Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-196/2025 13.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış obyektinin **********00009 nömrəli abonent koduna hesablanmış 1269 (min iki yüz altmış doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən kafedə qaz sayğacına cavabdeh tərəfindən baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akta əsasən itirilmiş qazın bərpası məqsədilə 1269 manat məbləğində dəymiş ziyan hesablanmış və abonent kodu üzərinə həmin məbləğdə əlavə borc hesablanmışdır. Həmin aktda qeyd edilmişdir ki, müəssisəyə quraşdırılmış “G-4t” markalı sayğacın üzərində quraşdınlmış qaz avadanlıqları sayğacın maksimal qaz sərfinə uyğun deyildir. Digər tərəfdən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmalı və müvafiq çıxarış verilməli olduğu halda, iddiaçıya məxsus qeyri-yaşayış obyektində aparılmış yoxlama qeydiyyata alınmamış və bu barədə müvafiq çıxarış verilməmişdir. İddiaçı həmin aktla və hesablanmış borcla razılaşmayaraq bu barədə, cavabdehə pretenziya göndərərək texniki şərtlərə uyğun olaraq qazdan istifadə etdiyini bildirmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi 26 dekabr 2024-cü il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, “Azəriqaz“ X1 rayon qaz istismar idarəsinin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Şah Plov” ictimai iaşə obyektinin sahibi İddiaçı Quba şəhərində yerləşən qeyri-yaşayış sahəsini işlədir. Həmin obyektdə əhaliyə ictimai iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndində qeyd edilir ki, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport gostəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Qaydaların 3.4.1-ci yarımbəndi istehlakçıya özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməyi qadağan edir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə və həmin Qaydaların tələblərinə əməl etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış ZENNER tipli “BK-G4t” markalı, **********8 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 10,7 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 4,7 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 5076 m3 və ya 1269 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.3-cü yarımbəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Cavabdeh qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz plitəsi PQ- 2,1/1 və 1 ədəd kombi 1/1 nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 6,7 m3 artıq qaz sərf edən digər qaz işlədici cihazlar - 1 ədəd restoran tipli PQ-3 qaz plitəsi və 1 ədəd 24 litrlik axımlı su qızdırıcı quraşdırılmışdır. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmalı və müvafiq çıxarış verilməlidir. Təmsil etdiyi şəxsə məxsus sayğacla bağlı yoxlama həmin reyestrdə qeydiyyata alınmamışdır. Tərəflər arasında avadanlıqlarla əlaqədar bağlanan müqavilə iddiaçıda yoxdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, 1 saatda sayğacdan keçən qazın həcminin 6 m3 olması sayğacın pasportunda qeyd edilir. Yəni sayğacın qeydə aldığı qazın həcmi 6 m3-dir. Sayğaca baxış zamanı sayğac götürülməmişdir, ona yerində baxış keçirilmişdir. Eyni zamanda obyektdə yerləşən avadanlıqlara da baxış keçirilir. Bu zaman qurğuların müqaviləyə əsasən işlədiyi, yoxsa müqavilədə göstəriləndən artıq qurğular olub-olmadığı müəyyən olunur. Əgər obyektdə müqavilədə qeyd olunandan artıq qurğu olarsa, akt tərtib olunur. İddiaçıya məxsus sahibkarlıq obyektində müqavilədə nəzərdə tutulandan əlavə iki qurğu: restoran tipli PQ3 və 24 litrlik axımlı su qızdırıcısı aşkar edilmişdir. PQ3 və axımlı su qızdırıcısının quraşdırılması qaz sərfiyyatının artmasına səbəb olmuşdur. 29 avqust 2022-ci il tarixli yoxlamanın növbəti, yoxsa növbədənkənar yoxlama olub-olmaması barədə dəqiq məlumatı yoxdur, lakin bəzən elə olur ki, müəssisədə kənar avadanlığın quraşdırılması barədə məlumat daxil olur və bu zaman yoxlama həyata keçirilir, yaxud da növbəti yoxlama həyata keçirilən zaman kənar avadanlığın quraşdırılması halı aşkar olunur. Həmçinin cavabdeh tərəfindən həyata keçirilən yoxlamanın sahibkarlıq sahəsində keçirilən yoxlamaların reyestrinə daxil edilməsi ilə bağlı hər hansı sənəd yoxdur. Obyektdə artıq quraşdırılmış avadanlıqların fotoşəkillərini məhkəməyə təqdim edəcəyini bildirsə də, cavabdeh tərəfindən çəkilmiş hər hansı fotoşəkil və videogötüntülər tapılmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, ərizəyə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 29 avqust 2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktdan görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektində quraşdırılmış **********8 zavod nömrəli sayğacın üzərində olan qaz avadanlıqları sayğacın nominal sərf ölçmə qabiliyyətinə uyğun deyil. Sayğacın sərfiyyatı 4,7 kub metr sərfiyyatı keçir. Cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində qeyd edilmişdir ki, qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 10.7 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün olduğunu nəzərə alaraq hesabat forması 10,7-6 =4,7 x 12 x 90 = 5076 m3 kimi aparılır. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu: **********00009) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2022-ci il üzrə qalıq və aktlar üzrə iddia tələbində qeyd olunan birdəfəlik 1269 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və istehlakçı tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun istinad edilən normalarında göstərilən qayda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.10-1-ci bəndlərində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur və yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il Fərmanının 1.2-ci hissəsində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmış, Fərmanın 2-ci hissəsinə əsasən isə sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, cavabdehin nümayəndələri tərəfindən 29 avqust 2022-ci il tarixində iddiaçıya məxsus Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış obyektində (abonent kodu: **********00009) quraşdırılmış **********8 zavod nömrəli sayğaca baxış keçirilmiş və sayğacın üzərində olan qaz avadanlıqlarının sayğacın nominal sərf ölçmə qabiliyyətinə uyğun olmadığı, sayğacın sərfiyyatının 4,7 kub metr sərfiyyatı keçdiyi aşkar edilmişdir. Bununla əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 avqust 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin aktda sayğaca dair yoxlamanın nəticəsi (avadanlıqların sayğacın nominal sərf ölçmə qabiliyyətinə uyğun olmadığı) qeyd edilərək dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi qeyd edilmişdir. 30 avqust 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə isə qaz sayğacının maksimal qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti nəzərə alınmaqla itirilmiş qazın 5076 m3 həcmində olması hesablanmışdır. Məhkəmə müəyyən etdi ki, iddiaçıya məxsus qaz sayğacına 29 avqust 2022-ci il tarixində cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi, yəni yoxlama tədbirlərinin həyata keçirilməsi - "X2 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və qeyd edilən tarixlərdə aparılmış yoxlama tədbirlərinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, məhz bu hərəkətlərin - 29 avqust 2022-ci il tarixində iddiaçıya məxsus qaz sayğacına baxış keçirilməsinin nəticəsi olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 avqust 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və onun əsasında 1269 manat məbləğində ziyan məbləği hesablanmışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndələri sahibkarlıq subyekti olan iddiaçıya məxsus qaz sayğacına 29 avqust 2022-ci il tarixində baxış keçirərkən bu yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirməli idilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativhüquqi aktların tələblərinin pozulması ilə “X2 Reyestri”ndə qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan əlavə, cavabdehin nümayəndəsi izahatında təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın tərtib edilməsinin səbəbi kimi iddiaçıya məxsus sahibkarlıq obyektində müqavilədə nəzərdə tutulandan əlavə iki qurğu - restoran tipli “PQ3” qaz plitəsi və 24 litrlik axımlı su qızdırıcısı aşkar edilməsini (bu avadanlıqlar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ın məzmununda da göstərilmiş və həmin akt cavabdeh tərəfindən imzalanmamışdır) qeyd etsə də, həmin avadanlıqların, həqiqətən də yoxlama aparılan obyektdə mövcud olmasına dair hər hansı sübut (fotoşəkil, videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış obyektinin **********00009 nömrəli abonent koduna hesablanmış 1269 manat məbləğində borc silinməlidir. Hazırkı iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış obyektinin **********00009 nömrəli abonent koduna hesablanmış 1269 (min iki yüz altmış doqquz) manat məbləğində borc silinsin və 33 (otuz üç manat) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-196/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-196/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver