Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-25/2021 02.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh “xxxx” MTK-nin direktoru X1, Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********7 olan “xxxx” MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 39.690 (otuz doqquz min altı yüz doxsan) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh “xxxx MTK”-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 39.690 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşlarının hər ay “xxxx” MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi, cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 25.03.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdeh “xxxx MTK”-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 39.690 (otuz doqquz min altı yüz doxsan) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx MTK”dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X6 izahat verərək, bildirdi ki, bu borc istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcdur. Mütəmadi olaraq yığılıb qalıb. Abunə ödənişləri qrafasınan görünür ki, “xxxx” MTK aylıq daha çox borc yazıldığı halda 130-150 manat, bəzən də 400-500 manat ödənişlər edilib, qalan borclar ödənilməyib. Əvvəllər bina tikiləndə mənzillərin ayrı-ayrı çıxarışları olmayıb və orada sayğac quraşdırılmayıb. Bina tikilən kimi ümumi texniki şərtlər “xxxx” MTK-nın adına alınıb və baş sayğac qoyulub. Abunə haqqında çıxarışda qeyd olunub ki, yekun borc 40.124 manat təşkil edir ki, bu da 13 oktyabr 2020-ci tarixə olan borc məbləğidir. MTK müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyib və həmin borc məbləği yaranıb. Ekspert rəyində elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyat məbləği 812 manat müəyyən olunub. Lakin cavabdehin sərfiyyatı aylar üzrə müxtəlif olub. Ona görə də standart ekspert rəyində göstərilən məbləğ götürülməməlidir. Belə ki, ekspertiza ortalama olaraq aylıq ümumi elektrik enerjisi sərfiyyatını 9024 kvt müəyyən edib. 2020-ci ildə aprel ayında 1390 manat, may ayında 666 manat, iyun ayında 1224 manat və.s. kimi aylıq sərfiyyatlar olub. Buradan da elə böyük bir fərq olmadığı görünür. Hətta 2020-ci ilin may ayında ekspert rəyində göstərilən rəqəmdən də az sərfiyyat olub. Aylar üzrə olan borclar hamısı toplanır və edilən ödənişlər də həmin borcdan çıxılır. Qarşı tərəf iddia edir ki, sakinlərə aid bəzi sayğaclar işləmir və onun pulu “xxxx” MTK-dan tələb olunur. Amma bu əsassızdır. Əhali abonentlərinin sayğacları nəzarətdədir. Hər ay həmin sayğaclar “xxxx” ASC-nin nəzarətçiləri tərəfindən oxunur. Hansı sayğac işləmirsə, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə akt tərtib edilir və belə aktlar məhkəməyə təqdim edilib. Bundan əlavə o, qeyd etdi ki, bu illər ərzində “xxxx” MTK tərəfindən əlavə dəyər vergisi də nəzərə alınmaqla 20475 manat ödəniş olunub. Sonda N.Əhmədov bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” MTK-nın direktoru X2 izahat verərək bildirdi ki, MTKnın balansında yalnız lift, su nasosu, girişin işıqlandırılması olub. Lakin iddiaçı tərəfindən “xxxx” MTK-dan sakinlərin elektrik enerjisi sərfiyyatına görə də pul alınır. Qarşı tərəf 2012ci ildə gəlib vətəndaşlarla müqavilə bağlayıb, sayğac quraşdırıb pulunu isə MTK-dan tələb edir. Onların quraşdırdığı sayğaclar da, bir müddətdən sonra işləmir. Kənar yerdən sayğac alıb quraşdırılmasına da icazə yoxdur. Deyirlər ancaq bizim sayğaclar olmalıdır. Bununla bağlı əvvəl “xxxx” ASC-yə, sonra isə məhkəməyə müraciət olunub. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli qərarı ilə “xxxx” MTK-nın iddiası təmin olunaraq MTK-ya məxsus binaların kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılması vəzifəsi xxxx ASC-yə həvalə edilib. Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmiş və binaların kommersiya xətlərində elektrik sayğaclarının dəyərinin və quraşdırılma xərcinin “xxxx” MTK tərəfindən ödənilməsi şərti ilə həmin sayğacların quraşdırılması ”xxxx” ASC-yə həvalə olunmuşdur. Həmin vaxt sayğacların və onların quraşdırılma xərcinin “xxxx” MTK tərəfindən ödənilməsinə razılıq verilsə də, ”xxxx” ASC üzərinə qoyulan öhdəliyi yerinə yetirməyib. Əgər məhkəmənin qətnaməsi icra olunsaydı, MTK-nın aylıq borcunun nə qədər olması bilinərdi. MTK-ya yazılan borc məbləği şişirdilmiş məbləğdir. MTK-nın balansında olan 2 qeyri-yaşayış sahəsi icarəyə verilib. Belə ki, “Zaza” şirniyyat evi orada cəmi 5 ay fəaliyyət göstərib, 2019-cu ilin fevral ayından isə orada “Al” market işləyib. Ödənişlərini də müəssisə özü vaxtlı-vaxtında həyata keçirib. Bu barədə hər ayın ödənişlərinə dair çeklər də var. Ekspert rəyində yalnız xxxx” MTK-nın bir aylıq ümumi elektrik enerji sərfiyyatı 2928 kvt, icarəyə verilmiş sahələrdə fəaliyyət göstərən obyektlərdə istifadə olunan elektrik enerjisi də nəzərə almaqla ekspert rəyində “xxxx” MTK-nın bir aylıq ümumi elektrik enerji sərfiyyatı 9024 kvt göstərilib. “xxxx” MTK-nın 2019-cu ilə qədər bir aylıq ümumi elektrik enerji sərfiyyatı 2928 kvt olub. “xxxx” ASC-nin verdiyi vergi hesab fakturalarda daha çox borc yazılıb, məhkəməyə təqdim olunan cədvəldə isə orta aylıq sərfiyyat 600- 800 manat arası olduğu göstərilir. Buradan görünür ki, “xxxx” ASC “xxxx” MTK-ya artıq borc hesablayıb. Bundan əlavə o, qeyd etdi ki, 2015-ci ildən elektrik enerjisinin dəyəri 06 qəpik olub. 2016-cı ilin ilk 7 ayında 06 qəpik, 5 ayında isə 07 qəpik olub, sonra 09 qəpiyə qalxıb. Həmin qiymətlərlə hesablamalara əsasən, 2015-ci ilin ikinci yarısından, yəni “xxxx” ASC yaranandan 2020-ci ilin ikinci yarısınadək, yəni hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunana qədər “xxxx” MTK-nın faktiki elektrik enerjisi sərfiyyatı pulla ifadədə 21.275 manat təşkil edib. “xxxx” MTK isə həmin müddət ərzində elektrik enerjisindən istifadəyə görə 26.203 manat pul ödəyib. Bu hesabla “xxxx” ASC-nin “xxxx” MTK-ya borcu var. Göstərilənləri nəzərə alaraq T.Abbasov iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili X7 iddianı qəbul etmədiklərini bildirdi. Cavabdeh “xxxx” MTK-nın direktoru T.Abbasov məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddəti 3 il ildir. Hazırkı iddia tələbi də vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələb olduğuna görə ”xxxx” ASC tərəfindən 3 il ərzində iddia qaldırılmalı idi. Buna görə də, cavabdeh iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ”xxxx” ASC-nin nümayəndəsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, “xxxx MTK” iddiaçıya olan borcunu ödəmək məqsədi ilə müxtəlif vaxtlarda ödənişlər etmiş, borc tələbinə dair məhkəməyə müraciət olunmamışdan öncəki ödəniş tarixi isə 02.07.2020-ci il tarixinə təsadüf edir. İddiaçının müxtəlif vaxtlarda ödənişlər etməsi borcu etiraf etməsini göstərən hal kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alıb, iddiaçının nümayəndəsi cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2-1(85)-1334/2014 nömrəli qərarından görünür ki, iddiaçı “xxxx” MTK-nın cavabdeh “xxxx” MMC-yə qarşı Sumqayıt şəhəri, 5-ci mkr. ərazisində iddiaçı tərəfindən inşa edilmiş 59A, 57B və 55B saylı binaların kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2-1(105)-88/2015 nömrəli qərarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhəri, 5-ci mkr. ərazisində iddiaçı tərəfindən inşa edilmiş 59A,57B və 55B saylı binaların kommersiya xətlərində elektrik sayğaclarının dəyərinin və quraşdırılması xərclərinin “xxxx” MTK tərəfindən ödənilməsi şərti ilə həmin sayğacların quraşdırılması vəzifəsi “xxxx” ASC-nin üzərinə qoyulmuşdur. İş materiallarında olan 11 noyabr 2015-ci il tarixli 08 №-li məktubdan görünür ki, “xxxx” MTK tərəfindən “xxxx” MMC-yə müraciət edilərək sayğacların alınması və quraşdırılma haqqının ödənilməsinə zəmanət verildiyi bildirilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə “xxxx” MTK arasında bağlanmış 19.03.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsindən görünür ki, “xxxx” MTK elektrik enerjisi ilə təchiz edilmiş və MTK-ya **********7 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Abonentə illik buraxılacaq təxmini elektrik enerjisinin miqdarı 200.000 kVt/saat, dəyəri 18.000 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan SD-094 №-li, 08.07.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 39.690 manat məbləğində borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “xxxx” ASC-nin nümayəndəsi N.Əhmədov tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” MTK-da 2015-2020-ci illər üzrə aylıq və orta aylıq elektrik enerjisi sərfiyyatı barədə məlumatdan görünür ki, MTK-da orta aylıq elektrik enerjisi sərfiyyatı 2015-ci ildə 946,65 manat, 2016-cı ildə 621,76 manat, 2017-ci ildə 671,52 manat, 2018-ci ildə 809,94 manat, 2019-cu ildə 1016,25 manat, 2020-ci ildə 1077,52 manat məbləğində olmuşdur. İş materiallarında olan abunə haqqında çıxarışdan görünür ki, 13 oktyabr 2020-ci il tarixə “xxxx” MTK-nın elektrik enerjisindən istifadəyə görə ”xxxx” ASC 40.424,22 manat məbləğində qalıq borcu vardır. Məhkəməyə təqdim edilmiş aktların surətindən görünür ki, “xxxx” MTK-ya məxsus yaşayış binalarında bir neçə sakinlərin mənzillərində quraşdırılmış elektrik sayğaclarının işləməməsinə görə aktlar tərtib edilmişdir. İş üzrə keçirilmiş texniki-mühasibatlıq ekspertizasının 05 may 2021-ci il tarixli, 10/436 nömrəli ekspert rəyindən görünür ki, “xxxx” MTK-ya məxsus yaşayış binalarının liftlərin, zirzəmilərinin və birinci mərtəbələrinin işıqlanmanın, su nasosxananın, ofisin gündəlik elektrik sərfiyyatları ümumilikdə - 96 kVt (kW), “AL” marketin bir günlük (sutkalıq) istifadə olunmuş elektrik enerjisinin sərfiyyatı 140 kVt (kw) və “Zaza” şirniyyat mağazasının bir günlük (sutkalıq) istifadə olunmuş elektrik enerjisinin sərfiyyatı 64,8 kVt (kw) təşkil edir. Yuxarıda göstərilmiş elektrik enerji qəbuledicilərinin ümumilikdə günlük (sutkalıq) elektrik enerji sərfiyyatı 300.8 kVt (kw) (96 + 140 + 64,8 = 300,8) təşkil edir. Belə olan halda, “xxxx” MTK-ya məxsus yaşayış binalarının liftlərin, zirzəmilərinin və birinci mərtəbələrinin işıqlanmanın, su nasosxananın, ofisin və qeyri-yaşayış sahlərinə aid olan «AL» marketin və «Zaza» şirniyyat mağazasının nəzarət sayğaclarının göstəricilərinə əsasən bir aylıq ümumi elektrik enerji sərfiyyatı 9024 kVt (kw) (300,8 x 30 = 9024) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddəti 3 il ildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MTK-ya qarşı elektrik enerjisindən istifadə etməsi ilə bağlı cavabdehdən 39.690 manat borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, cavabdeh isə iddanı qəbul etməyərək, bildirmişdir ki, MTK-nın balansında yalnız lift, su nasosu, girişin işıqlandırılması olub. Lakin iddiaçı tərəfindən binalarda kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılmaması nəticəsində“xxxx” MTK-dan sakinlərin elektrik enerjisi sərfiyyatına görə də pul alınır. Onların iddiaçıya borcları yoxdur. Məhkəmə araşdırması zamanı müəyən olunub ki, bununla bağlı “xxxx” MTK tərəfindən 2014-cü ildə məhkəməyə müraciət olunub. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli qərarı ilə “xxxx” MTKnın iddiası təmin olunaraq MTK-ya məxsus binaların kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılması vəzifəsi xxxx ASC-yə həvalə edilib. Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilib və binaların kommersiya xətlərində elektrik sayğaclarının dəyərinin və quraşdırılma xərcinin “xxxx” MTK tərəfindən ödənilməsi şərti ilə həmin sayğacların quraşdırılması ”xxxx” ASC-yə həvalə olunub. Həmin vaxt sayğacların və onların quraşdırılma xərcinin “xxxx” MTK tərəfindən ödənilməsinə razılıq verilsə də, ”xxxx” ASC üzərinə qoyulan öhdəliyi yerinə yetirməyib. ”xxxx” ASC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi hazırkı mübahisənin yaranmasına gətirib çıxarıb. Mübahisənin həlli ilə bağlı “xxxx” MTK-nın faktiki istifadə etdiyi elektrik enerjisinin həcmini müəyyən etmək üçün iş üzrə texniki-mühasibatlıq ekspertizası keçirilmiş, ekspertizanın rəyinə görə “xxxx” MTK-ya məxsus yaşayış binalarının zirzəmilərinin, birinci mərtəbələrinin işıqlandırılmasının və liftlarin, eləcə də nasosxanaların və ofisin gündəlik enerji sərfiyyatının ümumilikdə 96 kVt, aylıq isə 2928 kVt, “xxxx” MTK-ya məxsus yaşayış binalarının zirzəmilərinin, birinci mərtəbələrinin işıqlandırılmasının və liftlarin, eləcə də nasosxanaların və ofisin və qeyri-yaşayış sahələrinə aid olan “AL” marketin və “Zaza” şirniyyat mağazasının nəzarət sayğaclarının göstəricilərinə əsasən bir aylıq ümumi elektrik enerjisi sərfiyyatının 9024 kVt olduğu müəyyən edilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, “Zaza” şirniyyat mağazası 2021-ci ildə cəmi 5 ay, “AL” market isə 2019-cu ilin fevral ayından fəaliyyət göstərib. Tərəflərin verdiyi məlumata əsasən o da müəyyən olunub ki, 2015-ci ildən 1 kVt elektrik enerjisinin dəyəri 06 qəpik, 2016-cı ilin ilk 7 ayında 06 qəpik, 5 ayında isə 07 qəpik, sonra isə 09 qəpik olub. Bu xüsusatlar nəzərə alınmaqla və ekspert rəyi əsas götürülməklə aparılmış hesablamalar nəticəsində müəyyən edilib ki, “xxxx” MTK tərəfindən faktiki olaraq, 2015-ci ilin ikinci yarısından, yəni “xxxx” ASC yaranandan 2020-ci ilin ikinci yarısınadək, yəni hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunana qədər “xxxx” MTK-nın faktiki elektrik enerjisi sərfiyyatı pulla ifadə olunduqda 21.275 manat təşkil edib. İddiaçının nümayəndəsi N.Əhmədov məhkəmədə bildirib ki, həmin müddət ərzində elektrik enerjisindən istifadəyə görə “xxxx” MTK tərəfindən, o cümlədən icarəyə verilmiş sahələrdə fəaliyyət göstərən obyektlər üzrə ödənişlər də nəzərə alınmaqla, 20.475 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən faktiki istifadə edilmiş elektrik enerjisinə görə hesablanmalı olan 21.275 manat məbləğdən faktiki olaraq ödənilmiş məbləğ 20.475 manat çıxıldıqda 800 manat qalır. Məhkəmənin gəldiyi qənaətə görə hazırkı iddia tələbi üzrə cavabdehin iddiaçıya olan borcu 800 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qüsmən təmin edilərək, 800 manat pul cavabdeh “xxxx” MTK-dan alınaraq iddiaçı “xxxx” ASC-yə verilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, “xxxx MTK” iddiaçıya olan borcunu ödəmək məqsədi ilə müxtəlif vaxtlarda ödənişlər etmiş, borc tələbinə dair məhkəməyə müraciət olunmamışdan öncəki ödəniş tarixi isə 02.07.2020-ci ilə təsadüf edir. Həmin tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən 24.08.2020-ci il tarixinə qədər heç 2 ay keçmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “xxxx” MTK-dan 800 manat pul tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə texniki-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 200 manat məbləğin 98%-i iddiaçıya, 2%-i cavabdehə aid edilsin. İddiaçıdan196 (yüz doxsan altı) manat, cavabdehdən isə 4 (dörd) manat məbləğində pul tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 98%-i iddiaçıya, 2%-i cavabdehə aid edilsin. Cavabdehdən 60 (altmış) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-25/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-25/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver