Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1361/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 29 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış diler müqaviləsi üzrə 11014,72 (on bir min on dörd manat, yetmiş iki qəpik) manat məbləğində borcun, 183 (yüz səksən üç) manat məbləğində faiz borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və 130 (yüz otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor (iddiaçı) dilerə (cavabdehə), özünə məxsus olan malları təklif edir və bunun əsasında diler tərəflərin distribütora məxsus olan malların satışını müqaviləyə və tərəflərin razılaşdırdıqları digər sənədlərdəki şərtlərə uyğun olaraq həyata keçirir. Tərəflər arasında imzalanmış 13 mart 2023-cü il tarixli üzləşmə aktının məzmunundan görünür ki, 13 mart 2023-cü il tarixinə cavabdehin iddiaçıya borcu 24625,16 manat təşkil edir və diler yaranmış borcu iddiaçının ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Bununla əlaqədar cavabdehə pretenziya məktubu göndərildikdən sonra onun tərəfindən müəyyən ödənilmiş edilmiş və hazırda cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçıya 11014,72 manat məbləğində borcu və həmin pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 183 manat məbləğində faiz borcu vardır. İddiaçı 01 noyabr 2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 7014,72 (yeddi min on dörd manat, yetmiş iki qəpik) manat məbləğində borc, 116 (yüz on altı) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat pul vəsaitinin və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7560,72 (yeddi min beş yüz altmış manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək həmin ərizənin məzmununa uyğun izahatlar verdi. İddiaçının nümayəndəsi tələb edilən borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsi ilə bağlı bildirdi ki, Cavabdeh İddiaçı QSC-nin servisinə 4 ədəd televizor və 1 ədəd mikrodalğalı soba təhvil verdiyini bildirmiş, həmin məhsulların dəyərinin tələb edilən borcdan çıxılmasını xahiş etmişdir. O, təmsil etdiyi təşkilatın səlahiyyətli şəxsləri ilə bu məsələni aydınlaşdırmaq üçün danışıqlar aparmış, həmin şəxslər ona cavabdehdən həmin televizorların və sobanın eyniləşdirilməsi üçün identifikasiya və ya seriya nömrələrinin tələb edildiyini, lakin cavabdeh tərəfindən həmin məlumatlar təqdim edilmədiyinə görə, məhsulların tapılmadığını bildirmişlər. Yəni cavabdeh məhsulları İddiaçı QSC-nin nümayəndəsinə servisə aparması üçün təhvil verdiyini, lakin məhsulların geri qaytarılmadığını bildirsə də, zəruri sənədlər təqdim edilmədiyinə görə, məhsullların təhvil verildiyini müəyyən etmək olmamışdır. Servisə məhsul təhvil verilən zaman təhvil verildiyini təsdiq edən sənəd təqdim edilir. Təmsil etdiyi təşkilatın 2 servis mərkəzi olmuşdur: “Samsung” və “Techno” servis. Hazırda ikisi də fəaliyyət göstərmir. Servislər fəaliyyət göstərməsə də, bu vaxta qədər müştərilərə təhvil verilməyən mallar hələ də anbarda saxlanılır. Əgər cavabdehin qeyd etdiyi məhsullar servisə təhvil verilsəydi, orada qalmış olardı. “Samsung” adlı servisdə televizorlar, məişət texnikaları təmir edilmir. Ona görə də “Techno” adlı servisdə dəfələrlə axtarış həyata keçirilmiş, lakin cavabdehin qeyd etdiyi məhsullar tapılmamışdır. 01 aprel 2023-cü il tarixli üzləşmə aktındakı cavabdeh tərəfindən edilmiş əlavə qeydlərə xüsusi olaraq ayrıca etiraz edilməmişdir. Sadəcə olaraq üzləşmə aktında qeyd edilmiş məbləğ cavabdeh tərəfindən əlavə qeydlərdəki əsaslarla mübahisələndirildikdən sonra təmsil etdiyi təşkilat tərəfindən lazımi araşdırmalar aparılmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq 01 noyabr 2024-cü il tarixində məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 15 avqust 2024-cü il tarixində keçirilmiş hazırlıq və 13 dekabr 2024-cü il tarixli yekun iclaslarında iştirak etmiş cavabdeh iddianı qismən qəbul etdiyini qeyd edərək izahatlarında bildirmişdir ki, iddiaçının nümayəndələri ilə birlikdə borca dair üzləşmə aktını imzalayarkən aktda göstərmişdir ki, borc məbləği həmin üzləşmə aktında göstərilmiş məbləğdən təxminən 4000 manat məbləğində azdır. Belə ki, iddiaçı təşkilatdan əsasən “Samsung” markalı mallar əldə edərək başqa şəxslərə satmışdır. Satışını həyata keçirdiyi bəzi mallarda problem yaranmış, müştərilər nasazlıq olan həmin malları servisə göndərmək üçün ona təqdim etmiş, o da İddiaçı QSC-nin işçisi Zaur adlı şəxsə bu barədə məlumat vermiş, Zaur vasitəsilə həmin malları İddiaçı QSC-yə göndərmişdir. Lakin İddiaçı QSC həmin məhsulları geri qaytarmamışdır. Müştərilər narazılıq etdiyi üçün o, Zaura zəng edərək bu barədə məlumat vermiş, Zaur müştərilərə mağazada olan yeni malları verməsini, sonradan ona yeni mallar göndəriləcəyini bildirmişdir. Lakin ona yeni mallar təhvil verilməmiş və İddiaçı QSC-nin rəhbərliyinə müraciət edən zaman bu məsələnin araşdırılacağı bildirilmiş, buna baxmayaraq məsələ həllini tapmamışdır. Zaur adlı həmin şəxs mənimsəmə cinayətinə görə məhkum olduğuna görə, hazırda cəzaçəkmə müəssisəsindədir. Həmin vaxt iddiaçı təşkilatın direktoru Seyran bəyə geri qaytarılan malların modelləri barədə məlumat vermiş, o da müvafiq araşdırmalar aparılacağını bildirmişdir. Sonralar servis bağlanmış, xeyli müddət keçsə də, həmin mallar barədə ona məlumat verilməmişdir. Məsələ ilə bağlı Seyran bəyə yenidən müraciət edəndə sonuncu ona birlikdə işləyərkən dövriyə artdıqca borc məbləğindən silinmələr aparılacağını bildirmişdi. Məhz servisə göndərilən həmin məhsullar geri qaytarılmadığına görə iddiaçı təşkilatın hesabatı ilə onun özünün hesablamaları arasında 4000 manata yaxın pul fərqi yaranmışdır. O, həmçinin məhkəməyə həmin malların iddiaçı təşkilata təhvil verildiyini təsdiq edəcək şahid gətirə bilər. 01 aprel 2023-cü il tarixli üzləşmə aktının “Əlavə qeydlər” bölməsində olan qeydlərin mahiyyəti budur ki, iddiaçı təşkilatın audit şöbəsinin rəhbəri onun yanına gələrək borcu təsdiq edən aktı imzalamasını tələb etmiş, o da borc məbləğindən servisə verilən malların dəyəri çıxılmasa, həmin aktı imzalamayacağını bildirmişdir. Həmin şəxs də ona “Əlavə qeydlər” bölməsində razı olmadığı məqamları qeyd edə biləcəyini demişdir. Cavabdeh servisə verilən malların dəyəri istisna olmaqla qalan hissədə iddianı qəbul etdiyini bildirərək göstərdiyi halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən tərtib edilmiş, iddiaçının nümayəndələri və cavabdehin özü tərəfindən imzalanmış və tərəflərin hər ikisinə məxsus möhürlə möhürlənmiş 01 aprel 2023-cü il tarixli üzləşmə aktına əsasən, cavabdehin iddiaçıya borcunun məbləği 24625,16 manat təşkil edir. Həmin aktın “Əlavə qeydlər” bölməsində qeyd edilmişdir: “4x765 (TV Samsung) + 1x205 (Mikrovolnovka Samsung) = 21360,16”. İş materiallarında oolan 01 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya həmin tarixə 7014,72 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı, bu malları öz adından və öz hesabına başqasına satmağı və bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, distribütor qismində çıxış edən İddiaçı QSC müxtəlif növ “Samsung” markalı malları diler olaraq satışının həyata keçirilməsi üçün Cavabdeh təhvil vermiş, cavabdeh həmin malların dəyərini iddiaçıya tam ödəmədiyindən qalıq borcun tutulması üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı əsas borc olaraq cavabdehdən əsas borc 7014,72 manat olmaqla, cəmi 7560,72 manat məbləğində pulun tutulmasını xahiş etmiş və nümayəndəsi tərəfindən həmin tələb müdafiə edilmişdir. Cavabdeh isə tələbi qismən qəbul etdiyini, iddiaçı tərəfindən ona təhvil verilən malların bəzilərində texniki poblemlər yarandığı üçün onları servisə təhvil verdiyini və həmin malların ona qaytarılmadığını, bu barədə aralarında tərtib edilərək imzalanmış 01 aprel 2023-cü il tarixli üzləşmə aktında da müvafiq qeydlər etdiyini və qərar qəbil edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda - “İş materialları” bölməsində qeyd edildiyi kimi, tərəflərin hər ikisi tərəfindən müvafiq qaydada imzalanaraq möhürlənmiş 01 aprel 2023-cü il tarixli üzləşmə aktının məzmununda cavabdehin iddiaçıya borcunun məbləğinin 24625,16 manat təşkil etdiyi qeyd edilsə də, həmin aktın “Əlavə qeydlər” bölməsinə cavabdeh tərəfindən qeyd edilmişdir ki, borcun məbləği 21360,16 manatdır. Məhkəmə iş materiallarına əsli əlavə edilmiş həmin üzləşmə aktı barədə Mülki Prosessual Məcəllənin 76.1-ci, 80-ci, 88-ci, 89.1-ci və 89.3-cü maddələri baxımından qiymətləndirmə aparır və müəyyən edir ki, qeyd edilən sübut tərəflərin tələbini və etirazını əsaslandıran halları müəyyən edir, yəni hər iki tərəfin iddiaya dair mövqeyini müəyyən edən hallarla əlaqədardır və onun mötəbərliyi mübahisə doğurmur. Həmin aktın məzmunundakı cavabdehin qeydinə iddiaçı tərəfindən hər hansı etiraz qeydi daxil edilməmiş, o cümlədən həmin tarixdən sonra cavabdehin borcunun məbləğinə dair hər hansı digər akt məhkəməyə təqdim edilməmiş, üstəlik sözügedən 01 aprel 2023cü il tarixli üzləşmə aktı hazırkı iddia ərizəsi ilə bağlı əsas sübut növü kimi elə iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, mübahisənin ədalətli həlli üçün 01 aprel 2023-cü il tarixli üzləşmə aktında iddiaçının cavabdehə aid etdiyi etdiyi borc məbləği ilə cavabdehin özünün qeyd etdiyi borc məbləği arasındakı fərq tapılmalı və bu fərq məbləği hazırkı iddia tələbindən çıxılaraq borcun yekun məbləği müəyyən edilməlidir. Həmin fərq 3265 (24625,16 - 21360,16 = 3265) manata bərabərdir. İddiaçının tələb etdiyi borc məbləğindən bu fərqin məbləği çıxıldıqda isə, nəticə 3749,72 manata (7014,72 – 3265 = 3749,72) bərabər olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 7014,72 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi qismən təmin edilməli, borcun məbləği 3749,72 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 116 manat məbləğində faiz borcunun tutulmasına dair hissəsi də qismən təmin edilməli, 3749,72 manat məbləğində olan əsas borc məbləğinə münasibətdə gecikmə məbləği olan 62,49 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır (3749,72 : 100 x 5) : 12 x 4 = 62,49). Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 mart 2024-cü il tarixli #006XOH********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən müvafiq vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi tam təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bunlardan əlavə, iddia tələbinin ödənilmiş 130 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 10 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 98,12 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 98,12 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun məbləğini hesablayarkən məhkəmə nəzərə alır ki, cavabdeh ümumi borcundan 4000 manat məbləğində pul vəsaitini məhkəmə prosesləri gedişində iddiaçıya ödəmişdir və bu məbləğ “iddianın təmin edilmiş hissəsi” anlayışına daxil olmadığından rüsumun məbləği heablanarkən həmin məbləğ də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3749,72 manat məbləğində borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə beş faizlə hesablanmış 62,49 manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində pul vəsaitinin əvəzi və 98,12 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4170,33 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3749,72 (üç min yeddi yüz qırx doqquz manat, yetmiş iki qəpik) manat məbləğində borc, 62,49 (altmış iki manat, qırx doqquz qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin əvəzi və 98,12 (doxsan səkkiz manat, on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4210,33 (dörd min iki yüz on manat, otuz üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1361/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1361/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver