Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-260/2022 28.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Fizuli qızının iştirakı ilə, iddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti 01 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Şirkətinə məxsus ünvan 1 ünvanda yerləşən kommersiya obyektinə hesablanmış 1662 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən “Çay evi” kimi fəaliyyət göstərən obyektə su sərfiyyatı və çirkab suların axıdılmasına görə 1662 manat borc hesablanmış və şəxsi hesabda bu borc qeydə alınmışdır (abonent kodu 156646). Həmin borcun yaranmasının hüquqi səbəbi (protokol, akt və ya qərar) iddiaçıya məlum deyil və iddiaçıya bu barədə hər hansı bir qərar təqdim edilməmişdir. Bu barədə iddiaçı Cavabdeh ASC-yə öz pretenzsiyasını göndərmiş olsa da, pretenziyaya hər hansı cavab verilməmişdir. Bu mübahisə ilə əlaqədar cavabdeh tərəfə mediasiya prosesi də təklif edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün cavabdehə bildiriş göndərilmiş və mediasiya prosesi 29 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Lakin, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etməmiş və bu barədə mediator tərəfindən 29 dekabr 2021-ci il tarixli arayış tərtib edilmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Obyektə gələn su xəttində quraşdırılmış sayğac 2021-ci ilin fevralında olan soyuq şaxtalar nəticəsində donaraq partlamış və sayğacdan su axını baş vermişdir. Bu barədə cavabdehin yerli təşkilatına məlumat verilsə də, aylarla bu barədə tədbir görülməmiş və obyektə su verilişi müəyyən qədər məhdudlaşmışdı. Bir neçə ay keçdikdən sonra cavabdeh obyektə gələn sayğacı rəsmi olaraq götürüb laboratoriyaya göndərmiş və iddiaçıya su birbaşa xətlə verilmişdir. Laboratoriyada sayğacın sıradan çıxması və bərpasının qeyri-mümkünlüyü barədə rəy verildikdən sonra su xəttində yeni sayğac quraşdırılmışdı. Bundan bir qədər sonra iddiaçının şəxsi hesabında sudan istifadəyə görə böyük məbləğdə borc göstərilmiş və səbəbini soruşanda isə bildirilmişdi ki, sayğac çıxarılarkən üzərində olan göstəricilər əsasında iddiaçının borcu yaranmışdır. Cavabdehə bildirilmişdi ki, sayğac 2021-ci ilin fevralından yararsız hala düşmüş, ondan olan sızma nəticəsində su böyük həcmdə kənara axmış və bunun iddiaçının obyektinə heç bir aidiyyatı yoxdur və cavabdehin öz günahı ucbatından yaranmış su itkisinə görə iddiaçı borclu ola bilməz. Çünki həmin sayğacı işlək və saz vəziyyətdə saxlamaq cavabdehin borcudur və orda yaranmış nasazlığın aylarla aradan qaldırılmamasına görə olan su itkisinə iddiaçı cavabdeh ola bilməz. Buna baxmayaraq cavabdeh bu gün də həmin borcu iddiaçının şəxsi hesabında göstərir və hər dəfə karta ödənmiş pulun 70 faizini özlərinin əsasız hesabladıqları borca görə silir. Ona görə də cavadehin bu hərəkətlərinin qarşısı alınmalı və iddiaçıya hesablanmış əsasız su və çirkab sularına görə göstərilən borc ləğv edilməlidir. Qeyd edilməlidir ki, həmin su iddiaçının obyektinə daxil olmadan küçəyə axmışdır. Amma buna baxmayaraq cavabdeh həm suya görə iddiaçıya 800 manat borc hesablamış, həm də çirkab suların axıdılmasına görə 800 manat borc yazmışdır. Hansı ki, həmin su həcmi iddiaçının obyektinə daxil olmayıb və çirkab su xəttinə daxil olmamış, elə obyektdən kənarda olmaqla torpağa axmışdır. Cavabdeh isə sayğacın partlaması nəticəsində torpağa axıdılmış su həcmini də iddiaçının hesabına çirkab suların axıdılması borcu kimi hesablamışdır ki, bu da qanunsuzdur. Cavabdehin özünün tərtib etdiyi 14 iyul 2021-ci il tarixli “Smart-Kart tipli sayğacın laborator yoxlamadan keçirilməsi” barədə aktdan da görünür ki, “sayğacın elektron hissəsi işləmədiyindən, sayğac istismara yararsız olduğundan, sayğac çıxarılaraq Cavabdeh ASC-nin laboratoriya sınağına göndərilməsi üçün abonentə təhvil verildi. Birbaşa birləşmə verildi”. 01 sentyabr 2021-ci il tarixində isə yenidən sayğac quraşdırıldı. Cavabdehin laboratoriyasının 14 sentyabr 2021-ci il tarixli 15361\0112077 saylı Rəyindən görünür ki, “yoxlama nəticəsinə əsasən kipliyə davamlılıq pozulmuşdur, S-C-in elektron platası işləmir. S-C-in qapaqaltı platform hissəsi çatlaqdır. S-C-in daxilinə su sızması aşkar olundu. Nisbi xətanın təyini üçün yararlı deyil. Batareya işlək deyil. S-C təmirə və istismara yarasızdır”. İddiaçı "xxxx" tərəfindən cavabdehə ünvanlanmış ərizədən də görünür ki, 2021-ci ilin fevral ayında şaxtalar səbəbindən su sayğacının partlaması barədə məlumat verilmiş, lakin vaxtında tədbir görülməmiş, yalnız 14 iyul 2021-ci il tarixdə sayğac götürülərək birbaşa xətt verilmiş, 30 avqust 2021-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Sayğac çıxarılarkən üzərində olan göstərici əsas götürülə bilməzdi, çünki bu aylar ərzində xarab sayğacdan su çölə axmışdır”. Qeyd edilməlidir ki, yeni sayğac qoyulduqda iddiaçıya 8 ton kredit suyu verilmişdir və iddiaçı həmin kredit suyu 30 avqust 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək istifadə etmişdir. Sayğacın işlədiyi aylar ərzində də iddiaçının orta su sərfiyyat təxminən bu miqdarda olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xarab sayğacın üzərində olan göstəricilərlə deyil, bu aylar ərzində istifadə edilən suya uyğun orta sərfiyyat müəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh bu halları və reallığı nəzərə almadan yalnız 6 ay ərzində xarab olmuş və təmir edilməmiş sayğacdakı göstəriciləri əsas götürərək iddiaçıya borc hesablamışdır ki, hazırda iddiaçı bununla razılaşmır və bu əsassız borcun silinməsini xahiş edir. 19 aprel 2022-ci ildə keçirilən məhkəmə iclasında iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi Vəkil məhkəməyə “İddiaya dair” yazılı İzahat təqdim etmiş və həmin “İzahat”da göstərilmişdir ki, yeni sayğac qoyulduqda iddiaçıya cavabdeh tərəfindən 8 ton kredit suyu verilmişdir və iddiaçı həmin kredit suyu 30 avqust 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək istifadə etmişdir. Sayğacın işlədiyi aylar ərzində də iddiaçının orta su sərfıyyatı təxminən bu miqdarda olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək sayğac işləmədiyi dövrdə 6 ay ərzində olan su sərfıyyatını məhz bu göstəricilərlə hesablanmasını xahiş etmiş olsa da, cavabdeh bununla razılaşmamış və su sərfıyyatını özünün şərtləri ilə hesablamışdır ki, iddiaçı bununla razılaşa bilməz. Ona görə də, borcu15 günə 8 kub olmaqla, bir aya 16 kub hesabı ilə hesablanaraq, hər kuba 1 manat olmaqla, 16 manat su sərfıyyatına, 16 manat çirkab sulara olmaqla, ayda 32 manat hesabı ilə, iddiaçıya 6 ay ərzində 192 manat su borcu hesablanmalıdır. Ona görə də, cavabdeh tərəfindən metodik göstərişlərlə hesablanmış 1662 manatın silinərək, borcun 192 manat müəyyən edilib, bu müddət ərzində karta ödənilən pullardan cavabdeh tərəfindən silinmiş 70 faiz məbləğin də suya görə olan borcdan silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “İddiaya dair yazılı İzahat”da yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı "xxxx" Şirkətinə məxsus ünvan 1 ünvanda yerləşən kommersiya obyektinə cavabdeh tərəfindən metodik göstərişlərlə hesablanmış 1662 manat borcun silinərək, borcun 192 manat müəyyən edilməsi və bu müddət ərzində karta ödənilən pullardan cavabdeh tərəfindən silinmiş 70 faiz məbləğin də suya görə olan 192 manat məbləğində borcdan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirirək, əsassız olduğu üçün iddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, 14 iyul 2021-ci ildə müvafiq qaydada sənədləşdirilməklə iddiaçı "xxxx" Şirkətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən “Çay evi”nin 10 may 2019-cu il tarixdə quraşdırılmış “smartkart” tipli su sayğacı çıxarılaraq laboratoriya müayinəsinə göndərilməsi üçün "xxxx" Şirkətinin öz nümayəndəsinə təhvil verilmiş və həmin vaxtdan yeni sayğac quraşdırılanadək birbaşa qoşulmaqla iddiaçının həmin sahibkarlıq obyekti su ilə təchiz olunmuşdur. Labarotoriyada yoxlanılarkən həmin sayğacın istismara yararsız olması barədə rəy verilmişdir. Həmin Labarotoriya müayinəsi zamanı müəyyən edilmişdir ki, sayğacın düzgün işləməməsi nəticəsində sayğacın istifadə olunan suyun elektron hissəsində aparılan hesabatı ilə mexaniki hissəsində aparılan hesabat arasında fərq yaranmış və həmin fərqə görə də abonentin istehlak edilən suya görə borcu mövcuddur. Həmin fərq üzrə ödənməmiş su sərfiyyatının miqdarı çıxarılmış sayğac göstəricilərinə əsasən müəyyən olunaraq, yaranmış borcun ödənilməsi sahibkarlıq obyektinin məxsus olduğu "xxxx" Şirkətindən tələb edilmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, fiziki şəxslərdən fərqli olaraq, hüquqi şəxslərdə sayğac həmin hüquqi şəxsin mülkiyyəti hesab olunur və sayğacda problem olduğu halda hüquqi şəxsin özü Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məlumat verməli və lazım olduğu halda onun dəyişdirilməsi üçün müvafiq tədbirlər görməlidir. İstehlakçı hüquqi şəxs suyun itkiyə getməməsinə, sayğacın dəyişdirilməsinə nəzarət etməlidir. İddiaçıya məxsus sayğac “smartkart” tipli olduğuna görə ona aylıq nəzarət olunmamışdır. Çünki, “smartkart” tipli sayğaclara 6 aydan bir baxıla bilər. Laboratoriya müayinəsi zamanı müəyyən olunmuşdur ki, 10 may 2019-cu il tarixdə quraşdırılmış sayğacın elektron hissəsi işləmədiyinə görə, istifadə olunan su sərfiyyatı elektron hissədə qeydiyyatdan keçməmişdir. Sayğacın mexaniki hissəsi isə işləmiş və sərf olunan suyun qeydiyyatını aparmışdır. Yəni, elektron hissə işləmədiyi üçün sayğac suyu pul yüklənmədən də buraxmış və sayğacın mexahiki hissəsi ilə həmin buraxılan suyun hesabatının qeydiyyatı aparılmışdır. Lakin, həmin fərq iddiaçı abonent tərəfindən ödənməmişdir. 14 iyul 2021-ci ildə köhnə sayğac sökülüb laboratoriyaya göndərilmiş və yeni sayğac isə 01 sentyabr 2021-ci ildə quraşdırılmışdır. Həmin dövr üçün, yəni 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci ilədək iddiaçıya məxsus obyektdə sudan sayğac olmadan istifadə olunmuş və həmin dövrə görə 187 m3, yəni 374 manat məbləğində orta sərfiyyat hesablanmışdır. Həmin orta sərfiyyat əvvəlki sayğacın normal işlədiyi bir il ərzində hesablanmış sərfiyyat nəzərə alınmaqla müəyyən edilmişdir. Laboratorya yoxlaması zamanı müəyyən olunmuşdur ki, sökülən su sayğacı quraşdırıldığı 10 may 2019-cu il tarixdən 14 iyul 2021ci il tarixinədək istifadə olunan suyun miqdarı sayğac göstəricilərinə əsasən 2739 m3 olsa da, həmin sərfiyyatın 2125 m3 hissəsi ödənmiş və ödənilməyən sərfiyyatın miqdarı isə 614 m3, yəni 1228 manat təşkil edir. Həmin borc sayğacda nasazlığa görə deyil, sayğacın göstəricilərinə görə hesablanmışdır. Həmin borcun üzərinə də sudan sayğacsız istifadə olunduğu 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci ilədək orta sərfiyyat üzrə hesablanmış 187 m3, yəni 374 manat məbləğində borc da əlavə olunaraq, iddiaçı Şirkətin ümumilikdə ödənilməmiş 1602 manat məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “İddiaya dair” yazılı İzahatı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Şirkətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (“Çay evi”nin) su təchizatı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (abonent kodu: 156646) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq "xxxx" Şirkətinin və “Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. “İstehlakçı” "xxxx" Şirkətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində (“Çay evi”) Cavabdeh ASC tərəfindən təchiz edilən su və kanalizasiya xidmətlərindən istifadə olunur və bununla əlaqədar “smartkart” tipli su sayğacı quraşdırılaraq, həmin sayğacla hesabatı aparılan su və kanalizasiya xidmətlərindən istifadə üçün hər kub metrə görə 2 (iki) manat olmaqla pul hesablanır. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli “13. Smart-Kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi” haqqında Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 14 iyul 2021-ci ildə istehlakçı "xxxx" Şirkətinə məxsus obyektdə (“Çay evi”) quraşdırılmış 50115361 nömrəli su sayğacı “sayğacın elektron hissəsi işləmədiyindən və sayğac istismara yararsız olduğundan” çıxarılaraq, həmin sayğac Cavabdeh ASC-nin laboratoriya sınağına göndərilməsi üçün abonent "xxxx" Şirkətinin özünə təhvil verilmiş və həmin obyektdə sudan istifadə üçün “birbaşa birləşmə” verilmişdi. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nəzarət-Ölçü Cihazları İdarəsinin X1 Laboratoriyası tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli 15361/0112077 nömrəli Rəyində göstərilir ki, Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən "xxxx" Şirkətinə məxsus 50115361 nömrəli su sayğacının kipliyə davamlığı pozulmuşdur. Sayğacın elektron platası işləmir. Sayğacın qapaqaltı platform hissəsi çatlaqdır. Sayğacın daxilinə su sızması aşkar olundu. Nisbi xətanın təyini üçün yararlı deyil. Batareya (E=3 6v) 0.0v) işlək deyil. Sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan istehlakçı "xxxx" Şirkətinə məxsus sahibkarlıq obyektinin (“Çay evi”nin) su təchizatı ilə əlaqədar təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, istehlakçı "xxxx" Şirkətinə məxsus (kod 156646) “smart-kart” tipli 50115361 nömrəli su sayğacı istismara yararsız olduğundan 14 iyul 2021-ci ildə sökülüb, yerinə 01 sentyabr 2021-ci il tarixdə 245336 nömrəli yeni su sayğacı quraşdırlmışdır. 50115361 nömrəli sökülən su sayğacı quraşdırıldığı müddətdən, yəni 10 may 2019-cu il tarixdən istifadə olunan suyun miqdarı 2739 m3 təşkil edir. Lakin abonentin ödəniş etdiyi miqdar isə 2125 m3 təşkil edir. Belə ki, sayğacın üzərində istifadə olunan, lakin ödənişi olmayan 614 m3 (1228 manat) sərfiyyat qalmışdır. 14 iyul 2021-ci ildə sayğac sökülüb laboratoriyaya göndərilmişdir, yeni sayğac isə 01 sentyabr 2021-ci ildə quraşdırılmışdır. Bu müddət üçün 187 m3 (374 manat) orta sərfiyyat hesablanmışdır. Orta sərfiyyat əvvəlki (köhnə) sayğacın normal işlədiyi 1 il ərzində hesablanmış sərfiyyatdır. Ümumi yaranmış borc 614 m3 + 187 m3 = 801 m3; - Manatla: - 1228 manat +374 manat = 1602 manat təşkil edir. İş materiallarında olan "xxxx" Şirkətinin su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatda əks olunmuş göstəricilərlə də 01 sentyabr 2021-ci ildə yeni sayğac quraşdırıldıqdan sonra ümumilikdə 1602 manat məbləğində borcun hesablanaraq abonentin hesabına daxil edildiyi təsdiq olunur. “Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-ci maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 32-ci maddəsinin tələblərinə görə, 1. İstehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: - a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. 2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. 3. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin “Qaydalar”ın 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsinin (STKM-in) vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Həmin “Qaydalar”ın 6.13-cü bəndinə əsasən, hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Həmin “Qaydalar”ın 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Şirkətinin hazırkı iddia tələbində silinməsini tələb etdiyi “1662 manat məbləğində borc” hər hansı bir yoxlama nəticəsində hesablanmış borc məbləği deyil, sayğacın elektron hissəsinin müəyyən dövrlərdə sərfiyyatı qeydiyyata almaması, lakin həmin sərfiyyatın sayğacın mexaniki hissəsi tərəfindən qeydiyyata alması ilə əlaqədar yaranmış fərqə və eyni zamanda, 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixinədək birbaşa qoşulma müddətində istifadə olunmuş suya görə orta sərfiyyat əsasında hesablanmış borc məbləğidir və həmin borc məbləği iddia tələbində qeyd olunduğu kimi “1662 manat məbləğində” deyil, ümumilikdə 1602 manat təşkil edir. Yəni, mübahisə predmeti olan borc məbləğini - elektron hissə ilə mexaniki hissə arasında yaranmış fərqlə əlaqədar sayğac tərəfindən hesablansa da, ödənilməmiş 1228 manat dəyərində 614 m3 su sərfiyyatı (çirkab suyun axıdılması ilə birlikdə) və sayğac olmadığı üçün birbaşa birləşmə verildiyi dövrdə qanunvericiliyin tələblərinə uyğun orta sərfiyyat üzrə hesablanmış 374 manat dəyərində 187 m3 (çirkab suyun axıdılması ilə birlikdə) olmaqla, cəmi 1602 manat miqdarında ödənilməmiş borc təşkil edir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfin hazırkı iddia ərizəsində və məhkəmə araşdırması zamanı izahatlarında, eləcə də 01 sentyabr 2021-ci ildə yeni sayğac quraşdırıldıqdan sonra cavabdeh tərəfə ünvanlanmış 20 sentyabr 2021-ci il tarixli ərizəsində ifadə olunan mövqeyinə görə sayğacın 2021-ci ilin fevral ayından düzgün işləməməsi (sayğacın quraşdırıldığı yerdə suyun kənara axması) halı olmuş və bu hala görə iddiaçı tərəf 2021-ci ilin fevral ayından 01 sentyabr 2021-ci il tarixində yeni sayğac quraşdırılanadək istifadə olunan suya görə ümumiyyətlə pul (borc) hesablanmasına deyil, borcun (pulun) yüksək həddə, yəni “1662 manat” məbləğində (əslində isə “1602 manat” məbləğində) hesablanmasın etiraz edərək, həmin müddətə ümumilikdə borcun “hər aya 32 manat olmaqla, 6 aya cəmi 192 manat məbləğində” müəyyən edilməli olduğunu tələb etmişdir. Yəni, ümumilikdə iddiaçı tərəf 2021-ci ilin fevral ayından yeni sayğac quraşdırılanadək “smart-kart” tipli sayğacın pul ödənmədən işləməsi, yəni düzgün işləməməsi faktını və həmin dövrdə istehlakçı olaraq özünə məxsus sahibkarlıq obyektində (“Çay evi”ndə) sudan istifadə edildiyini təsdiq etmiş olsa da, həmin istifadəyə görə hesablanmış borcun məbləğini mübahisələndirmişdir. Lakin, məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, məlum sahibkarlıq obyektində sayğac “smart-kart” tipli sayğac olmuş və cavabdeh təşkilatın həmin sayğaca hər ay nəzarət etmək vəzifəsi olmamışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə iddiaçı hüquqi şəxs olaraq, mülkiyyətində olan su sayğacının texniki cəhətdən saz və işlək vəziyyətdə saxlanmasına cavabdeh olmuş və eyni zamanda, o, texniki problem olduqda isə dərhal təchizatçı Müəssisəyə rəsmi məlumat verməli və yeni sayğac alaraq quraşdırılmasını təmin etməli idi. Eləcə də, təchizatçı Cavabdeh ASC tərəfindən isə mübahisələndirilən məlum borc məbləği hər hansı bir cərimə və s. kimi deyil, 10 may 2019-cu il tarixdən istifadə olunan sayğacın göstəriciləri əsasında qeydiyyata alınmasına baxmayaraq ödənilməmiş 614 m3 (1228 manat) miqdarında sərfiyyata (sayğac göstəricisinə) və 14 iyul 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixinədək birbaşa qoşulma üzrə orta sərfiyyat kimi hesablanmış 187 m3 (374 manat) miqdarında sərfiyyata görə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı “iddiaçı "xxxx" Şirkətinə məxsus ünvan 1 ünvanda yerləşən kommersiya obyektinə hesablanmış 1662 manat məbləğində əsassız borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbi, yəni “iddiaçı "xxxx" Şirkətinə məxsus ünvan 1 ünvanda yerləşən kommersiya obyektinə hesablanmış 1662 manat məbləğində əsassız borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-260/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-260/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver