Məhkəmə qərarları › İş №e-2-2(119)-280/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-280/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-280/2021 18.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin istifadə etmədiyi elektrik enerjisinə görə əsassız hesablanmış 41233,89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi, həmin məbləğin “xxxx” ASC-nin şəxsi hesabında (hesab ödəniş vərəqələrində) borc məbləği kimi göstərilməməsi və “xxxx” ASC tərəfindən artıq ödənilmiş 15993,84 manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi ilə əvəzləşdiriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən - iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddia ərizəsində “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən elektrik enerjisinin istehlakçısı olduğumuzdan iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişik” qeyd olunmaqla, iddiaçı tərəfindən hazırkı tələblə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsi ilə əsaslandırılmışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “iddiaçının seçməsinə görə aidiyyəti” müəyyən edən 36.9-cu maddəsi “istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilməsini” nəzərdə tutur. Lakin, həmin maddədə nəzərdə tutulan müxtəlif məhkəməni seçmək hüququ verən belə geniş seçim imkanı bütün növ iddialara deyil, yalnız “istehlakçının hüququnun müdafiəsi haqqında” iddialara şamil edilmişdir. Bu baxımdan, həmin növ iddialar üzrə ilk növbədə iddiaçı - “istehlakçı” statusunda olmalıdır. Halbuki, iddiaçı “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış kommersiya hüquqi şəxsidir və onun əsas məqsədi xidmətlər göstərmək, məhsullar istehsal etmək vasitəsi ilə mənfəət əldə etməkdən ibarətdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunvericilikdə “istehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi anlayış vermişdir. Eyni zamanda, Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsində “iddiaçının yaşadığı yer” ifadəsinin işlədilməsi də, həmin maddədə məhz “fiziki şəxs” olan istehlakçının nəzərdə tutulmasına dəlalət edən haldır. Beləliklə də, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı işdə iddiaçı “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti şəxsi tələbatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti üçün zəruri olan elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etdiyindən, həmin hüquqi şəxs (iddiaçı) “istehlakçı” statusuna malik iddiaçı kimi qiymətləndirilə bilməz. Bu halda isə, hazırkı iddia tələbi ilə əlaqədar ərazi aidiyyəti üzrə məhkəmənin seçilməsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə istinad olunması tamamilə əsassızdır və iddia ərizəsində həmin maddəyə istinad olunması isə bu iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması üçün əsas ola bilməz. Çünki, cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, A.Bakıxanov kucəsi 13-də yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar