Məhkəmə qərarları › İş №e-2-2(119)-267/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-267/2020

11.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-267/2020 11.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq sökülmüş iddiaçıya məxsus tikilinin yerində bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddiaçıya vurulan 150000 (yüz əlli min) manat məbləğində maddi ziyanın, 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 200030 (iki yüz min otuz) manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehlərə qarşı digər tələblərlə birlikdə “sökülmüş tikilinin yerində bərpa edilməsi” barədə iddia tələbi də verilmişdir. Lakin, iddia tələbində bərpa edilməsi tələb olunan tikilinin yerləşdiyi ünvan göstərilməsə də, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, həmin tələb Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyatxanov küçəsi, 38A ünvanda yerləşən və İddiaçınə məxsus daşınmaz əmlakla əlaqədardır. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq həmin işə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi əraziyə uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müstəsna aidiyyət qaydalarını müəyyən edən 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar - tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, iddiaçı tərəfindən iddia tələbi dəqiq və tam ifadə edilməmiş və iddia tələbində bərpa edilməli olan tikilinin ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı “tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar