Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-152/2025 07.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 sentyabr 2020-ci il tarixli 0318-ZƏŞ-GM/20 nömrəli konsiqnasiya müqaviləsinə əsasən yaranmış 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (əvvəlki adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh oğlu arasında 19 sentyabr 2020-ci il tarixli, 0318-ZƏŞ-GM/20 saylı konsiqnasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə alıcıya satmağı və alıcı isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh oğluna iddiaçı tərəfindən ümumi dəyəri 1668,60 (min altı yüz altmış səkkiz manat altmış qəpik) manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4-cü bəndinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh qeyd olunan məbləğin yalnız 855,20 (səkkiz yüz əlli beş manat iyirmi qəpik) manat hissəsini ödəmiş, 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat qalıq borcu isə ödəməmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat borcunu ödəməmişdir. Müqavilənin 2.4.3-cü bəndinə əsasən alıcı tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin bəndə və Mülki Məcəllənin müvafiq maddələrinə əsaslanaraq iddiaçı tərəfindən Cavabdeh ilə 19 sentyabr 2020-ci il tarixdə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yerdə qalan 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat dəyərindəki borcu üçün 10 iyul 2024-cüil tarixində elektron pretenziya məktubu göndərilmişdir. Cavabdeh 25 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun iddiaçıya hal-hazırda təxminən 400 manat borcu var. İddiaçı ondan əsassız yerə 813,40 manat pul tələb edir. Belə ki, adı çəkilən təşkilat ilə alış-veriş etdiyi zaman müəyyən qaimələr yazılmışdır. İddiaçı tərəfindən tez-tez satış üzrə işçilərin dəyişdirilməsi bu kimi problemlər yaratmışdır. 20 noyabr 2024-cü il tarixdə o, "GMC Group” MMC-nin hüquqşünası ilə əlaqə yaradaraq problemi həmin şəxsə bildirmiş, yaxın müddət ərzində İddiaçı MMC-yə gedərək orada bu məsələnin aydınlaşdırılacağı barədə razılığa gəlmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli e-2-2(119)- 2028/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəməyə 20 dekabr 2024-cü, 08 yanvar 2025-ci, 21 yanvar 2025-ci və 03 fevral 2025-ci il tarixli ərizələr ünvanlayaraq iddianı qismən qəbul etdiyini, İddiaçınə 400 manat borcu olduğunu, həmin borcu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. O, İddiaçı ilə arasında alış-veriş zamanı heç vaxt hər hansı sənəd imzalanmadığını, işçilərin bu məsələyə məsuliyyətsiz yanaşdığını, pulu malı mağazaya gətirən işçilərə birbaşa ödədiyini, həmin əməkdaşların aidiyyatı üzrə düzgün hesabat vermədiyini, onların tez-tez dəyişdiyini, buna görə də bunu kimi çətinliklər yarandığını vurğulamışdır. Tərəflər məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onların nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və alıcı Cavabdeh arasında bağlanmış 19 sentyabr 2020-ci il tarixli 0318-ZƏŞ-GM/20 nömrəli konsiqnasiya müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satır, alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Həmin müqavilənin 2.1.4-cü yarımbəndinə əsasən həftədə bir dəfə satılmış məhsulların müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəmək və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmaq alıcının vəzifəsidir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi” haqqında 01 nömrəli akta əsasən iddiaçı tərəfindən cavabdehə 1668,60 manat dəyərində mal təhvil verilmişdir. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixli məlumatda göstərilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2020-ci il tarixli 0318-ZƏŞ-GM/20 nömrəli konsiqnasiya müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 1668,60 (min altı yüz altmış səkkiz manat səksən qəpik) manat dəyərində mal satılmış, cavabdeh tərəfindən 855,20 manat ödəniş həyata keçirilmiş və 813,40 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. - 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir - 840.1-ci və 840.2-ci maddələrinə əsasən konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır. Konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında alqı-satqı, saxlama və konsiqnasiya anbarında saxlama müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı müəyyən malları sifarişə uyğun miqdarda və çeşiddə cavabdehə satmağı, cavabdeh isə öz növbəsində bu mallar satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, müqavilə öhdəliklərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 1668,60 manat dəyərində məhsul verilmiş, cavabdeh həmin məhsullara görə 855,20 manat məbləğində ödəniş etsə də, qalan 813,40 manat məbləğindəki malların dəyərini ödəməmiş, o cümlədən həmin malları iddiaçıya geri qaytarmamış, bununla da cavabdeh müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh iddiaçıya cəmi 400 manat borcu olduğunu, pulu malı mağazaya gətirən iddiaçının işçilərinə birbaşa ödədiyini, həmin əməkdaşların aidiyyatı üzrə düzgün hesabat vermədiyini bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansısa mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəflər arasındakı bağlanmış 19 sentyabr 2020-ci il tarixli 0318-ZƏŞ- GM/20 nömrəli konsiqnasiya müqaviləsinin şərtlərini, yuxarıda istinad edilən Mülki Məcəllənin 600.4-cü, 822-ci, 837.2-ci, 840.1-ci və 840.2-ci maddələrinin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat məbləğində bоrcun cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “30 (otuz) manat məbləğində rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 843,40 (səkkiz yüz qırx üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 813,40 (səkkiz yüz on üç manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 843,40 (səkkiz yüz qırx üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-152/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-152/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver