Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1767/2022 07.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 21 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə 19640 manat məbləğində əsas borc və ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 19840 manat məbləğin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən satıcı İddiaçı MMC müxtəlif növ dondurulmuş balıq və ət məhsullarını alıcı Cavabdeh MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən isə cavabdeh qeyd olunan malların dəyərini aldıığı 15-20 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı İddiaçı MMC həmin Müqavilədən əmələ gələn öhdəliklərini tam yerinə yetirərək müxtəlif vaxtlarda cavabdehə yüksək keyfiyyətdə dondurulmuş balıq və ət məhsulları təhvil vermişdir. Mallar təhvil verildikdən sonra qanunun tələblərinə uyğun olaraq satıcı İddiaçı MMC tərəfindən müxtəlif tarixlərdə müvafiq elektron qaimələr alıcı Cavabdeh MMC-nin elektron kabinetinə göndərilmiş və təsdiq olunmuşdur. Eyni zamanda, təhvil-təslim zamanı tərtib olunmuş yazılı qaimələr də Satıcı tərəfindən Alıcıya müqavilədə nəzərdə tutulan malların təhvil verilməsini sübut edir. Lakin, cavabdeh qeyd olunan qaimələr üzrə təhvil aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. Nəticədə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə təhvil verilmiş mallar üzrə 19640 manat borcu yaranmışdır. İddiaçı tərəfindən qeyd olunan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq borc bu günə kimi ödənilməmişdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi və borcun ödətdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsi üzrə yaranmış 19640 manat məbləğində əsas borc və ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə cəmi 19840 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, "Satıcı" bu müqavilədə müəyyən olunmuş şərtərlə dondurulmuş baliq və ət məhsulunu (bundan sonra "mal") təhvil verməyi, "Alıcı" isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür (1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, "Satıcı" malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə "Alıcı”ya təhvil verməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, "Alıcı", bu Müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini 15-20 gün ərzində ödəməklə malı qəbul edir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, hazırkı Müqavilənin şərtlərinin pozulduğu təqdirdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada bir-birinin qarşısında məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən, hazırkı Müqavilənin ləğv edildiyi təqdirdə Alıcının Satıcının qarşısındakı bütün borcları Müqavilənin ləğvi barədə bildiriş alındığı tarixdən 30 (otuz) gün ərzində ödənilməlidir. İş materiallarında olan elektron qaimələrlə müəyyən olunur ki, 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 26 avqust 2021-ci il tarixli EBBH 032637 nömrəli Elektron Qaimə üzrə 2842,90 (iki min səkkiz yüz qırx iki manat 90 qəpik) manat dəyərində, 26 avqust 2021-ci il tarixli EBBG 642937 nömrəli Elektron Qaimə üzrə 2923,20 (iki min doqquz yüz iyirmi üç manat 20 qəpik) manat dəyərində, 17 sentyabr 2021-ci il tarixli EBBH 981629 nömrəli Elektron Qaimə üzrə 3063,64 (üç min altmış üç manat 64 qəpik) manat dəyərində, 17 sentyabr 2021-ci il tarixli EBBH 981626 nömrəli Elektron Qaimə üzrə 2140,40 (iki min yüz qırx manat 40 qəpik) manat dəyərində, 24 sentyabr 2021-ci il tarixli EBBJ 491063 nömrəli Elektron Qaimə üzrə 6402,20 (altı min dörd yüz iki manat 20 qəpik) manat dəyərində və 05 oktyabr 2021-ci il tarixli EBBK 253666 nömrəli Elektron Qaimə üzrə 2268 (iki min iki yüz altmış səkkiz) manat dəyərində olmaqla, ümumilikdə cəmi 19640,34 (on doqquz min altı yüz qırx manat 34 qəpik) manat məbləğində müxtəlif məhsullar satılmışdır (iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "xxxx" MMC-yə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən Çıxarışdan görünür ki, yuxarıda sadalanan həmin Elektron Qaimələr təsdiqlənmişdir). İş materiallarında olan Satış Qaimələri ilə müəyyən olunur ki, 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 09 avqust 2021-ci il tarixli Satış qaiməsi üzrə 588 manat məbləğində, 11 avqust 2021-ci il tarixli Satış qaiməsi üzrə 324 manat məbləğində, 12 avqust 2021-ci il tarixli Satış qaiməsi üzrə 648 manat məbləğində, 13 avqust 2021-ci il tarixli 172 nömrəli Satış qaiməsi üzrə 1363,20 manat məbləğində, 17 avqust 2021-ci il tarixli Satış qaiməsi üzrə 1339,20 manat məbləğində, 20 avqust 2021-ci il tarixli 5976 nömrəli Satış qaiməsi üzrə 1503,70 manat məbləğində, 27 avqust 2021-ci il tarixli 6105 nömrəli Satış qaiməsi üzrə 2140,40 manat məbləğində, 02 sentyabr 2021-ci il tarixli 267 nömrəli Satış qaiməsi üzrə 2009,28 manat məbləğində, 03 sentyabr 2021-ci il tarixli 310 nömrəli Satış qaiməsi üzrə 800,10 manat məbləğində, 06 sentyabr 2021-ci il tarixli 6168 nömrəli Satış qaiməsi üzrə 254,26 manat məbləğində, 10 sentyabr 2021-ci il tarixli Satış qaiməsi üzrə 1339,20 manat məbləğində, 14 sentyabr 2021-ci il tarixli 6335 nömrəli Satış qaiməsi üzrə 220,55 manat məbləğində, 15 sentyabr 2021-ci il tarixli Satış qaiməsi üzrə 2268 manat məbləğində, 20 sentyabr 2021-ci il tarixli Satış qaiməsi üzrə 2574,45 manat məbləğində və 24 sentyabr 2021-ci il tarixli 343 nömrəli Satış qaiməsi üzrə 2268 manat məbləğində olmaqla, cəmi 19640,34 (on doqquz min altı yüz qırx manat 34 qəpik) manat məbləğində məhsullar (mallar) təhvil verilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli 18 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 09 avqust 2021-ci il tarixli Alqı-satqı Müqaviləsi üzrə alıcı Cavabdeh MMC satın aldığı məhsullar üçün heç bir ödəniş etməmiş və onun aldığı mallara görə Satıcı İddiaçı MMC-yə 26 avqust 2021-ci tarixli 642937 nömrəli elekton qaimə üzrə 2923 manat, 26 avqust 2021-ci tarixli 032637 nömrəli elektron qaimə üzrə 2842,90 manat, 17 sentyabr 2021-ci tarixli 981626 nömrəli elektron qaimə üzrə 2140,40 manat, 17 sentyabr 2021-ci tarixli 981629 nömrəli elektron qaimə üzrə 3063,64 manat, 24 sentyabr 2021 tarixli 491063 nömrəli elektron qaimə üzrə 6402,20 manat və 05 oktyabr 2021 tarixli 253666 nömrəli elektron qaimə üzrə 2268 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, satıcı İddiaçı 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satmış olduğu malların dəyərini ödəmədiyi üçün alıcı Cavabdehndən “ödənilməmiş cəmi19640 manat məbləğində əsas borcun tutulması” barədə iddia tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatorun hesabına 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 09 avqust 2021-ci il tarixli 47 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 19640 (on doqquz min altı yüz qırx) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 19640 manat məbləğində əsas borc tutulmalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 148,92 (yüz qırx səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 19640 (on doqquz min altı yüz qırx) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 19840 (on doqquz min səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 148,92 (yüz qırx səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1767/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1767/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver