubuna əsasən 09 mart 2023-cü il tarixində Xaçmaz RQİİ-dən dövlət yoxlamasına gətirilmiş G6 markalı mexanika tipli qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və aşağıdakılar müəyyən edildi: sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş, “Təsdiq edirəm” hissəsinin tarix qrafasında 28 aprel 2023-cü il tarixi qeyd olunmuş “İstehlakçı: “İddiaçı, “Ünvan: Qusar şəhəri, H.Əliyev prospekti”; “abonent kodu: **********00200”, “Fəaliyyət növü: mağaza” qeydləri yazılmış Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında göstərilmişdir ki, Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-2700- 70 saylı aktına əsasən G-6 tipli 28258400 nömrəli sayğaca baxış keçirilmiş, çıxış plastmas boruya kənar müdaxilə nəticəsində deşilmişdir. Aktın “Tələb” qrafasında isə qeyd edilmişdir: Dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Aktın məzmunundakı qeyddən görünür ki, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində qeyd edilmişdir ki, G-6 markalı qaz sayğacının maksimal qaz sərfi 10 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin: 10 x 12 x 90 = 10800 m3. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu: **********00200) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2023-cü ilin aprel ayı üzrə qalıq və aktlar üzrə iddia tələbində qeyd olunan birdəfəlik 2700 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və istehlakçı tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun istinad edilən normalarında göstərilən qayda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.10-1-ci bəndlərində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur və yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il Fərmanının 1.2-ci hissəsində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmış, Fərmanın 2-ci hissəsinə əsasən isə sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçıya məxsus Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağaza binasında (abonent kodu: **********00200) quraşdırılmış “Elster” tipli G-6T markalı 28258400 nömrəli qaz sayğacı 23 yanvar 2023-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən yerindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, həmin qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. Bununla əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin aktda sayğaca dair yoxlamanın nəticəsi (çıxış plastmas borunun kənar müdaxilə nəticəsində deşilməsi) qeyd edilərək dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi qeyd edilmişdir. 30 aprel 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə isə qaz sayğacının maksimal qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti nəzərə alınmaqla itirilmiş qazın 10800 m3 həcmində olması hesablanmışdır. Məhkəmə müəyyən etdi ki, iddiaçıya məxsus qaz sayğacına 23 yanvar 2023-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən baxış keçirilərək onun yerindən çıxarılması və dövlət yoxlamasına göndərilməsi, həmin qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilməsi, yəni yoxlama tədbirləri - "X2 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və qeyd edilən tarixlərdə aparılmış yoxlama tədbirlərinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, məhz bu hərəkətlərin - 23 yanvar 2023-cü il tarixində iddiaçıya məxsus qaz sayğacına baxış keçirilərək onun yerindən çıxarılmasının və həmin sayğaca 06 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilməsinin nəticəsi olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktın tərtib edilmiş və və onun əsasında 2700 manat məbləğində ziyan məbləği hesablanmışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndələri sahibkarlıq subyekti olan iddiaçıya məxsus qaz sayğacına 23 yanvar 2023-cü il tarixində baxış keçirərək həmin sayğacı yerindən çıxararkən, o cümlədən sayğaca 06 aprel 2023-cü il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilərkən bu yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirməli idilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativhüquqi aktların tələblərinin pozulması ilə “X2 Reyestri”ndə qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə iclasında tərəflərin nümayəndələri ilə birlikdə, həmçinin iş materiallarına əlavə edilmiş abonent saldolarındakı qaz sərfiyyatına dair göstəricilər - həm yoxlama aparılan aydan əvvəlki və sonrakı ayların göstəriciləri, həm də ki, yoxlama aparılan ilin müvafiq aylarının göstəriciləri ilə həmin ildən əvvəlki və sonrakı illərin müvafiq aylarının göstəriciləri nəzərdən keçirilərək müqayisəli təhlil aparıldı və göstəricilər arasında əsaslı fərqlər müəyyən edilmədi. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında Cavabdeh tərəfindən iddiaçı X1 məxsus Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağaza binasının **********00200 nömrəli abonent koduna hesablanmış 2700 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağaza binasının **********00200 nömrəli abonent koduna hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1299/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1299/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver