Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2531/2025 05.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 01 yanvar 2025-ci il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 151438,88 manat məbləğində əsas borcun və 441,44 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X3 İdarəsindən tutularaq “Azəriqaz“ İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Əsasnaməsinin 2.1-ci bəndinə əsasən regional İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: regionda müvafiq sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; regionda Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinin işini əlaqələndirir, koordinasiyasını təmin edir və onların idarə olunmasına nəzarət edir; regionda əhalinin Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinə müraciət etmə imkanlarının asanlaşdırılması istiqamətində tədbirlər görür; səlahiyyətləri çərçivəsində regionda müvafiq sahədə maarifləndirmə işini həyata keçirir; Nazirliklə razılaşdırmaqla regionda müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Həmçinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə məxsus VÖEN-ə (**********) uyğun kommersiya qurumu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normanın məzmunundan belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 22-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Lakin hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsi göstərilsə də, iddia ərizəsinin sonunda ərizədə qeyd olunan məbləğin cavabdeh X3 İdarəsindən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İslam Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-2531/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2531/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver