Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1682/2025 11.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Sumqayıt Elektrik Şəbəkəsi tərəfindən 23 iyun 2025-ci il tarixində tərtib edilmiş üzləşmə aktında iddiaçının adına qeyd olunan 122651,59 (yüz iyirmi iki min altı yüz əlli bir manat, əlli doqquz qəpik) manat məbləğində borcun hüquqi əsassız hesab edilməsi, göstərilən borcun iddiaçının balansından çıxarılması və iddiaçının üzərinə borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 iyun 2025-ci il tarixində "xxxx" ASC-nin tabeliyində olan Sumqayıt Elektrik Şəbəkəsi İddiaçı ilə bağlanmış üzləşmə aktında iddiaçının adına elektrik enerjisindən istifadəyə görə 122651,59 manat məbləğində borc rəsmiləşdirilmişdir. Lakin həmin borcun mənşəyi, hüquqi mənbəyi və ya konkret hesablanma əsası təqdim edilməmişdir. Əldə edilmiş ilkin məlumata və iddiaçı tərəfindən aparılmış araşdırmaya əsasən məlum olmuşdur ki, borc iddiaçının indiki rəhbərliyinin və idarə heyətinin fəaliyyət dövründə deyil, əvvəlki illərdə, hətta bəzən iddiaçı tərəfindən, ümumiyyətlə idarə olunmamış obyektlər üzrə yaranmışdır. Bundan başqa, borcun formalaşdığı dövrlər üzrə iddiaçının texniki xidmət və ya istifadə hüququ olmamışdır. Bütün bunlarla yanaşı, obyektlərdən istifadə edən şəxslər arasında müstəqil hüquqi subyektlər və ya fiziki şəxslər olmuş, onlar barəsində aidiyyəti qurumlara məlumat verilmişdir. Həmçinin üzləşmə aktında müqavilə nömrəsi, tariflər, aylıq sərfiyyat göstəriciləri, ölçü cihazlarının göstəriciləri, cərimə və faizlərin hesablanma əsasları göstərilməmişdir. Bu səbəbdən təqdim edilmiş borc həm məbləğ etibarilə əsaslandırılmamış, həm də hüquqi məsuliyyətin ünvanlandığı subyekt baxımından düzgün müəyyən edilməmişdir. İddiaçı cavabdehə dəfələrlə sorğularla müraciət edərək təqdim olunan məbləğin hansı müqavilə əsasında, hansı tarixlər üzrə və konkret hansı ölçü göstəricilərinə əsasən formalaşdığı barədə məlumat tələb etsə də bu sorğulara konkret cavab verilməmiş, tələb olunan təsdiqedici sənədlər (müqavilələr, sərfiyyat aktları, ölçü jurnalları və s.) təqdim edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, hansısa hüquqi və ya fiziki şəxs digər şəxsin borcuna görə məsuliyyət daşımır. Əgər iddiaçı hər hansı keçmiş hüquqi şəxsin varisi olmuşdursa, bu yalnız rəsmi təhvil-təslim aktı, varislik müqaviləsi, yaxud borcun ötürülməsinə dair razılaşdırılmış sənədlə sübuta yetirilməlidir. Lakin belə sənədlər təqdim edilmədiyindən iddiaçının həmin borca görə hüquqi məsuliyyət daşıması mümkün deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, müqavilə tələblərindən irəli gələn iddialar üçün iddia müddəti 3 ildir. Təqdim edilən borcun 2022-ci ildən əvvəlki dövrlərə aid olması ehtimalı yüksəkdir. Əgər bu borc üzrə məhkəməyə müraciət olunmayıbsa və icra tədbiri görülməyibsə, iddia müddəti başa çatmış və tələb hüququ hüquqi baxımdan qüvvədən düşmüşdür. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı hazırda həmin obyektlərdə xidmət göstərsə də, bu, keçmiş dövrlərə dair borcun hüquqi məsuliyyətini üzərinə götürməsi anlamına gəlməməlidir. Xidmət göstərmək və ya icarə ilə istifadə etmək gələcək sərfiyyata aid məsuliyyət yarada bilər, lakin keçmiş borclar yalnız onların dövründə fəaliyyət göstərən subyektlərin üzərinə düşür. İstehlak edilmiş elektrik enerjisi üzrə münasibətləri tənzimləyən əsas normativ aktlardan biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”ndan irəli gələn əsas prinsiplərdən biri konkret abonent, müqavilə və ölçü cihazı əsasında məsuliyyətin müəyyən edilməsidir. İddiaçı isə qeyd edilən borc üzrə nə rəsmi abonent, nə də müqavilə tərəfidir. Cavabdeh "xxxx" ASC 21 oktyabr 2025-ci il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı 01 iyul 2001-ci il tarixindən qeydiyyata alınmış, hazırkı vaxtadək 1123158,73 manat dəyərində elektrik enerjisindən istifadə etdiyi halda 1021512,86 manat məbləğində ödəniş həyata keçirmişdir, hazırda iddiaçının elektrik enerjisindən istifadəyə görə 101645,87 manat məbləğində borcu qalmışdır. İddiaçı isə 122651,59 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin ona hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün qeyd edilən hallar göstərir ki, abonent istehlak etdiyi elektrik enerjisi üzrə borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.10cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qeyd edilən hallar iddiaçının istinad edilən Qaydaların tələblərini açıq-aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 31 oktyabr 2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizədə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci və 9.10-cu bəndlərinə istinad edərək qeyd etmişdir ki, abunə haqqında çıxarışdan görünür ki, hazırkı iddiaçı 01 iyul 2015-ci il tarixədək sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtında tam həcmdə ödəməmişdir. 2015-ci ilin iyul ayından sayğac əsasında sərf edilmiş elektrik enerjisi haqlarına dair istehlakçıya təqdim edilmiş bildirişlərdə iddiaçının aylıq sərfiyyatı və əvvəlki dövrlər üzrə qalıq borc məbləğləri öz əksini tapmışdır. Həmçinin üzləşmə aktlarından göründüyü kimi iddiaçının borc barədə məlumatı olmuşdur. Göründüyü kimi, iddiaçı 2015-ci ilə qədər hesablanmış borc məbləğlərindən 2015-ci ilin iyul ayından məlumatlı olmasına baxmayaraq, bu barədə vaxtında müraciət etməmiş və 10 il sonra, yəni iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia müddətinin keçməsinə görə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öz elektron sistemi mövcud olmuş, "xxxx" ASC yaranarkən isə yeni elektron sistemlə fəaliyyət göstərmişdir. Buna görə də inteqrasiya dövr borcu 07 iyul 2015-ci il tarixinə hesablanmış borc kimi görünür. 101303 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinmişdir. 15 yanvar 2026-cı il tarixinə borc 678,37 manat məbləğindədir. İddia ərizəsində qeyd edilən borc addəyişmə zamanı tələb oluna bilər, lakin hazırkı vaxtda cavabdeh təşkilat tərəfindən hər hansı borc tələb edilmir. Cavabdehin nümayəndəsi borcun mövcud olmaması və iddia tələbinin düzgün tərtib edilməməsinin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 09 sentyabr 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, illər üzrə olan üzləşmə aktları iddiaçıya yalnız 23 iyun 2025-ci il tarixində imzalanmaq üçün təqdim edilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan “Elektrik enerjisindən istifadə qaydaları”na 2 nömrəli əlavə olan tərəflər arasında bağlanmış 17 yanvar 2025-ci il tarixli elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 1-ci bəndinə əsasən, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. İş materiallarına iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 2015-ci ildən 2025-ci ilədək olan dövr ərzində hər bir il üzrə ayrılıqda tərtib edilmiş elektrik enerjisindən istifadəyə görə üzləşmə aktları əlavə edilmişdir. Üzləşmə aktlarının birincisində qalıq borc məbləği 07 iyul 2015-ci il tarixinə 107285,65 manat, sonuncusunda 23 iyun 2025-ci il tarixinə 122651,59 manat məbləğində qeyd edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus Abunə haqqında çıxarışın (abunə kodu: **********4) “Bağlanan aktlar” bölmələrindən görünür ki, iddiaçıya məxsus 5 (beş) fərqli uçot nöqtəsi üzrə “İnteqrasiya dövr borcu” başlığı altında hər biri 21457,53 manat məbləğində borc qeyd edilmişdir (cəmi 107287,65 manat). İş materiallarından görünür ki, məhkəmənin 22 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1682/2025 nömrəli sorğusuna "xxxx" ASC-nin Sumqayıt regional enerji təchizatı və satışı idarəsinin 21 noyabr 20255-ci il tarixli 44-01/910 nömrəli cavab məktubunun məzmununda “... Hər ay İddiaçınə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura təqdim olunur. İddiaçınə eyni zamanda hesab ödəniş vərəqəsi də təqdim edilir ki, burada aylıq və ümumi qalıq debitor borc qeyd olunur. Qarşılıqlı olaraq hər iki müəssisə tərəfindən təsdiq olunmuş üzləşmə aktlarından göründüyü kimi İddiaçı debitor borc barədə məlumatlı olmuşdur. İnteqrasiya dövr borcu ASC dövründə İddiaçı tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin, ödənilməli olan borc məbləğidir” qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə ünvanlanmış 09 yanvar 2026-cı il tarixli e-2-2(119)-1682/2025 nömrəli məktubda “İnteqrasiya dövr borcu” kimi qeydə alınan borcun mahiyyəti, hansı əsasla tələb edilməsi, həmin borcun hansı dövrü əhatə etməsi və hansı qaydada hesablanması, məbləğinin nə qədər təşkil etməsi, inteqrasiya dövr borcundan savayı, borclar vardırsa, həmin borcların nədən ibarət olması barədə mütəxəssis rəyinin məhkəməyə təqdim olunmasının təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Sumqayıt filialı tərəfindən məhkəməyə ünvanlanmış 23 yanvar 2026-cı il tarixli 3-15-2-3/2- 98/2026 nömrəli məktubun məzmununda “... Mütəxəssis qarşısında qoyulmuş sualların hərtərəfli araşdırılması məqsədilə Sumqayıt İddiaçınə aid uçot nöqtələri üzrə inteqrasiya dövrünə qədər elektrik enerjisi sərfinə görə yaranmış borcları təsdiqləyən məlumatların Filiala təqdim edilməsi üçün "xxxx" ASC-yə 13 yanvar 2026-cı il tarixli 3-15-2-3/2-51/2026 nömrəli məktubla müraciət olunmuşdur. Filiala daxil olmuş cavab məktubunda sözügedən borcları təsdiqləyən məlumatlar təqdim edilməmiş, ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 101303 manat borc məbləğinin ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi bildirilmişdir” qeyd edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən X1 Agentliyinin Sumqayıt filialına ünvanlanmış 21 yanvar 2026-cı il tarixli 13-13/2-1/18-1007/2026 nömrəli məktubun məzmununda “... **********4 saylı kod üzrə Sumqayıt İddiaçınə aid qeyri-yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış **********40446 nömrəli kod üzrə 2185 manat, **********80209 nömrəli kod üzrə 1317 manat, **********80237 nömrəli kod üzrə 331 manat, **********80238 nömrəli kod üzrə 507 manat, **********80239 nömrəli kod üzrə 96695 manat, **********91576 nömrəli kod üzrə 268 manat (cəmi: 101303 manat) məbləğində borc 15 yanvar 2026-cı il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir” qeyd edilmişdir. İş materiallarına, həmçinin İddiaçı Nizamnaməsi və hesab-fakturalar əlavə edilmişdir. Mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Sumqayıt filialında baş müfəttiş vəzifəsində işləyən X2 izahatında (03 fevral 2026-cı il tarixli məhkəmə iclası) bildirmişdir ki, inteqrasiya dövr borcu "xxxx" ASC yaradılana qədər mövcud olmuş borcdur. Cavabdehin nümayəndəsi 101303 manat məbləğində borcun silindiyini bildirsə də, bu tam olaraq silinmə hesab edilmir, belə ki, həmin borc dondurulmuşdur. Qeyd edilən borc hazırda tələb edilməsə belə, iddiaçının təşkilati-hüquqi forması dəyişdiriləcəyi və ya hüquqi şəxs satılacağı təqdirdə tələb ediləcəkdir. 5 uçot nöqtəsinin hər birində eyni məbləğdə inteqrasiya dövr borcu olması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən hesablaşma dövrü 1 ay müəyyən edilmişdir. Bu müddət ərzində təchizatçı abonentə elektron qaimə-faktura təqdim edir, abonent həmin məlumata əsasən ödəniş edir. 1 aylıq müddətin sonunda ödəniş edilmədikdə xəbərdarlıq edilərək elektrik enerjisinin verilməsi dayandırılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Azərbaycan Respublikasının Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında 10 fevral 2015-ci il tarixli 1045 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Məcəllənin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Həmin Sərəncamın 3.1.1-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Məhkəmənin mövqeyi: İddia ərizəsində 122651,59 manat məbləğində borcun əsassız hesab edilərək iddiaçının balansından çıxarılması, yəni onun üzərinə borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısının alınması xahiş edilmişdir. Tərəflərin izahatlarından və təqdim edilmiş abunə haqqında sənəddən aydın oldu ki, iddiaçı təşkilat sərf etdiyi elektrik enerjisinə görə aylıq ödənişlərini ödəməkdədir və hazırda mübahisələndirilən borcun böyük hissəsi gündəlik (o cümlədən aylıq və ya illik) sərfiyyat borcu deyildir, inteqrasiya dövr borcu adı altında cavabdehin sələfindən ona ötürülmüş, yəni bu sahədə cavabdehdən daha əvvəl fəaliyyət göstərmiş qurumdan cavabdehə məxsus elektron sistemə keçmiş (düşmüş) borc məbləğidir. İddia ərizəsində silinməli olan məbləğ 122651,59 manat göstərilmiş, 07 iyul 2015-ci il tarixinə olan dövrü göstərən üzləşmə aktında (üzləşmə aktları ilə bağlı məhkəmənin xüsusi mövqeyi aşağıda ifadə edilmişdir) isə qalıq borc 107285,65 manat qeyd edilmişdir. "xxxx" ASC-dən X1 Agentliyinin Sumqayıt filialına ünvanlanmış 21 yanvar 2026-cı il tarixli məktubda isə göstərilmişdir ki, 101303 manat məbləğində borc 15 yanvar 2026-cı il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Yuxarıda istinad edilən Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 nömrəli sərəncamından aydın olur ki, "xxxx" ASC 10 fevral 2015-ci il tarixdə fəaliyyətə başlamış, yəni ölkə ərazisində "xxxx" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin həmin tarixdən "xxxx" ASC-yə ötürülməsi nəzərdə tutulmuşdur. Deməli, "xxxx" ASC yaradıldığı zaman (10 fevral 2015) sələfindən ona ötürülmüş iddiaçıya aid borc məbləği 101303 manat məbləğində olmuş (cavabdehin yuxarıda istinad edilmiş məktubunda da bu məbləğə istinad edilmişdir), 10 fevral 2015-ci il tarixindən üzləşmə aktlarından birincisində göstərilən dövrədək, yəni 07 iyul 2015-ci il tarixinədək sərfiyyat məbləği hesablandığından borc məbləği 107285,65 (borcun 101303 manatlıq hissəsi inteqrasiya dövr borcu təşkil etməklə) manat müəyyən edilmişdir. Bundan sonrakı illər üzrə borc məbləği isə 101303 manat inteqrasiya dövr borcu + sərfiyyat borcu kimi başa düşülməlidir. Başqa sözlə, borc məbləği kimi "xxxx" ASC-nin elektron sisteminə düşmüş borc məbləği - iddiaçının adına inteqrasiya dövr borcu kimi rəsmiləşdirilmiş məbləğ, məhz 101303 manat təşkil etmiş, bu məbləğdən yuxarı olan hissə isə iddiaçının "xxxx" ASC-nin dövründə sərf etdiyi və hesablanmış borc məbləği olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhz sərfiyyat məbləğləri iddiaçı tərəfindən aybaay ödənilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır, yəni inteqrasiya dövr borcu adı altında iddiaçının adına rəsmiləşdirilmiş, məhz 101303 manat məbləğində borc iddiaçının balansından çıxarılmalı, yəni iddiaçının adına borc öhdəliyi kimi rəsmiləşdirilməməlidir. Bu nəticəyə ona görə gəlinir ki, məhkəmə araşdırmasının gedişində həmin borcun yaranma əsası və sənədləşmə qaydaları müəyyən edilməmiş, borcun hansı qaydada hesablanmasını, onun düzgünlüyünü və yaranma mexanizmini dəqiqləşdirmək mümkün olmamış, bu hallarla əlaqədar məhkəməyə hər hansı sübuti əhəmiyyətə malik təsdiqedici sənəd təqdim edilməmiş, izahatlarda və ünvanlanmış məktubda borcun yalnız “inteqrasiya dövr borcu” olması göstərilmişdir. İkincisi, həmin borcla bağlı istinad edilən “mənbə” - abunə haqqında çıxarışdakı “İnteqrasiya dövr borcu” adlı bölmələr olmuşdur. Həmin bölmələrdə iddiaçı təşkilatın 5 ayrı uçot nöqtəsi üzrə borc məbləğlərinin 21457,53 manat olması qeyd edilmişdir. Halbuki ayrıayrı uçot nöqtələri üzrə tamamilə eyni məbləğdə borcun hesablanması ağlabatan deyildir. Məhkəmənin 03 fevral 2026-cı il tarixli iclasında iştirak edən mütəxəssis də izahatında ayrı-ayrı uçot nöqtələri üzrə eyni məbləğdə borcun hesablanmasının mümkün olmadığını qeyd etmişdir. Üçüncüsü, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdeh tərəfindən inteqrasiya dövr borcu adı altında qeyd edilən məbləğ 2015-ci ildən sonrakı illərdə iddiaçıdan tələb edilməmiş, edildiyi və ödənilmədiyi təqdirdə isə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərinə əsasən, müvafiq tədbirlər (elektrik enerjisinin verilməsinin dayandırılması və s.) görülməmişdir. Qeyd edilməlidir ki, Qaydaların 8.2-ci bəndinin sonuncu cümləsində, həmçinin göstərilmişdir ki, istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaya etiraz edən cavabdeh, həm də tərtib edilmiş üzləşmə aktlarına istinad etmişdir. Bununla əlaqədar, ilk növbədə qeyd edilməlidir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllə, 88-ci maddə). Təqdim edilmiş üzləşmə aktlarının hər hansı birində onun tərtib edildiyi tarix qeyd edilməmiş, iddiaçının nümayəndəsi bu aktların hər birinin 2025-ci ilin iyun ayında tərtib edildiyini göstərmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin dəlilini ona görə ağlabatan hesab edir ki, üzləşmə aktlarının sonuncusunda borcun hesablanmasının son tarixi, məhz 23 iyun 2025-ci il göstərilmişdir. Digər tərəfdən üzləşmə aktlarının hamısının eyni vaxtda tərtib edilməsi ona görə inandırıcıdır ki, vizual baxışla açıq-aşkar aydın olur ki, istifadə olunan kağız material köhnəlmə dərəcəsinə görə eyni səviyyədədir. Yəni 2015-ci ildən başlayaraq hər bir il üçün ayrılıqda borcu göstərən üzləşmə aktları, heç də borcun qeyd edildiyi ildə deyil, hamısı 2025-ci ilin iyun ayında tərtib edilmişdir. Məhkəmənin gəldiyi bu nəticə, həm də cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsinə zəmin yaradır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sözügedən borc məbləğindən 2015-ci ildə və sonrakı dövrlərdə məlumatlı olması barədə məhkəməyə hansısa mötəbər sübut təqdim edilməmişdir (işə əlavə edilən hesab ödəniş vərəqələrinin qarşı tərəfə göndərilməsi, verilməsi və ya çatdırılması barədə sübut təqdim edilməmişdir). Vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunu və iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiq edilməsini xahiş edən cavabdeh iddiaçının borc məbləğindən xəbərdar olduğu vaxtdan 3 il keçdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Üzləşmə aktları isə, yuxarıda qeyd edilənlərə əsasən, bu halı təsdiq edəcək mötəbər sübutlar hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi 122651,59 manat məbləğində borcun əsassız hesab edilərək iddiaçının balansından çıxarılması və borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısının alınması hissəsində qismən təmin edilməli, "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 101303 manat məbləğində borc iddiaçının balansından çıxarılaraq borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısı alınmalıdır. Bundan başqa, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 391,3 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 101303 manat məbləğində borc İddiaçı balansından çıxarılmaqla onun adına borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısı alınmalı və 391,3 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 101303 (yüz bir min üç yüz üç) manat məbləğində borc İddiaçı (abonent kodu: **********4) balansından çıxarılmaqla onun adına borc öhdəliyi kimi rəsmiləşdirilməsinin qarşısı alınsın və 391,3 (üç yüz doxsan bir manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1682/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1682/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver