Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-22/2021 29.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “xxxx” ASC-nin X9 Təchizatı və Satışı İdarəsi (Sumqayış şəhəri) arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli, 051974, 051975, 051980, 051983, 051987 və 051994 №-li “Elektrik enerjisinin alqı-satqı müqavilələri”nə əsasən cavabdeh Qusar şəhərində yerləşən və iddiaçıya məxsus olan ofis, kommersiya və istehsal obyektlərini elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin Qusar rayonu üzrə fəaliyyətini təmin edən X7 (QEŞ) tərəfindən, iddiaçıya xəbərdarlıq edilmədən, 30.03.2020-ci il tarixdə saat 19:00-da ünvan 1 ünvanında yerləşən ofis, 31.03.2020-ci il tarixində saat 17:00-da Qusar şəhəri, Heydər Əliyev (T.İsmayılov) prospekti 146, Heydər Əliyev (T.İsmayılov) prospekti 168, Mirzə Vəliyev küçəsi 7, Fəxrəddin Musayev küçəsi 69 ünvanlarında yerləşən əsasən ərzaq malları satışı mağazalarının elektrik enerjisi ilə təmin edilməsi dayandırılmışdır. Həmin tarixdə Qusar-Xudat yolunun sol tərəfində yerləşən iddiaçıya məxsus çörək istehsalı müəssisəsinə də elektrik enerjisinin verilməsi dayandırılmışdır. Çörək istehsalı müəssisəsinə 3 saat sonra, Ç.Qurbanov 22 ünvanındakı ofisə 40 saat sonra, digər obyektlərə elektrik enerjisinin verilməsi 20 saat sonra, yəni, 01.04.2020-ci il tarixində saat 13:00-da elektrik enerjisi haqqının ödənişindən sonra, bərpa edilmişdir. Elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, ofislə bərabər 3 mağazada generatorlardan istifadə olunmuşdur. Obyektlərdə generatorlar yalnız qəza işıqlandırılması üçün nəzərdə tutulduğundan soyuducular üçün həmin generatorların gücü kifayət etməmiş, buna görə soyuducularda olan bəzi ərzaq malları (ərizəyə əlavə edilmiş aktlarda göstərilmiş) xarab olmuşdur. Əlavə olaraq generator olmayan ticarət obyektində satış sistemi elektrik enerjisiz işləyə bilmədiyinə görə iddiaçı həm birbaşa qazanc itirmiş, həm də işgüzar nüfuzuna ziyan dəymişdir. ünvan 3 ünvanında yerləşən mağazada 815 manat, H.Əliyev prospekti 146 ünvanında yerləşən mağazada 1473,65 manat, H.Əliyev prospekti 168 ünvanında yerləşən mağazada 2004,42 manat dəyərində ərzaq malları (əsasən yağ, toyuq əti, kolbasa, pendir, marqarin, yoqurt və digər süd məhsulları) xarab olmuşdur. Elektrik enerjisinin verilməsi dayandırılanda ofis, H.Əliyev prospekti 168, H.Əliyev prospekti 146, və F.Musayev küçəsi 69 ünvanında yerləşən mağazalarda müvafiq olaraq 80 kV gücündə “TEKSAN”, 7 kV gücündə “Ural zid”, 7,5 kV gücündə “SENSİ” və 3,5 kV gücündə “KEMAN” generatorlarından istifadə edilmişdir. Bununla da, ərzaq məhsullarının xarab olmasına görə iddiaçıya 4712,92 manat, generatorların işlətdiyi yanacağa görə 354 manat, itirilmiş qazanca görə 900 manat olmaqla cəmi 5.966,92 manat məbləğində zərər dəymişdir. Elektrik enerjisi kəsildiyi zaman çörək istehsalı müəssisəsində elektrik enerjisi olmadığından çörəkbişirmə prosesinə gec başlanılmış, nəticədə bütün rayon üzrə istehlakçılara çörək məhsullarını vaxtında çatdırmaq mümkün olmamış, həmçinin mağazalar normal rejimdə fəaliyyət göstərə bilməmişdir. Qusar rayonu ərazisində 30 ildən artıq müddətdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsi müştərilərin rəğbətini qazanmış, lakin elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində müştərilərin etimadı sarsılmış, nəticədə iddiaçının işgüzar nüfuzuna 5000 manat zərər vurulmuşdur. 2020-ci ilin fevral ayının ortalarından mart ayının ortalarına kimi istifadə edilmiş elektrik enerjisi üzrə ticarət və istehsal obyektlərinin sayğacları ilə müəyyən edilən hesablar (hesab ödəniş vərəqələri) iddiaçıya 12.03.2020-ci il tarixindən 16.03.2020-ci il tarixinə kimi verilmişdir. X7 tərəfindən xəbərdarlıq edilmədən, “Elektrik enerjisindən istifadə qaydaları”nin 9.13.2-ci bəndi və müqavilənin 11-ci bəndində nəzərdə tutulmuş müddət gözlənilmədən, yuxarıda göstərilən obyektlərə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Nəticədə, cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin ziddinə olaraq edilən hərəkətlər nəticəsində iddiaçıya 10.966,92 manat məbləğində zərər dəymişdir. İddiaçı onu da qeyd etmişdir ki, yuxarıda göstərilən obyektlərə elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh tərəfindən inkar edilmir, cavabdeh elektrik enerjisinin verilməsinin yalnız qanuni əsaslarla dayandırıldığını iddia edir. Həmin hal cavabdehin 20.05.2020-ci il tarixli, 11/01/11/V-016/1/1606 nömrəli (iddia ərizəsinə əlavə edilmiş) məktubu ilə də təsdiq olunur. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 5.966,92 manat miqdarında dəymiş zərərin və 5000 manat miqdarında işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianın məzmununa uyğun izahat verərək bildirdi ki, “xxxx” ASC ilə 25 ildir əməkdaşlıq edir. İstifadə olunmuş elektrik enerjisinə görə həmişə vaxtında ödənişlər edib. “xxxx” ASC-nin əməkdaşları tərəfindən borc barədə sənədlər ona nə vaxt təqdim edilibsə və sənədləşmə işləri nə vaxt aparılıbsa, o, hər ay həmin tarixə qədər ödəniş edib. 2020-ci ilin aprel ayının 12-nə qədər ödəniş etmə vaxtı olduğu halda, 31 mart tarixində .“xxxx” ASC-nin əməkdaşları ona həmin gün mütləq ödəniş etməli olduğunu bildirib, lakin işığı kəsəcəklərini deməyiblər. “xxxx” ASC-nin əməkdaşları pulu tələb etdikləri vaxt üzərində o qədər məbləğ olmadığından 2-3 gün müddətinə ödəyə biləcəyini deyib. Buna baxmayaraq, ona məxsus obyektlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Prokurorluğa müraciət etdikdən sonra çörək zavoduna elektrik enerjisinin verilməsi bərpa edilib. Ona qədər isə obyektlərdə generator qoşub işlədiblər. İşığın 2 gün yarım olmaması E.Verdixanova xeyli miqdarda maddi zərər vurub. Bu səbəbdən də o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X4 izahat verərək bildirdi ki, elektrik enerjisinin verilməsi dayandırılmamışdan 1 ay əvvəl tərəfə xəbərdarlıq edilməlidir. Lakin iddiaçıya bildiriş təqdim edilmədən ona məxsus obyektlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Hesabdan ödəniş vərəqəsi kimi bir sənəd göndərilib ki, bu sənəd də qanunvericiliyə zidd tərtib olunub. Eyni zamanda, o, qeyd etdi ki, iddiaçının çörək sexinin xeyli müddət fəaliyyətsiz qalması onun nüfuzuna da xələl gətirib. Ölkədə və eləcə də bütün dünyada baş verən pandemiya şəraitində mağazaların elektrik enerjisinin kəsilməsi düzgün deyil. Belə çətin bir vəziyyətdə sahibkar mağazanı lazımi ərzaqlarla təmin edir, lakin işığın kəsilməsi həmin malların zay olmasına gətirib çıxardıb. Göstərilənləri nəzərə alaraq, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Yaranmış borclar sayğacdan keçən borclardır. 2015-ci ildən bu borclar hələ də qalmaqdadır. Əgər iddiaçı narazı idisə, həmin borcların əsassız olması və silinməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərdi. İddiaçının ayrı-ayrı ünvanlarda yerləşən obyektlərinin borcları var. 2020-ci ilin fevral ayında sayğac oxunub, tərəfə xəbərdarlıq edilib, sonra obyektlərin enerji təchizatı dayandırılıb. Buradan müəyyən olur ki, 31.03.2020-ci il tarixində borclar artıq əvvəlki vaxtlardan mövcud idi. Həmin borclar ödənilmədiyindən müqaviləyə əsasən elektrik enerjisinin verilməsi dayandırılıb. İşıq qısa müddətdə olmayıb. Qısa müddətdə isə mallar xarab ola bilməzdi. Həmin mallar məhv edilmişdisə icra nümayəndəliyi və qida təhlükəsizliyindən nümayəndə dəvət edilməli idi. Qarşı tərəf isə, öz işçilərinin iştirakı ilə aktlar tərtib edib. İddiaçının tələbləri hüquqdan suiistifadə edildiyinə görə təmin olunmamalıdır. Bu borclar 1 ayda yaranan borc deyil, əvvəlki illərdən yığılıb qalan borclardır ki, iddiaçı bunu etiraf etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nin (EEİQ) 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən və ya göndərildikdən sonra 1 ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Bundan əlavə o, qeyd etdi ki, “xxxx” ASC-nin təqdim etdiyi çıxarışlardan görünür ki, iddiaçıya ödəniş üçün 1 aydan çox vaxt verilib. Çıxarışın 2-ci səhifəsində bildirişin göndərilməsi vaxtı qeyd edilib. Bildirişlər 12-16 mart 2020-ci il tarixlərdə təqdim edilib. Borclar əvvəlki aylardan və illərdən yığılıb qaldığı üçün 1 ay müddəti gözləməyə ehtiyac olmayıb. Çünki həmin borclara görə əvvəlki aylarda bildirişlər göndərilib və 1 aylıq müddət obyektlərin hamısında çoxdan tamam olub. Digər tərəfdən, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında məsuliyyət daşımır. Sahibkar istifadəyə yararsız məhsulu məhv edən zaman kənar hal şahidlərinin iştirakı ilə etməli idi və ya icra nümayəndəliyindən, qida təhlükəzliyindən kimisə dəvət etməli idi. Sonda o, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nin (EEİQ) 10.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Göründüyü kimi abonent tərəfindən ödəniş olunmadığından obyektlərin enerji təchizatı dayandırılmışdır. Belə olan halda adi məntiqə əsasən obyektin enerji təchizatı dayandırıldıqdan sonra həmin ünvanda ət və digər məhsulların xarab olmasında enerji təchizatı müəssisəsinin hec bir hüquqi və digər məsuliyyəti ola bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-cİ il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydaları”nın 5.1-ci bəndinə əsasən birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. İstifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Zərərsizləşdirilməsi və ya məhv edilməsi, heyvanlara yemlənməsi barədə qərar qəbul edilmiş yeyinti məhsulları xüsusi uçota alınır və ayrıca saxlanılır. Bu yeyinti məhsullarının saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti məhsul sahibi daşıyır. Lakin iddiaçı tərəfindən həmin malların harda, hansı şəraitdə məhv edilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı ona məxsus obyektlərdə müəyyən malların xarab olduğunu və ona maddi zərər dəydiyini qeyd etsə də, bu tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Həmçinin iddiaçının cavabdehə qarşı mənəvi zərərin ödənilməsi tələbi qeyd edilsə də, həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş, həmçinin, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Cavabdehin xarab olmuş məhsullar məhv edilən zaman sahibkar tərəfindən icra nümayəndəliyi və ya AQTA-dan əməkdaş dəvət etməli olması fikrinə münasibətdə iddiaçının nümayəndəsi və vəkili O.Rəhimova bildirdi ki, məhsullar zay olduqda onları məhv etmək sahibkarın vəzifəsidir. İstifadəyə yararsız məhsul mağazada qalarsa, sahibkar cərimələnə bilər. Rayon yeridir və orda elə bir qayda yoxdur ki, zay olmuş məhsula görə icra nümayəndəsini dəvət etsinlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında İddiaçı məxsus obyektlərlə bağlı Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə, digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilələri bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin İddiaçı ünvanladığı 20.05.2020-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı ərizəsində qeyd olunan mağazalarda sayğacla sərf etdiyi enerjinin dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 05 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik nerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə uyğun olaraq obyektlərin enerji təchizatı dayandırılmışdır. 17.04.2020-ci il tarixində X2rkən İddiaçı sahibi olduğu mağazalarda borcların yaranma səbəbləri barədə ətraflı və əsaslandırılmış izahat verildikdən sonra o, borc məbləğinin böyük hissəsini ödəmiş və şəbəkədən açıq olan mağazaların enerji təchizatı bərpa edilmişdir. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 168 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 12 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, abunə kodu **********1 olan, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus ofis və M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən Kommersiya mağazası üzrə bildirişlərin təqdim edildiyi 13 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 720 manat məbləğində borc mövcud olmuşdur. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan çörək sexi üzrə bildirişin təqdim edildiyi 14 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən İddiaçı məxsus abunə kodu **********3 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 14 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 120 manat məbləğində borc mövcud olmuşdur. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********8 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 16 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********996 №-li aktdan görünür ki, iddiaçıya məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 168 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 2004,42 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********994 №-li aktdan görünür ki, iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 815 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********992 №-li aktdan görünür ki, iddiaçıya məxsus Qusar şəhəri, Fəxrəddin Musayev küçəsii, 69 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 419,85 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********998 №-li aktdan görünür ki, iddiaçıya məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 146 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 1473,65 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. Aktlarda qeyd olunan məhsulların həmin ərəfələrdə iddiaçıya məxsus mağazalara daxil olması iş materiallarında olan çoxsaylı qaimələrdə öz əksini tapır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə göndərdiyi 10/4036 №-li, 24 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, elektrik təchizatı dayandırıldığı halda soyuducularda saxlanılan ərzaq məhsullarının xarab ola bilməsinin və ərzaq məhsullarının soyuducusuz qaldıqdan sonra istehlakçının istifadəsinə yararlı olmasının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndistexniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığına görə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar məhkəməyə icrasız geri qaytarılmışdır. Eyni zamanda, tövsiyə olunmuşdur ki, ekspert qarşısında qoyulan sualların həlli ilə əlaqədar işə müvafiq qurumların (Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyi və s.) əməkdaşları cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin cavab məktubundan görünür ki, qeyd edilən məhsulların elektrik enerjisi təchizatının dayandırıldığı 20 saat müddətində xarab olub-olmaması və ya qeyd edilən müddətdən sonra istehlakçıların istifadəsinə yararlı olub-olmaması barədə mütəxəssis rəyinin bildirilməsi üçün bir sıra parametrlərin müəyyən edilməsi vacibdir. Belə ki, aktlarda qeyd edilən ərzaq mağazalarında elektrik enerjisi dayandırıldığı anda, eyni zamanda enerji təminatı bərpa edildikdən sonrakı anda soyuducularda və ətraf mühitdə olan temperaturdan, soyuducuların enerji təminatının bərpasından sonrakı hansı müddət ərzində optimal temperatur göstəricisinə çatmasından, həmçinin məhsulların həcmindən asılı olaraq saxlanma şəraitindən kənarlaşma və buna bağlı olaraq mikroorqanizmlərin inkişafının sürətlənməsi üçün əlverişli şərait yaranır. Qeyd olunan parametrlər müəyyən olunmadığına görə məhsulların enerji təminatı olmayan müddət ərzində xarab olma dərəcəsinə çatıb-çatmaması, eləcə də rəf ömrünə təsiri barədə fikir bildirilməsi mümkün deyil. Bundan əlavə, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperatur şəraitində saxlanmasını və daşınmasını təmin edən fasiləsiz işləyən sistemsoyuq zəncir prinsipi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nin 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, elektrik enerjisinin verilməsi dayandırıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “xxxx” ASC-nin X9 Təchizatı və Satışı İdarəsi (Sumqayış şəhəri) arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli, 051974, 051975, 051980, 051983, 051987 və 051994 №-li “Elektrik enerjisinin alqısatqı müqavilələri”nə əsasən cavabdeh Qusar şəhərində yerləşən və iddiaçıya məxsus olan ofis, kommersiya və istehsal obyektlərini elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin Qusar rayonu üzrə fəaliyyətini təmin edən X7 (QEŞ) tərəfindən, iddiaçıya 12.03.2020-ci il tarixindən 16.03.2020-ci il tarixinə kimi verilmiş bildirişlərdən sonra 1 ay müddət gözlənilmədən 30.03.2020-ci il tarixində saat 19:00-da ünvan 10 ünvanında yerləşən ofis, 31.03.2020-ci il tarixində saat 17:00-da Qusar şəhəri, Heydər Əliyev (T.İsmayılov) prospekti 146, Heydər Əliyev (T.İsmayılov) prospekti 168, Mirzə Vəliyev küçəsi 7, Fəxrəddin Musayev küçəsi 69 ünvanlarında yerləşən əsasən ərzaq malları satışı mağazalarının elektrik enerjisi ilə təmin edilməsi dayandırılmışdır. Həmin tarixdə Qusar-Xudat yolunun sol tərəfində yerləşən iddiaçıya məxsus çörək istehsalı müəssisəsinə də elektrik enerjisinin verilməsi dayandırılmışdır. Çörək istehsalı müəssisəsinə 3 saat sonra, Ç.Qurbanov 22 ünvanındakı ofisə 40 saat sonra, digər obyektlərə elektrik enerjisinin verilməsi 20 saat sonra, yəni, 01.04.2020-ci il tarixində saat 13:00-da elektrik enerjisi haqqının ödənişindən sonra, bərpa edilmişdir. Elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində mağazalarda olan bir sıra ərzaq məhsulları xarab olduğuna görə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçının bildirdiyinə görə, ofislə bərabər 3 mağazada generatorlardan istifadə olunmuşdur. Obyektlərdə generatorlar yalnız qəza işıqlandırılması üçün nəzərdə tutulduğundan soyuducular üçün həmin generatorların gücü kifayət etməmiş, buna görə soyuducularda olan bəzi ərzaq malları (ərizəyə əlavə edilmiş aktlarda göstərilmiş) xarab olmuşdur. Əlavə olaraq generator olmayan ticarət obyektində satış sistemi elektrik enerjisiz işləyə bilmədiyinə görə iddiaçı həm birbaşa qazanc itirmiş, həm də işgüzar nüfuzuna ziyan dəymişdir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində göstərilən bütün obyektlərin əvvəlki illərdən və aylardan elekrtik enerjisindən istifadəyə görə yığılıb qalmış borcları mövcud olmuşdur. Bu səbəbdən elektrik enerjisinin verilməsini kəsərkən bütün həmin obyektlər üzrə 1 aylıq müddət artıq keçmişdir. Ona görə də, cavabdeh tərəfindən heç bir müddət və qanun pozuntusuna yol verilməmişdir. Digər tərəfdən, ərzaq məhsullarının xarab olmasına dair aktları mağazaların öz işçiləri təsdiq etmişlər, müvafiq icta hakimiyyəti orqanının nümayəndələri cəlb edilməmişlər. Buna görə həmin aktlarda göstərilən məhsullarən xarab olması faktı təsdiq olunmuş kimi qəbul edilə bilməz. Eyni zamanda, cavabdehin nimayəndəsi bildirmişdir ki, iddiaçı onun işgüzar nüfuzuna ziyan dəyməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən 5 obyektdən 3-ü üzrə - Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 168 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 12 mart 2020-ci il tarixə, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********8 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 16 mart 2020-ci il tarixə və Qusar şəhəri N.Şərifov küçəsində yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan çörək sexi üzrə bildirişin təqdim edildiyi 14 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. Bu isə o deməkdir ki, həmin 3 obyekt üzrə əvvəlki illərdən və aylardan yığılıb qalmış borclar mövcud olmamış, yalnız cari borclar olmuşdur. Ona görə də həmin 3 obyektə verilən elektrik enerjisi bildirişlərin verildiyi 12-16 mart 2020-ci il tarixdən yalnız 1 ay sonra kəsilə bilərdi. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nin 9.13.2-ci bəndinin tələbinə zidd olaraq 1 ay müddət gözləmədən qeyd olunan obyektlərə elektrik enerjisinin verilməsini dayandırmış, yalnız iddiaçı tərəfindən cari borclar ödənlidikdən sonra elektrik enerjisinin verilməsini bərpa etmişdir. Həmin obyektlərdən çörək sexinə 3 saat ərzində, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 168 ünvanında yerləşən kommersiya mağazasına və Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 ünvanında yerləşən kommersiya mağazasına 20 saat ərzində elektrik enerjisinin verilməsi cavabdehin təqsirli hərəkəti nəticəsində qanunsuz olaraq dayandırılmışdır. Bununla bağlı iddiaçı vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün cavabdehə müraciət etsə də, ona rəsmi məktubla bildirilmişdir ki, elektrik enerjisinin kəsilməsi qanunun tələbinə uyğun olmuşdir. Buna görə də iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan obyektlərə elektrik enerjisinin verilməsini qanunsuz olaraq müəyyən müddətə dayandırmaqla iddiaçı qarşısında öz müqavilə öhdəliklərini təqsirli şəkildə pozduğu üçün vurduğu ziyana görə məsuliyyət daşıyır. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bunun üçün müvafiq qərardadla məhkəmə qida məhsullarının ekspertizası təyin edilmiş, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə göndərdiyi məktubla elektrik təchizatı dayandırıldığı halda soyuducularda saxlanılan ərzaq məhsullarının xarab ola bilməsinin və ərzaq məhsullarının soyuducusuz qaldıqdan sonra istehlakçının istifadəsinə yararlı olmasının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığına görə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar məhkəməyə icrasız geri qaytarılmışdır. Eyni zamanda, tövsiyə olunmuşdur ki, ekspert qarşısında qoyulan sualların həlli ilə əlaqədar işə müvafiq qurumların (Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyi və s.) əməkdaşları cəlb edilməlidir. Sonra müvafiq suallarla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmuş və həmin qurumun cavab məktubunda bildirilmişdir ki, qeyd edilən məhsulların elektrik enerjisi təchizatının dayandırıldığı 20 saat müddətində xarab olubolmaması və ya qeyd edilən müddətdən sonra istehlakçıların istifadəsinə yararlı olubolmaması barədə mütəxəssis rəyinin bildirilməsi üçün bir sıra parametrlərin müəyyən edilməsi vacibdir. Belə ki, aktlarda qeyd edilən ərzaq mağazalarında elektrik enerjisi dayandırıldığı anda, eyni zamanda enerji təminatı bərpa edildikdən sonrakı anda soyuducularda və ətraf mühitdə olan temperaturdan, soyuducuların enerji təminatının bərpasından sonrakı hansı müddət ərzində optimal temperatur göstəricisinə çatmasından, həmçinin məhsulların həcmindən asılı olaraq saxlanma şəraitindən kənarlaşma və buna bağlı olaraq mikroorqanizmlərin inkişafının sürətlənməsi üçün əlverişli şərait yaranır. Qeyd olunan parametrlər müəyyən olunmadığına görə məhsulların enerji təminatı olmayan müddət ərzində xarab olma dərəcəsinə çatıb-çatmaması, eləcə də rəf ömrünə təsiri barədə fikir bildirilməsi mümkün deyil. Bundan əlavə, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperatur şəraitində saxlanmasını və daşınmasını təmin edən fasiləsiz işləyən sistem-soyuq zəncir prinsipi təmin edilməlidir. Məktubda göstərilən şərtlərə əməl etmək mümkün olmadığından mütəxəssis rəyi verilməmişdir. Məhkəmə bunlarla kifayətlənməyərək, ölkəmizdə yeni yaradılan özəl ekspert qurumları ilə də əlaqə saxlamış, lakin hələlik bu tipli ekspertizaların keçirilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı müvafiq ekspert və ya mütəxəssis rəyinin alınmasının mümkün olmaması iddia tələbinin müəyyən hissədə qismən də olsa əsaslı olduğu halda məhkəmə tərəfindən iddiadan imtina üçün əsas ola bilməz. Bu imtina Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ruhuna və fəlsəfəsinə zidd olmaqla fiziki və ya hüquqi şəxsin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnun (4-cü maddə) məhdudlaşdırılmasına səbəb olardı. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində iddiaçıya məxsus mağazalarda ərzaq məhsullarının xarab olması ilə bağlı dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün gündəlik məişətdən doğan mövcud təcrübəni və hamıya aydın və məlum olan faktları əsas götürmək məqsədəuyğun olardı. Qeyd edildiyi kimi, söhbət 1 çörək sexindən və 2 kommersiya mağazasından gedir. Məhkəmə hesab edir ki, çörək sexinə verilən elektrik enerjisinin qanunsuz kəsilməsi cəmi 3 saat davam etdiyi üçün həmin qısa vaxt ərzində sexdə çörək istehsalı ilə bağlı ciddi problemlərin yaranması real görünmür. İddiaçı özü də bununla bağlı konkret sübutlar təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi çörək sexi ilə bağlı ziyan vurulması hissəsində əsaslı olmadığı üçün həmin hissədə təmin edilməməlidir. İddiaçıya məxsus Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 və 168 ünvanlarında yerləşən kommersiya mağazalarına 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində həmin mağazalarda olan bir sıra ərzaq məhsullarının xarab olması ilə bağlı məhkəmə bunları bildirməyi zəruri sayır. Qeyd olunduğu kimi, həmin məhsulların zay olub-olmaması ilə bağlı ekspert və ya mütəxəssis rəyi almaq obyektiv səbəblərdən mümkün olmasa da, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin cavab məktubunda bildirilmişdir ki, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperatur şəraitində saxlanmasını və daşınmasını təmin edən fasiləsiz işləyən sistem-soyuq zəncir prinsipi təmin edilməlidir. məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mağazalara cavabdehin təqsirli hərəkəti nəticəsində 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması ilə qida məhsullarının optimal temperatur şəraitində saxlanmasını və daşınmasını təmin edən fasiləsiz işləyən sistem-soyuq zəncir prinsipi pozulmuşdur. İddiaçının bildirdiyinə görə, Qusar şəhəri, H.Əliyev prospekti 146 ünvanında yerləşən mağazada 1473,65 manat, H.Əliyev prospekti 168 ünvanında yerləşən mağazada 2004,42 manat dəyərində ərzaq malları (əsasən yağ, toyuq əti, kolbasa, pendir, marqarin, yoqurt və digər süd məhsulları) xarab olmuşdur. Bununla bağlı müvafiq aktlar tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Həmin aktlarda kərə yağları, pendir, süd, qatıq, xama, yoqurt, toyuq və toyuq məhsulları, kolbasalar qeyd olunmuşdur. Gündəlik təcrübəyə və hamıya məlum olan faktlara əsaslanaraq, məhkəmə hesab edir ki, kərə yağı və pendir kimi ərzaq məhsullarının otaq şəraitində 20 saat soyuducudan kənarda və ya işləməyən soyuducuda qalması onların keyfiyyətinə əsaslı mənfi təsir göstərə bilməz. Lakin eyni şəraitdə və müddətdə süd, qatıq, xama, yoqurt, toyuq və toyuq məhsulları, kolbasaların keyfiyyətini itirməsi və müxtəlif dərəcələrdə xarab olması mümkünlüyü realdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, tərtib olunmuş 02.06.2020-ci il tarixli, **********998 nömrəli akta əsasən iddiaçıya məxsus Qusar şəhəri, H.Əliyev prospekti 146 ünvanında yerləşən mağazaya 31.03.2020-ci il saat 17:00-dan 01.04.2020ci il saat 13:00-dək 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində mağazada 42,03 manat dəyərində 9,776 kq Siyəzən toyuq bud dibi, 41,26 manat dəyərində 11,305 kq Siyəzən toyuq qanadı, 2,68 manat dəyərində 1,677 kq Siyəzən toyuq bel tiri, 59,49 manat dəyərində 16,300 kq Siyəzən toyuq budu, 39,57 manat dəyərində 10,696 kq Quba-Qusar toyuq əti, 33,10 manat dəyərində 9,070 kq Siyəzən təzə toyuq əti, 19,52 manat dəyərində 6,100 kq qabda Siyəzən toyuq filesi, 15,79 manat dəyərində 3,360 kq qabda bud-butulka toyuq əti, 25,08 manat dəyərində 6,433 kq Siyəzən toyuq pətənəyi, 7,20 manat dəyərində 355 qr-lıq 3 ədəd “Atena” xaması, 6,40 manat dəyərində 200 qr-lıq 4 ədəd “Atena” xaması, 5,25 manat dəyərində 3 ədəd 1 litrlik “Atena” südü, 4,00 manat dəyərində 2 ədəd 1 litrlik “Atena” südü, 6,90 manat dəyərində 3 ədəd 900 qr-lıq “Atena” qatığı, 5,60 manat dəyərində 4 ədəd 500 qr-lıq “Atena” qatığı, 5,98 manat dəyərində 2 ədəd 1250 qr-lıq “Atena” qatığı, 11,00 manat dəyərində 3 ədəd 3 kr-lıq “Atena” qatığı, 4,20 manat dəyərində 2 kr-lıq “Atena” qatığı, 13,6 manat dəyərində 8 ədəd 700 qr-lıq “Atena” qatığı, 5,25 manat dəyərində 3 ədəd 1 kr-lıq “Atena” qatığı, 5,70 manat dəyərində 3 ədəd 900 qr-lıq “Atena” qatığı, 4,69 manat dəyərində 7 ədəd 300 qr-lıq “Atena” dovğası, 6,96 manat dəyərində 12 ədəd 230 qr-lıq “Atena” dovğası, 12,90 manat dəyərində 6 ədəd 1 litrlik “Atena” dovğası, 17,2 manat dəyərində 34 ədəd 300 qr-lıq “Atena” ayranı, 6,60 manat dəyərində 22 ədəd 200 qr-lıq “Atena” ayranı, 5,60 manat dəyərində 4 ədəd 1 litrlik “Atena” ayranı, 3,90 manat dəyərində 3 ədəd 1 litrlik “Atena” ayranı, 11,20 manat dəyərində 8 ədəd 300 qr-lıq “Milla” yoqurtu, 9,80 manat dəyərində 7 ədəd 300 qr-lıq “Milla” yoqurtu, 12,60 manat dəyərində 9 ədəd 300 qr-lıq “Milla” çiyələk yoqurtu, 8,40 manat dəyərində 6 ədəd 300 qr-lıq içməli “Bio aktiv” yoqurtu xarab olmuş və nəticədə, iddiaçıya 459,75 manat həcmində maddi ziyan dəymişdir. Məhkəmə həmçinin, hesab edir ki, tərtib olunmuş 02.06.2020-ci il tarixli, **********996 nömrəli akta əsasən iddiaçıya məxsus Qusar şəhəri, H.Əliyev prospekti 168 ünvanında yerləşən mağazaya 31.03.2020-ci il saat 17:00-dan 01.04.2020-ci il saat 13:00-dək 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində mağazada 46,80 manat dəyərində 12 kq Siyəzən toyuq əti, 23,17 manat dəyərində 6,350 kq Siyəzən toyuq qanadı, 22,79 manat dəyərində 5,300 kq toyuq bud dibi, 30,40 manat dəyərində 7,600 kq toyuq budu, 9,17 manat dəyərində 3,275 kq farş (toyuq əti), 33,54 manat dəyərində 8,600 kq toyuq ciyəri, 58,10 manat dəyərində 15,700 kq toyuq əti, 49,14 manat dəyərində toyuq filesi, 12 manat dəyərində 6 ədəd 1 litrlik “Milla” südü, 9,10 manat dəyərində 7 ədəd içməli yoqurt, 9,00 manat dəyərində 6 ədəd içməli “Ermiqurt” yoqurtu, 10,50 manat dəyərində 3 ədəd 3 litrlik “Uzun ömür” qatığı, 2,05 manat dəyərində 1 ədəd 0,9 litrlik “Uzun ömür” qatığı, 10,50 manat dəyərində 3 ədəd 1 kq-lıq “Uzun ömür” şoru, 19,00 manat dəyərində 10 ədəd 200 qr-lıq “Uzun ömür” şoru, 12,00 manat dəyərində 10 ədəd “Lahıc” şoru, 45,75 manat dəyərində 15 ədəd 350 qr-lıq “Romaşka” xaması, 159,25 manat dəyərində “Manqalüstü” sosiskası, 14,45 manat dəyərində 1,225 kq kolbasavetçina, 27,56 manat dəyərində 2,6 kq “Doktorskaya” kolbasası, 37,76 manat dəyərində 3,2 kq “Zakaz” kolbasası, 42,91 manat dəyərində 6,130 kq “Moloçnaya” sosiskası, 33,00 manat dəyərində 6 kq “Delikates” kolbasası, 20,68 manat dəyərində 2,2 kq “Sinyuqa” kolbasası, xarab olmuş və nəticədə iddiaçıya 738,62 manat həcmində maddi ziyan dəymişdir. İddia tələbinin generatorların işlətdiyi yanacağa görə 354 manat hissəsi ilə bağlı məhkəmə hesab edir ki, eyni binalarda həm ərzaq məhsullarının xarab olmasına görə, həm də generatorların istifadəsi ilə bağlı yanacaq sərfiyyatına görə əvəz tələb olunması düzgün deyil. Məhkəmə hesab edir ki, ərzaq məhsullarının xarab olmasına görə maddi ziyanın ödənilməsi tələbi qismən təmin edildiyi üçün iddia tələbinin generatorların işlətdiyi yanacağa görə 354 manat hissəsində təmin edilməsinə ehtiyac yoxdur. Məhkəmə iddia tələbinin itirilmiş qazanca görə 900 manat istənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələbini kifayət qədər əsaslandırmadığına və buna dair mötəbər sübutlar təqdim etmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı eyni zamanda, elektrik enerjisi kəsildiyi zaman çörək istehsalı müəssisəsində elektrik enerjisi olmadığından çörəkbişirmə prosesinə gec başlanılması, nəticədə bütün rayon üzrə istehlakçılara çörək məhsullarını vaxtında çatdırmağın mümkün olmaması, həmçinin mağazaların normal rejimdə fəaliyyət göstərə bilməməsi, elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində müştərilərin etimadının sarsılması, nəticədə iddiaçının işgüzar nüfuzuna 5000 manat məbləğində zərər vurulmasına dair zəruri mötəbər sübutlar təqdim etmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğu üçün təmin edilə bilməz. Yuxarıda göstərilənlərə, eləcə də təqdim olunmuş və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində öz müqavilə öhdəliklərini yerinə yetirməyərək iddiaçıya məxsus Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 və 168 ünvanlarında yerləşən kommersiya mağazalarına 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində həmin mağazalarda olan bir sıra ərzaq məhsullarının xarab olması ilə bağlı iddiaçıya vurduğu maddi ziyana görə cəmi 1198 manat pul cavabdeh “xxxx” ASC-dən tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən ərzaq mallarının xarab olması nəticəsində dəymiş maddi ziyana görə 1198 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%-i iddiaçıya, 10%-i cavabdehə aid edilsin. Cavabdehdən 3 (üç) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-22/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-22/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver