Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1844/2022 23.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Əjdər qızının, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 1170 (min yüz yetmiş) manat sığorta ödənişinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 40 (qırx) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-yə məxsus “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 06 avqust 2021-ci ildə Bakı şəhəri Nərimanov rayonunun Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh ASC-yə məxsus “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 1170 (min yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ ilə əlaqədar 21 sentyabr 2021-ci il tarixində "xxxx" ASC tərəfindən "xxxx" Dövlət Sığorta Şirkətinə qarşı subroqasiya tələbi irəli sürülmüşdür. Lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh ASC tərəfindən "xxxx" Dövlət Sığorta Şirkətinə müraciət olunmuş və “Lada X- Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən 585 (beş yüz səksən beş) manat məbləğində sığorta ödənişi Cavabdeh ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh ASC-nin "xxxx" Dövlət Sığorta Şirkətindən 585 (beş yüz səksən beş) manat məbləğində sığorta ödənişinin alınması nəticəsində "xxxx" ASC zərər vurana qarşı subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda "xxxx" ASC tərəfindən Cavabdeh ASC-yə qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququ yaranmışdır (Əsassız varlanma). (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci və 931-ci maddələrinin məzmunu qeyd olunur). Bundan başqa, “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”nın 13.5-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli olan hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq olan məbləğə təminat verilir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin məzmunu qeyd olunur). Beləliklə, iddiaçı "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 1170 (min yüz yetmiş) manat məbləğində vəsait Cavabdeh ASC-dən əsassız varlanma ilə geri tutulmalıdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin mülkiyyətindəki “Lada X-Ray” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 sentyabr 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən lizinq alan X5 uzun müddətli icarəyə verilmişdir. O, həmin avtomobili idarə edərkən 2021-ci il avqustun 06-da digər nəqliyyat vasitəsinin təqsiri üzündən “Lada X-Ray” markalı **-PV- *** nömrəli avtomobilə ziyan vurulmuşdur. Avtomobilin təmiri məqsədilə sığorta müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh ASC-nin hesabına 1170 manat vəsait ödəmişdir. Cavabdeh ASC tərəfindən isə həmin məbləğ avtomobilin təmiri üçün lizinq alan X1 hesabına köçürülmüşdür. Eyni zamanda, bu avtomobili N.Kərimov icbari sığorta etdirdiyinə görə onun ərizəsi əsasında "xxxx" Dövlət Sığorta Şirkəti avtomobilin təmiri üçün 585 manat Cavabdeh ASC-yə ödəmiş və həmin vəsait də lizinq alan Namiq Kərimovun hesabına köçürülmüşdür. Hər iki sığorta məbləğini N.Kərimov avtomobilin təmirinə yönəltmişdir. Namiq Kərimov izah edir ki, ödənilmiş sığorta məbləğləri avtomobilin tam təmir edilməsinə yetərli olmadığı üçün o, əlavə vəsait xərcləmişdir. Bu səbəbdən, iddia tələbinin mahiyyətinə varmadan iddiaçının tələb etdiyi məbləğə görə Cavabdeh ASC cavab verməli deyildir və onu əsl cavabdeh, yəni lizinq alan X6 ilə, başqa sözlə, əsl cavabdehlə əvəz etmək lazımdır. Odur ki, Azərbaycan Respublikası MPM-in 54-cü maddəsinə əsasən, bu iş üzrə Cavabdeh ASC-nin əsl cavabdeh X6 ilə əvəz edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmişdir. Lakin, bu ərizə təmin edilmədiyi halda, Etirazın aşağıdakı dəlilləri nəzərə alınmalıdır: - Belə ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 927.1-ci maddəsinə istinad edərək göstərir ki, sığorta ödənişi faktiki real zərərin məbləğindən çox ola bilməz. Qanunun bu normasına istinad etməklə iddiaçı hesab edir ki, ödənilmiş sığorta məbləği real zərərdən artıqdır. Halbuki, lizinq alan iddia edir ki, avtomobilin bərpası üçün hər iki sığorta məbləği yetərli olmamışdır. Lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq predmeti qəzaya uğradıqda, lizinq alan öz vəsaiti hesabına onu təmir etməli və cədvəl üzrə lizinq ödənişlərini davam etməlidir. Lizinq alan Namiq Kərimov müqavilənin bu şərtinə əsasən sığorta ödənişlərini icarəyə götürdüyü həmin avtomobilin təmirinə yönəltmişdir. Onun dediyinə görə, sığorta məbləğləri təmir üçün yetərli olmadığı üçün o, digər xərcləri öz vəsaiti hesabına ödəmişdir. Göründüyü kimi, ödənilmiş sığorta məbləği real zərərin məbləğindən çox deyil, az olmuşdur. Mülki Məcəllənin 931-ci maddəsinə əsasən könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı qarşısındakı öhdəlikləri öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Qanunun bu müddəasının mahiyyətindən aydın olur ki, könüllü və icbari sığortanın ödənişlərinə yol verilir və deməli, ödənilmiş məbləğlər sığortaçıya qaytarılmır. Bundan əlavə, iddiaçı ilə bağlanmış müqaviləyə əsasən 1170 manat ödəniş edilmişdir. Həmin ödəniş isə, artıq qeyd edildiyi kimi, lizinq müqaviləsinin şərtinə əsasən lizinq alanın hesabına köçürülmüşdür. İcbari sığorta müqaviləsini lizinq alan Namiq Kərimov bağladığına görə onun öz təşəbbüsü ilə icbari sığorta ödənişi də edilmişdir. Bu ödənişdə Cavabdeh ASC-nin təşəbbüsü olmamışdır. Beləliklə, bir tərəfdən Cavabdeh ASC mövcud sığorta ödənişlərində faydalanan şəxs olmamış, diğər tərəfdən isə ödənilmiş sığorta haqqının sığortaçıya qaytarılması üçün əsas mövcüd deyildir və ona görə də, Cavabdeh ASC-yə qarşı verilmiş iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş 1170 manat sığorta ödənişinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 40 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli 1 nömrəli “Uzun müddətli icarə (daxili lizinq)” müqaviləsindən görünür ki, lizinqverən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil aylıq ödəniş 538 manat məbləğində olmaqla, 45 ay müddətinə lizinqalan X5 uzun müddətli lizinqə verilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, 06 avqust 2021-ci ildə saat 1130 radələrində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində sürücü X2 idarə etdiyi “VAZ 2107” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus və lizinq müqaviləsi əsasında sürücü X3 idarə etdiyi “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin nəticəsində həmin avtomobil də digər bir avtomobilə dəymişdir. Həmin hadisə zamanı hər üç avtomobilə maddi zərər dəymişdir. Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli TP ******* №-li “İnzibati tənbeh vermə haqqında” Qərarla həmin yol-nəqliyyat hadisəsində “VAZ 2107” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 ara məsafəsi qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 19 avqust 2021-ci il tarixli 129455 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” Hesabatdan görünür ki, sığortaçı "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" Şirkəti tərəfindən 2019-cu il buraxılışlı “Lada X- Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin qiyməti 500 manat və servis xidmətinin dəyəri isə 770 manat olmaqla, ümumi dəymiş zərərin miqdarı cəmi 1270 (min iki yüz yetmiş) manat məbləğində hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 28 avqust 2021-ci il tarixli Sığorta Aktına əsasən 06 avqust 2021ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 19 avqust 2021-ci il tarixli 129455 nömrəli “Dəymiş zərərin qiymətləndirilməsi” barədə Hesabata uyğun olaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 1270 (min iki yüz yetmiş) manat məbləğində hesablanmış və həmin maddi zərər üzrə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişinin məbləği 1170 (min yüz yetmiş) manat məbləğində müəyyən edilərək, həmin məbləğ 02 sentyabr 2021-ci ildə mülkiyyətində olan avtomobilə zərər dəymiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bank hesabına köçürülmüşdür (1270 manat məbləğində ümumi zərərdən 100 manat azadolma məbləği çıxılmışdır). İş materialları ilə müəyyən olunur ki, sığortaçı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən tərtib edilmiş 16 sentyabr 2021-ci il tarixli 13107 nömrəli Sığorta Aktına əsasən 06 avqust 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “dəymiş zərərin qiymətləndirilməsi” barədə Hesabata uyğun olaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 585 (beş yüz səksən beş) manat məbləğində hesablanmış və həmin maddi zərər üzrə sığortaçı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən icbari sığorta ödənişinin məbləği 585 (beş yüz səksən beş) manat məbləğində müəyyən edilərək, 28 sentyabr 2021-ci ildə mülkiyyətində olan avtomobilə zərər dəymiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bank hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “İcra olundu” qeydi yazılmış 28 sentyabr 2021-ci il tarixli 17913 nömrəli Ödəniş Tapşırığından görünür ki, ödəyici "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bank hesabına 585 (beş yüz səksən beş) manat məbləğində pul vəsaiti ödənilmişdir (ödənişin təyinatı və əsası: AKT 13107, DNN, **-PB-***, Sığorta ödənişi). İş materiallarında olan "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 16 dekabr 2021-ci il tarixli xx-xx/2113 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, "xxxx" ASC-yə məxsus “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 06 avqust 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar 15 sentyabr 2021-ci il tarixli AKT-13107 saylı sərəncamla 585 (beş yüz səksən beş) manat sığorta ödənişi hesablanaraq 28 sentyabr 2021-ci il tarixdə 17913 saylı Ödəniş Tapşırığı ilə "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəmiş olduğu 1170 manat məbləğində pul vəsaiti 08 sentyabr 2021-ci ildə və "xxxx" Dövlət Sığorta Şirkətinin ödəmiş olduğu 585 manat məbləğində pul vəsaiti isə 01 oktyabr 2021-ci ildə "xxxx" ASC tərəfindən “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq əsasında idarə edən X3 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926-cı maddəsinin tələblərinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1), sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (maddə 926.2) və sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir (maddə 926.3). Beləliklə də, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, lizinq müqaviləsi əsasında lizinq alan X3 istifadəsində olan Cavabdeh ASC-yə məxsus “Lada X-Ray” markalı **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış və sığortaçı "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" Şirkəti tərəfindən həmin avtomobilə 06 avqust 2021-ci ildə baş vermiş yolnəqliyyat hadisəsində dəyən maddi zərərin məbləği ümumilikdə 1270 manat dəyərində hesablanmış və 28 avqust 2021-ci il tarixli Sığorta Aktına əsasən həmin maddi zərər üzrə sığortaçı "xxxx" ASC tərəfindən 100 manat azadolma məbləği çıxıldıqdan sonra, sığorta ödənişinin məbləği 1170 manat məbləğində müəyyən edilərək, həmin məbləğ 02 sentyabr 2021-ci ildə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Lakin, bundan sonra "xxxx" Dövlət Sığorta Şirkəti isə mülki məsuliyyətin icbari sığortası üzrə tərtib edilmiş 16 sentyabr 2021-ci il tarixli 13107 nömrəli Sığorta Aktına əsasən 06 avqust 2021-ci ildə baş vermiş həmin yol-nəqliyyat hadisəsində “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 585 manat məbləğində sığorta ödənişini 28 sentyabr 2021-ci ildə Cavabdeh ASC-nin hesabına köçürmüşdür. Qeyd etmək lazımdır ki, proses iştirakçılarının izahatları və işin konkret halları ilə müəyyən edilir ki, 06 avqust 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər könüllü sığorta müqaviləsi bağlamış sığortaçı "xxxx" ASC tərəfindən 19 avqust 2021-ci ildə 1270 manat məbləğində müəyyən edilmiş və zərərin bu qiymətləndirməsi Sığortaçının sifarişi əsasında və Sığortalının heç bir iştirakı və müdaxiləsi olmadan aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin konkret halları və iş üzrə tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, könüllü sığorta müqaviləsi üzrə iddiaçı (sığortaçı) "xxxx" ASC məlum sığorta hadisəsi nəticəsində sığortalı avtomobilə dəymiş maddi zərəri 1270 manat dəyərində müəyyən edib, həmin məbləğdən 100 manat azadolma məbləğini çıxaraq, 1170 manat məbləğində sığorta ödənişini cavabdeh (sığortalı) Cavabdeh ASC-nin hesabına köçürmüşdür. Lakin, həmin hadisə nəticəsində sığortalı avtomobilə dəyən zərərin 1270 manat həddində müəyyən edilməsində Cavabdeh ASC-nin heç bir iştirakı olmamış və həmin qiymətləndirmə iddiaçı "xxxx" ASC-nin sifarişi və təşəbbüsü ilə baş tutmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən məlum qiymətləndirmə aparılıb, müvafiq sığorta aktı tərtib edilməklə 1170 manat məbləğində sığorta ödənişi aparıldıqdan sonra icbari sığorta müqaviləsi bağlamış sığortaçı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən də məlum hadisə nəticəsində sığortalı avtomobilə dəyən zərərin 585 manat həddində müəyyən edilməsində də Cavabdeh ASC-nin heç bir təşəbbüsü və iştirakı olmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məlum sığorta hadisəsi üzrə sığortaçı "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" Şirkəti tərəfindən “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi dəymiş zərərin miqdarının cəmi 1270 (min iki yüz yetmiş) manat məbləğində hesablanması barədə tərtib edilmiş 19 avqust 2021-ci il tarixli 129455 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” Hesabatı mübahisələndirməmiş və hazırkı iddia ərizəsi üzrə qaytarılmasını tələb etdiyi sığorta ödənişini həmin Hesabat əsasında edildiyini təsdiq etmişdir. Halbuki, iddiaçı "xxxx" ASC 06 avqust 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lada X-Ray” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərlə əlaqədar Cavabdeh ASC-nin hesabına ödəmiş olduğu 1170 manat məbləğində pulun qaytarılmasını tələb etmiş və öz tələbini icbari sığorta müqaviləsi bağlamış sığortaçı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən də məlum hadisə nəticəsində sığortalı avtomobilə dəyən zərərlə əlaqədar 585 manat məbləğində pulun ödənilməsi ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən olunur ki, sığorta ödənişinin qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və eyni zamanda, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ASC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən mediatora 40 (qırx) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla iddia tələbinin sığortaçı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən məlum hadisə nəticəsində sığortalı avtomobilə dəyən zərərlə əlaqədar icbari sığorta ödənişi qismində ödənilmiş “585 manat məbləğində pulun geri qaytarılması” hissəsində əsaslı olması müəyyən edilir. Çünki, iddiaçı "xxxx" ASC-nin sığortaçı olaraq öz sifarişi əsasında seçmiş olduğu qiymətləndirici tərəfindən məlum avtomobilə 06 avqust 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində dəyən maddi zərərin məbləğinin ümumilikdə 1270 manat dəyərində hesablanmış olmasında cavabdeh tərəfin heç bir məsuliyyəti mövcud deyildir və həmin hesabat da hər hansı bir qaydada iddiaçı tərəfindən ləğv edilməmiş və mübahisələndirilməmişdir. Qeyd etmək lazımdır ki, bu “Hesabat”da olan məlumatlar iddiaçı ilə qiymətləndirici təşkilat arasında olan münasibətə aiddir və həmin Hesabatda məlumatların qeyri-dəqiqliyinə və həmin hesabat əsasında ödənişin aparılması üzrə Cavabdeh ASC-nin məsuliyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin tələblərinə görə, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər (maddə 1097.5). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 585 (beş yüz səksən beş) manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin olunduğundan, mediasiya xidməti ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqının 20 (iyirmi) manat hissəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 30 (otuz) məbləğində dövlət rüsumu da Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manata qədər olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 585 (beş yüz səksən beş) manat sığorta ödənişinin əvəzi və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 20 (iyirmi) manat hissəsi olmaqla, cəmi 605 (altı yüz beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1844/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1844/2022
23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver