Məhkəmə qərarları › İş №e-2-2(119)-2210/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2210/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2210/2025 18.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 279730,26 (iki yüz yetmiş doqquz min yeddi yüz otuz manat, iyirmi altı qəpik) manat məbləğində əsas borcun və 569,73 (beş yüz altmış doqquz manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmişdir. Cavabdeh MMC-nin İddiaçınə, ümumilikdə 498432,66 manat borcu vardır ki, həmin borcun 218702,4 manat hissəsi barədə 2017-ci ildə məhkəmədə iddia qaldırılmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2- 2(85)-15/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qalıq borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdehə məxsus qeyriyaşayış sahələri iki fərqli ərazidə yerləşdiyindən iki abonent kodu verilmişdir. Abonent saldolarında qeyd edilmiş borc məbləğləri toplanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2-2(105)-55/2018 nömrəli qətnaməsi ilə tutulmuş borc məbləği çıxılmış və iddia tələbində qeyd edilən məbləğ əldə edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddia ərizəsinin 271393,98 manat məbləğ hissəsində təmin edilməsini xahiş etdi. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək şirkətin möhürü itdiyinə görə vəkillə müqavilə bağlamağın mümkün olmadığını bildirmiş və yeni möhürün hazırlanması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh MMC arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli 167710-15 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə müəyyən edilir ki, cavabdehin Şabran rayonu, Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektlərində müvafiq qaydada qaz sayğacları quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 17 dekabr 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: **********0001) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 344016,38 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 17 dekabr 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: **********0002) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 146079,8 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2-2(105)-55/2018 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2-2(85)-15/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş ilkin iddia ərizəsi təmin edilərək istifadə olunmuş təbii qaza görə yaranmış 218702,4 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 2-2(85)-302/2017 nömrəli qərardadının qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2-2(105)-55/2018 nömrəli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2-2(85)- 15/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə uyğun olaraq 26 oktyabr 2015ci il tarixli 167710-15 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğaclar vasitəsilə iddiaçı (İddiaçı İB) cavabdehə (Cavabdeh MMC-yə) məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektlərini (abonent kodları: **********0001 və **********0002) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq istifadə etdiyi qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun borcu yaranmışdır. Belə ki, yuxarıda - qətnamənin “İş materialları” hissəsində istinad edilən 17 dekabr 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: **********0001) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 344016,38 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda 17 dekabr 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: **********0002) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 146079,8 manat məbləğində borc hesablanmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2-2(85)-15/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş ilkin iddia ərizəsi təmin edilərək istifadə olunmuş təbii qaza görə yaranmış 218702,4 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2-2(105)- 55/2018 nömrəli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, istifadə olunmuş təbii qaza görə 271393,78 ((344016,38+146079,8)-218702,4=490096,18- 218702,4=271393,78) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh cari tarixdə məhkəməyə teleqramla müraciət edərək təşkilatın möhürünün itməsi ilə əlaqədar vəkillə müqavilə bağlamağın mümkün olmaması əsası ilə iclasın təxirə salınmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə keçirilmiş 19 noyabr 2025ci il tarixli və 03 dekabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansısa məlumat verməmişdir. Qeyd edilməlidir ki, işin gedişatı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iş məhkəmə icraatında olduğu dövrdə ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar müqavilə bağlanması üçün kifayət qədər imkanı olmuşdur. Digər tərəfdən hüquqi şəxsin möhürünün itməsi dəlilinin özü də iclasın təxir edilməsi üçün əsaslı səbəb hesab edilə bilməz, çünki hüquqi şəxsin qanuni təmsilçisi vasitəsilə məhkəmədə təmsil olunmaq imkanı vardır. Bundan başqa, iddia tələbinin 569,73 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, iş materiallarında olan 24 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 569,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 561,39 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 271393,78 manat məbləğində borc və 561,39 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 271955,17 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 271393,78 (iki yüz yetmiş bir min üç yüz doxsan üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc və 561,39 (beş yüz altmış bir manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 271955,17 (iki yüz yetmiş bir min doqquz yüz əlli beş manat, on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar