Məhkəmə qərarları › İş №e-2-2(119)-569/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-569/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-569/2024 14.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 18885,5 manat məbləğində pul borcu və pulun gecikdirilməsinə görə 16 may 2023-cü il tarixindən başlayan dövr üçün 9442 manat ödənməsi gecikdirilmiş pulun faizi olmaqla, cəmi 28327 manat məbləğində pulun, mediasiyaya ödənilən 210 manat pulun və ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti arasında 18 yanvar 2023-cü il tarixində 1 il müddətinə “Xidmət və maların alqı-satqısı” müqaviləsi bağlanmış (müqavilə BNFFC-İT № 2) və həmin müqavilə əsasında iddiaçı həmin müəssisədə icraçı kimi işləmişdir. Lakin, 2023-cü ilin may tarixindən keçən müddət ərzində cavabdeh Təşkilat onun xidmət haqqısı olan pulu ödəməmişdir. Bu barədə ərizə ilə cavabdeh Təşkilata müraciət edilsə də, cavabdeh 11 noyabr 2023-cü il tarixli “Borcun qarşılıqlı üzləşdirilməsinə dair” Akt tərtib edib, 18 yanvar 2023-cü il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya 18885,5 manat məbləğində borcunun olduğunu təsdiq etsə də, həmin borcu ödəməmişdir. İddiaçı 05 fevral 2024-cü il tarixdə də cavabdeh Təşkilata pretenziya göndərərək, 18885,5 manat məbləğində pul borcunun və həmin pulun gecikdiriməsinə görə 16 may 2023-cü il tarixindən başlayan dövr üçün hesablanan 9442 manat ödənməsi gecikdirimiş pulun faizinin 10 gün ərzində ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Lakin, cavabdeh Təşkilat bu müraciətə cavab verməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcu olmasını iddiaçı tərəfindən müvafiq qaydada təqdim edilmiş elektron qaimələr də təsdiq edir. 18 yanvar 2023-cü il tarixli müqavilənin 3ci bəndinə görə icraçı göstərdiyi xidmətin haqqının ödənilməsini tələb edə bilər. İddiaçı müqavilə üzrə öhdəlikləri və bütün xidmətləri və sifarişləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirmişdir. 18 yanvar 2023-cü il tarixli müqavilənin 4-ci bəndinə görə ödənişlər qanunvericiliyə uyğun olaraq icraçının bank hesabına köçürmə yolu ilə 10 bank günündən gec olmayaraq həyata keçirilir. Bundan əlavə, ödənişi gecikdirdiyi hər gün üçün iddiaçı ümumi borcun məbləğinin illik 5 faizi həcmində pul tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsinin normasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin məbləğ isə pulun gecikdiriməsinə görə 2023-cü ilin may ayından başlayaraq hazırki vaxt tarixinədək olan dövr üçün 9442 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 18885,5 manat məbləğində əsas borcun, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 16 may 2023-cü il tarixindən başlayan dövr üçün hesablanan 9442 manat məbləğində ödənməsi gecikdirilmiş pulun faizinin, mediasiyaya ödənilən 210 manat pulun və ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti (VÖEN **********) arasında 18 yanvar 2023-cü il tarixli BNFFC-İT № 02 nömrəli "Xidmət və malların alqı-satqısı" Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, Sifarişçi - İcraçıya malların alqı-satqısı və xidmət göstərilməsinə dair müvafiq sifarişlər göndərməyi və müqavilə üzrə yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin (alqı-satqının) təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, İcraçı tərəfindən göstərilmiş xidmət və alqısatqıya dair öhdəlik Tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra yerinə yetirilmiş sayılır. Xidmətin və ya alqı-satqının ödənişi Tərəflərin razılaşması əsasında Protokola uyğun olaraq həyata keçirilir. Bu Müqavilə üzrə ödənişlər qanunvericiliyə uyğun olaraq İcraçının bank hesabına köçürmə yolu ilə 10 (on) bank günündən gec olmayaraq həyata keçirilir. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 18 Yanvar 2024-cü il tarixinədək qüvvədədir. İş materiallarında olan Cavabdeh Nəqliyyat Şöbəsi tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş 31 may 2023-cü il tarixli Xidmət Aktından görünür ki, Xidmət göstərən fiziki şəxs - İddiaçı kimi qeyd edilən yükləyici-ekskavator 2023-cü ilin may ayında üç növbəli iş rejimində 22 (iyirmi iki) gün işləmişdir. İş materiallarında olan Elektron Qaimələrlə müəyyən olunur ki, 18 yanvar 2023-cü il tarixli BNFFC-İT № 02 nömrəli "Xidmət və malların alqı-satqısı" Müqaviləsi əsasında işlərin görülməsi ilə əlaqədar icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə 09 fevral 2023-cü il tarixli EBCO 563873 nömrəli Elektron Qaimə üzrə 4280 manat dəyərində, 09 fevral 2023-cü il tarixli EBCO 564205 nömrəli Elektron Qaimə üzrə 6259,5 manat dəyərində, 16 may 2023-cü il tarixli EBDF 700393 nömrəli Elektron Qaimə üzrə 4868,5 manat dəyərində, 07 iyul 2023-cü il tarixli EBDJ 429850 nömrəli Elektron Qaimə üzrə 10593 manat dəyərində, 07 iyul 2023-cü il tarixli EBDJ 429571 nömrəli Elektron Qaimə üzrə 2100 manat dəyərində və 21 iyul 2023-cü il tarixli EBDK 418131 nömrəli Elektron Qaimə üzrə 3210 manat dəyərində xidmətlərin göstərilməsi barədə elektron qaimələr təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan və sifarişçi Cavabdeh tərəfindən imzalanıb-möhürlənmiş 11 noyabr 2023-cü il tarixli “Borcların qarşılıqlı üzləşdirilməsinə dair” Aktda göstərilir ki, sifarişçi Cavabdeh 11 noyabr 2023-cü il tarixinə icraçı İddiaçı cəmi 18885,5 (on səkkiz min səkkiz yüz səksən beş manat 50 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 18 yanvar 2023-cü il tarixli BNFFC-İT № 02 nömrəli "Xidmət və malların alqı-satqısı" Müqaviləsi üzrə görülmüş işlərə görə cəmi 18885,5 (on səkkiz min səkkiz yüz səksən beş manat 50 qəpik) manat məbləğində əsas borc sifarişçi Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti tərəfindən icraçı İddiaçı ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 18 yanvar 2023-cü il tarixli BNFFC-İT № 02 nömrəli "Xidmət və malların alqı-satqısı" Müqaviləsi üzrə “Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 18885,5 manat məbləğində pul borcu və pulun gecikdirilməsinə görə 16 may 2023-cü il tarixindən başlayan dövr üçün 9442 manat ödənməsi gecikdirilmiş pulun faizi olmaqla, cəmi 28327 manat məbləğində pulun, mediasiyaya ödənilən 210 manat pulun və ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi” xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün Dövlət Büdcəsinə isə 115 (yüz on beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 18 yanvar 2023-cü il tarixli BNFFC-İT № 02 nömrəli "Xidmət və malların alqısatqısı" Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş cəmi 18885,5 (on səkkiz min səkkiz yüz səksən beş manat 50 qəpik) manat məbləğində əsas borcun Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, İddiaçı iddia tələbində Cavabdeh MMC-dən "pulun gecikdirilməsinə görə 16 may 2023-cü il tarixindən başlayan dövr üçün 9442 manat ödənməsi gecikdirilmiş pulun faizinin tutulmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı həmin iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Buna görə də, "pulun gecikdirilməsinə görə 16 may 2023-cü il tarixindən başlayan dövr üçün 9442 manat ödənməsi gecikdirilmiş pulun faizinin tutulması” hissəsində iddia tələbi əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 18885,5 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hesablanmış dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmiş 115 (yüz on beş) manat hissəsinin əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ümumilikdə hesablanan 146,66 (yüz qırx altı manat 66 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 31,66 (otuz bir manat 66 qəpik) manat (146,66 manat – 115 manat = 31,66 manat) məbləğində pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən (VÖEN **********) 18885,5 (on səkkiz min səkkiz yüz səksən beş manat 50 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı və 115 (yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19210,5 (on doqquz min iki yüz on manat 50 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı olan 31,66 (otuz bir manat 66 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar