Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1509/2025 08.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 23 iyun 2025-ci il tarixində tərtib olunmuş üzləşmə aktında X1 adına qeyd olunan 122651,59 (yüz iyirmi iki min altı yüz əlli bir manat, əlli doqquz qəpik) manat məbləğində borcun hüquqi əsassız hesab edilməsi, göstərilən borcun X1 balansından çıxarılması və birlik üzərinə borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsində “Bu ödəniş rüsumdan azaddır - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar” olaraq qeyd etmiş və müvafiq məbləğdə dövlət rüsumunu ödəmədən Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilməlidir ki, əgər iddiaçı hazırkı mübahisənin istehlakçı hüquqlarının pozulması ilə əlaqədar deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisə hesab edərək kommersiya məhkəməsinə müraciət etmişdirsə, qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədləri iş materialları ilə birlikdə məhkəməyə təqdim etməlidir. Eyni zamanda, iddia ərizəsində həmin ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5ci maddəsinə və “İstehlakçıların hüquqlarının müfafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırkı iş üzrə mübahisənin iddiaçı təşkilatın sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, istehlakçı olaraq həyata keçirdiyi fəaliyyətindən irəli gəldiyini hesab etdiyi halda, istinad edilmiş hüquq normalarına müvafiq olaraq, dövlət rüsumu ödəmədən müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bundan başqa, iddiaçının diqqətinə çatdırılır ki, hazırkı iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iddia ərizəsinin məzmununda tərəflər arasında müqavilə münasibətlərinin mövcud olub-olmaması barədə məlumatın qeyd edilməsi, olduğu halda həmin müqavilənin və digər zəruri sənədlərin iş materiallarına əlavə edilməsi, hazırkı iddiaçının cavabdehə qarşı iddia qaldırmaq üçün mülki-prosessual fəaliyyət qabiliyyətinin olub-olmamasının müəyyən edilməsi üçün isə Birliyin təsis sənədinin (nizamnamə və ya əsasnamə) iş materiallarına əlavə edilməsi məqsədəmüvafidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1509/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1509/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver