Məhkəmə qərarları › İş №e-2-2(119)-1344/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1344/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1344/2024 13.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 01 fevral 2019-cu il tarixli müqavilə üzrə aylıq 372 (üç yüz yetmiş iki) manat məbləğində borc, nəzarət-kassa aparatının dəyərindən ödənilməyən 150 (yüz əlli) manat məbləğində borc, qeydiyyatdan çıxma aktının qarşılığı qismində 35 (otuz beş) manat olmaqla, cəmi 557 (beş yüz əlli yeddi) manat məbləğində pul vəsaitinin, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 fevral 2019-cu il tarixli 4923 nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehin istifadəsində olan “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatına servis texniki xidmət göstərməyi, cavabdeh isə bunun müqabilində aylıq 6 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il üçün olan dövr ərzində yerinə yetirməmişdir. Nəticədə onun 62 aylıq abunə borcu, yəni 372 manat məbləğində, nəzarət-kassa aparatının dəyərindən ödənilməyən 150 manat məbləğində və qeydiyyatdan çıxma aktı üçün 35 manat məbləğində borcları yaranmışdır. Borcun qaytarılması üçün cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 01 fevral 2019-cu il tarixli, 4923 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, istehlakçı (Cavabdeh) “Merkuri-130F-01” markalı və zavod nömrəsi 00224923 olan nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi servis texniki xidmət mərkəzinə (İddiaçı MMC-yə) tapşırır, servis texniki xidmət mərkəzi isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Həmin müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün, istehlakçı tərəfindən servis texniki xidmət mərkəzinə (STXM) hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə nəzarət kassa aparatına göstərilən texniki xidmət və təmirin dəyəri STXM-nin üzərinə düşür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya aylıq abunə haqqını (6 manat) borclu olduğu dövr xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixlərini əhatə etməklə ümumilikdə 62 ay təşkil edir və bununla əlaqədar 372 manat məbləğində, “Merkuri-130F-01” markalı nəzarət kassa aparatının dəyərindən ödənilməyən məbləğ 150 manat, o cümlədən qeydiyyatdan çıxmaya görə olan 35 manat məbləğində borc olmaqla, cəmi 557 manat məbləğində borcu vardır. İş materiallarında olan **********882200 nömrəli nəzarət kassa aparatının qeydiyyata alınması aktına əsasən, istehsal ili 2018-ci il olan “Merkuri-130F-01” markalı nəzarət kassa aparatı Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 372 manat dəyərində “Merkuri-130F-01” markalı nəzarət kassa aparatına xidmət göstərilməsi ilə əlaqədar 06 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10317298 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestrinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 27 nömrəli Qərarına əlavə edilmiş Siyahının 5-ci bəndində "Merkuriy 15 F,-01, -02, -03" markalı nəzarət kassa aparatlarını sifariş verən təşkilat qismində “Billur” Elm-İstehsalat Birliyi göstərilmişdir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 01 fevral 2019-cu il tarixli 4923 nömrəli servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanılmış, iddiaçı cavabdehin istifadəsində olan “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatına servis texniki xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində aylıq 6 manat məbləğində abunə haqqı ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 62 ay müddətində müqavilə öhdəliklərini yerinə yetirməyərək aylıq abunə haqqını ödəməmiş, nəticədə onun iddiaçıya 372 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 fevral 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehdən 372 manat məbləğində abunə haqqı borcunun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbində cavabdeh, həmçinin qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən iddiaçının xeyrinə 35 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Məhkəmə, bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən 35 manat pulun tələb edilməsinə baxmayaraq, həmin aktın özü iş materiallarına əlavə edilməmişdir, bununla da məhkəmə həmin aktın həqiqətən tərtib edilib-edilməməsi, tələb edilən məbləğin həmin aktın məzmununda qeyd edilib-edilməməsi, cavabdehin həmin aktla tanış olub-olmaması və bu kimi digər məsələləri, yəni iddia tələbinin bu hissəsinin əsaslılığını yoxlamaq imkanından məhrum olmuşdur. Digər tərəfdən, tərəflər arasında bağlanmış və iş materiallarına əlavə edilmiş 01 fevral 2019-cu il tarixli müqavilənin məzmununda da bununla bağlı, yəni nəzarət kassa aparatına texniki xidmətin göstərilməsi başa çatdıqda, yəni servis texniki xidmət mərkəzi istehlakçıya müqavilə üzrə görməli olduğu öhdəliyin icrasını başa çatdırdığı halda və ya müqaviləyə əsasən istehlakçı qismində çıxış edən cavabdeh aylıq 6 manat məbləğində vəsaiti ardıcıl olaraq ödəmədiyi halda qeydiyyatdan çıxma ilə əlaqədar hər hansı məbləğin ödənilməsinin nəzərdə tutulması ilə əlaqədar müddəalar qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən 35 manat məbləğində pulun tutulması ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, həmin aktın özü və ya bunu təsdiqləyə biləcək digər hər hansı sənəd iş materiallarına əlavə edilmədiyindən, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin məzmununda da bu barədə hər hansı müddəa nəzərdə tutulmadığından, bununla da həmin hal iş materialları ilə sübut edilmədiyindən iddia tələbinin 35 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin nəzarət-kassa aparatının dəyərindən ödənilməyən 150 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, həmin nəzarət-kassa aparatının ümumi dəyərinin hansı məbləğdə olması, cavabdehin həmin məbləğin hansı hissəsini ödəməsi və hazırda tələb edilən borcun məhz 150 manat məbləğində olmasının və məhz həmin hissənin ödənilməməsi ilə bağlı iddiaçı tərəfindən iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehə göndərilmiş və iş materiallarına əlavə edilmiş 06 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10317298 nömrəli elektron qaimə-fakturanın məzmununda da sözügedən nəzarət kassa aparatına xidmət göstərilməsi ilə əlaqədar aylıq xidmət haqlarının cəmi olan 372 manat dəyərində borcun olması qeyd edilmiş, nəzarət-kassa aparatının dəyərindən ödənilməyən 150 manat məbləğ həmin qaimə-fakturada da öz əksini tapmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, nəzarət-kassa aparatının dəyərindən ödənilməyən 150 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissədə iddia tələbinin əsaslılığı sübut yetirilmədiyi üçün təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia qismən təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı və cavabdeh arasında bağlanmış 01 fevral 2019-cu il tarixli müqavilə üzrə 372 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 402 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2019-cu il tarixli müqavilə üzrə 372 (üç yüz yetmiş iki) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 402 (dörd yüz iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar