Məhkəmə qərarları › İş №e-2-2(119)-1459/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1459/2022

25.08.2022 · Xususi icraat - Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qətnamənin qəbul edilməsi barədə işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1459/2022 25.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Ərizəçi tərəfindən verilmiş “müflis elan edilmə” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “müflis elan edilmə” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “Ərizəçi müflis elan edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar Ərizəçi “müflis elan edilmə” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş həmin ərizənin Giriş hissəsində (“Tərəflər” bölməsində) ərizəçi qismində Ərizəçi adı göstərilmiş olsa da, proses iştirakçısı olan maraqlı şəxsin adı (ərizənin mətnində maraqlı şəxs qismində qeyd olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adı) göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə ərizənin Giriş hissəsində (“Tərəflər” bölməsində) maraqlı şəxsin də adı və ünvanı ərizəçi tərəfindən göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Eyni zamanda, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin tələblərinə görə borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilərək imzalanmalı və eləcə də, iflas haqqında məhkəməyə verilən ərizədə ərizənin verildiyi məhkəmənin adı; borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı və borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar göstərilməlidir. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə görə, qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər də əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, “müflis elan edilmə” barədə ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilməsini və onun tərəfindən həmin ərizənin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə ərizəçi məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən ərizələrin və ona əlavə edilmiş sənədlərin digər proses iştirakçısına çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin maraqlı şəxsə də həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlər maraqlı şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, məhkəmə ərizəçinin diqqətinə çatdırmağı lazım bilir ki, xüsusi icraat qaydasında verilmiş ərizədə “Ərizəçi müflis elan edilməsi” xahiş edilsə də, həmin ərizə üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı ərizə Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, ərizəçinin diqqətinə çatdırılır ki, “müflis elan edilmə” barədə ərizə ilə məhkəməyə müraciət olunarkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq tələbləri lazımi qaydada yerinə yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş “müflis elan edilmə” barədə ərizə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar