Məhkəmə qərarları › İş №e-2-2(119)-1503/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1503/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1503/2024 19.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 01 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 19 may 2023-cü il tarixli, 237/23 nömrəli malların təqdim edilməsi və xidmət göstərilməsi müqaviləsi üzrə 3051,48 (üç min əlli bir manat, qırx səkkiz qəpik) manat məbləğində borc, 6000 (altı min) məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 may 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçıya xidmətlərin göstərilməsini sifariş verir və razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehə “İnterno” sistem qapıları ilə bağlı 2460 manat, künc profil silikon vurulması ilə bağlı 126 manat olmaqla, ƏDV daxil olmaqla ümumilikdə 3051,48 manat dəyərində xidmət göstərilmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli e-2-2(113)-4662/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2-2(113)-4662/2024 nömrəli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh iddiaçının gördüyü işlərlə sosial şəbəkə vasitəsilə tanış olmuş və təmsil etdiyi təşkilata qapıların quraşdırılması və həmin qapıların küncünə silikon vurulması xidmətlərinin göstərilməsini sifariş vermişdir. O, cavabdeh təşkilatın rəhbəri ilə görüşərək borc məbləği üzrə ödəniş həyata keçirilməsini tələb etmiş, lakin borcun ediləcəyi ilə bağlı vədlər verilməsinə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Mübahisənin məhkəməyə qədər həll edilməsinə cəhdlər edilsə də, cavabdeh təşkilat müxtəlif bəhanələrlə ödənişi həyata keçirməkdən yayınmışdır. İddiaçının qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın təmin ediılməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 19 may 2023-cü il tarixli 237/23 nömrəli malların təqdim edilməsi və xidmət göstərilməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi (Cavabdeh MMC) xidmətlərin göstərilməsini icraçıya (İddiaçı MMC-yə) sifariş verir və razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətlərini göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Həmin müqavilənin 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərinə əsasən, göstərilmiş xidmətin dəyərini ödəmək və xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək sifarişçinin vəzifələrinə aiddir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş müddət bitdikdən sonra ödənilməmiş xidmət haqqıya görə hər gecikdirilmiş gün üçün ödənilən günə qədər əlavə olaraq 1% cərimə hesablanacaqdır. İş materiallarında olan iddiaçının və cavabdehin nümayəndələri tərəfindən imzalanan 251/23 nömrəli materialların təhvil verilməsi haqqında akta əsasən, tərəflər təsdiq etmişlər ki, 20 oktyabr 2023-cü il tarixinə 3 ədəd “İnterno” sistem qapılarının quraşdırılması və künc profili və silikon vurulması işləri tamamlanmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi ilə əlaqədar 2586 manat və 465,48 manat ƏDV olmaqla, cəmi 3051,48 manat məbləğində 13 iyun 2023-cü il tarixli EBDH seriyalı 796702 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tətib edilən 19 may 2023-cü il tarixli 262/23 nömrəli hesab-fakturanın məzmunundan görünür ki, “İnterno” sistem qapılarının quraşdırılması 2460 manat, künc profil və silikon vurulması 126 manat, 465,48 manat ƏDV olmaqla, cəmi 3051,48 manat dəyərində xidmət həyata keçirilmişdir. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı ("xxxx" MMC) sifarişçinin (İddiaçı MMC-nin) Cavabdeh MMC-yə qarşı “Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 237/23 nömrəli müqavilə” üzrə yaranmış borcunu Cavabdeh MMC-dən məhkəmə qaydasında tələb etməklə bağlı hüquqi xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, sifarişçi icraçıya bu müqavilənin 1.1-ci maddəsində göstərilən borcun tələb edilməsinə dair iddia ərizəsinin hazırlanıb məhkəməyə təqdim edilməsi üçün ƏDV xaric olmaqla 500 (beş yüz) manat xidmət haqqı ödəməyi öhdəsinə götürür. Sifarişçinin tələbi “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” qaydasında baxılan iddia ərizələrinə aid olduğundan vəkil orderi əldə edilmədən iddia ərizəsi birbaşa sifarişçinin adından təqdim ediləcək. Gələcəkdə vəkil orderinin əldə edilməsi zərurəti yaranarsa, bunun üçün 350 (üç yüz əlli) manat məbləğində vəsait sifarişçi tərəfindən birbaşa olaraq vəkil bürosuna ödəniləcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, icraçı sifarişçinin hazırki xidmət müqaviləsi əsasında birinci instansiya məhkəməsi və həmin instansiya məhkəməsinə qədər çəkmiş olduğu xərcləri vurulmuş zərərin əvəzi kimi bu müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə qarşı aparılacaq məhkəmə işində tələb etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli 005İNT********** nömrəli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən "xxxx" MMC-yə 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli, **********805750 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən, iddiaçı tərəfindən "xxxx" MMC-yə 19 iyun 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 90 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 19 may 2023-cü il tarixli, 237/23 nömrəli predmeti “İnterno” sistem qapılarının quraşdırılması və künc profili və silikon vurulmasından ibarət olan podrat müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq cavabdeh tərəfindən sifariş edilən işi icra edərək ona təhvil vermiş, lakin cavabdeh göstərilən xidmətin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və nəticədə onun 3051,48 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 19 may 2023-cü il tarixli 237/23 tarixli malların təqdim edilməsi və xidmət göstərilməsi müqaviləsi üzrə 3051,48 manat məbləğində pulun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin cavabdehdən 6000 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 4.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 6000 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 250 (iki yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 590 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, yuxarıda istinad edilmiş 19 iyun 2024-cü il tarixli xidmət müqaviləsi, 25 iyun 2024-cü il tarixli, 005İNT********** nömrəli ödəniş qəbzi və 25 iyun 2024-cü il tarixli, **********805750 nömrəli köçürmənin aparılması haqqında bildirişlə müəyyən edilir ki, göstərilən hüquqi yardıma görə iddiaçı tərəfindən "xxxx" MMC-yə cəmi 590 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 590 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 590 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 400 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 25 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 53,01 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 53,01 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 19 may 2023-cü il tarixli 237/23 nömrəli malların təqdim edilməsi və xidmət göstərilməsi müqaviləsi üzrə 3051,48 manat məbləğində borc, 250 manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində pul vəsaitinin əvəzi və 53,01 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3754,49 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 3051,48 (üç min əlli bir manat, qırx səkkiz qəpik) manat məbləğində borc, 250 (iki yüz əlli) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin əvəzi və 53,01 (əlli üç manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3754,49 (üç min yeddi yüz əlli dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar