Məhkəmə qərarları › İş №e-2-2(119)-288/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-288/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-288/2025 29.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1597,25 (min beş yüz doxsan yeddi manat, iyirmi beş qəpik) manat məbləğində borcun silinməsi, sərfiyyatın əvvəlki illərdə olan qaz sərfiyyatına uyğun olaraq hesablanması, ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən “Ülviyyə” şadlıq sarayı iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus müəssisəyə gələrək müəssisənin istifadəsində olan qaz sayğacı üçün 16 iyul 2024-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edərək, əvəzetmə məqsədi ilə iddiaçının istifadəsində olan sayğacı xəttdən ayırmış və daha sonra 25 sentyabr 2024-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunaraq əvəzində yeni sayğac quraşdırılmışdır. Sayğac növbədənkənar yoxlamada olduğu müddətdə, sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə akt tərtib olunaraq 2024-cü ilin avqust ayı üçün istifadə edilmiş qaz sərfiyyatı 5952 m3 hesablanmışdır. Həmin hesabata əsasən, iddiaçıya 2024-cü ilin avqust ayı üçün 1597,25 manat məbləğində borc hesablanmışdır. Belə ki, abonent saldosunda əvvəlki illərin qaz sərfiyyatı nəzərdən keçirildikdə görünür ki, sərf edilmiş qazın miqdarı və hesablanmış borc məbləği, 2024-cü ilin avqust ayı üçün hesablanmış sərfiyyatdan və borc məbləğindən dəfələrlə azdır. Ona görə də avqust ayı üçün hesablanmış borc məbləği silinməli və sərfiyyatın miqdarı, əvvəlki illərin sərfiyyatına uyğun olaraq hesablanmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2-2(119)-288/2025 nömrəli qərardadı ilə kommersiya işi baxılmamış saxlanılmışdır. İddiaçı 19 mart 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, səhhətində problemlər olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə iclaslarına etibarnamə əsasında mənəvi oğlunu iştirak etməsi üçün göndərmişdir. Lakin qanunvericiliyinə əsasən, həmin şəxs doğma oğlu olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Keçiriləcək növbəti məhkəmə iclaslarında şəxsən özü iştirak edəcəkdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən işin yenidən icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(119)-288/2025 nömrəli qərardadı ilə məhkəmənin 06 mart 2025-ci il tarixli e-2-2(119)-288/2025 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmə iclasında baxılmasının davam etdirilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi 25 aprel 2025-ci il tarixində məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən istifadə olunan təbii qazın həcmi müvafıq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. 16 iyul 2024-cü il tarixində növbəti dəfə obyektdəki qaz sayğacının göstəricilərini oxuyarkən sayğacın hesablama mexanizminin işləməməsinə görə xəttdən açılaraq dövlət yoxlamasına göndərilmiş, bu barədə 16 iyul 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, həmin akt sayğacın çıxarılması zamanı iştirak elmiş abonentin nümayəndəsi tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Obyektə təbii qazın verilişi dəmir ötürücü vasitəsilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun olaraq qaz sayğacı qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Ülviyyə” şadlıq sarayının qaz sayğacı xətdən açılaraq laboratoriyaya göndərilən tarixdən yerinə quraşdırılan tarixədək hər ay üçün əvvəlki ayın gündəlik orta sərfiyyatı və obyektin qaz işlədici cihazlarının saatlıq qaz sərfiyyatı nəzərə alınaraq tərəflərin qarşılıqlı razılaşması əsasında aylıq sərfiyyat aktları tərtib edilərək sayğacsız dövr üçün obyektin qaz sərfiyyatı müəyyən edilmişdir. Bu aktlar istehlakçının nümayəndəsi tərəfindən heç bir etiraz, irad bildirilmədən imzalanaraq təsdiq edilmişdir. Buna görə də abonentin koduna hesablanmış qaz sərfi məbləğinin silinməsi üçün heç bir əsas yoxdur, həmin məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, 2024-cü ilin iyul və sentyabr aylarında qaz sərfiyyatına görə ödəniş etsə də, avqust ayı üçün hər hansı ödəniş həyata keçirməmişdir. Hazırda avqust ayına görə hesablanmış 1488 manat məbləği mübahisələndirir. Sayğacsız obyektə müvəqqəti olaraq qazın verilməsi aktlarını imzalayan Eynulla Müzəffərov yaşlı insandır, müvafiq aktları oxumadan imzalamışdır. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək həmçinin bildirdi ki, iddianı qəbul etmir. 2024-cü ilin iyul ayının 16-dan 31-nə qədər olan sayğacsız istifadə dövrü üçün 109,25 manat məbləğində, həmin ilin 01-31 avqust tarixlərində sayğacsız dövr üçün 1488 manat məbləğində, 01-09 sentyabr tarixlərində sayğacsız dövr üçün isə 72,5 manat məbləğində sərfiyyat hesablanmışdır. İyul və sentyabr aylarına olan sərfiyyat həmin ayların sayğaclı istifadə edilən günlərinə əsasən hesablanmışdır. Lakin avqust ayında tam olaraq qazdan sayğacsız istifadə edildiyindən bütöv ay üçün qaz sərfiyyatı obyektdə olan qaz cihazlarının saatlıq sərfiyyatı əsasında hesablanmışdır. Bu hesablanma tərəflərin qarşılıqlı razılığına, həmçinin məhkəməyə təqdim edilmiş istehlakçının qaz təsərrüfatının inventar aktına əsasən hesalanmışdır. İddiaçı 1488 manat məbləğində hesablanmış sərfiyyatın şişirdilmiş olduğunu bildirsə də, bu sərfiyyatlar obyektdə olan qaz işlədici cihazların maksimal sərfiyyatına əsasən hesablanmışdır. Mübahisələndirilən ay üçün sərfiyyat hesablanarkən qeyri-əhali qrupunda standart olaraq hər kubmetrin qiyməti 0.25 manat məbləğində nəzərə alınır. 2024-cü ilin iyul ayı üçün sərfiyyatın 2023-cü ilin iyul ayına uyğun olaraq, sentyabr ayı üçün sərfiyyat hesablanarkən isə sentyabr ayının sayğaclı 22 gününə əsasən hesablanmasının səbəbi barədə hər hansı məlumatı yoxdur. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 16 iyul 2024-cü il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektində quraşdırılmış “Rot” tipli “G-25” markalı 75137114 nömrəli sayğac çıxarılmışdır. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinə “Rot” tipli “G-25” markalı 75137114 nömrəli yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli hesab-fakturadan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış obyektinin 400256 nömrəli ödəyici koduna 01 avqust-31 avqust 2024-cü ili əhatə edən dövr ərzində cavabdeh tərəfindən ƏDV məbləği ilə birlikdə 1597,25 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan istehlakçının qaz təsərrüfatının inventar aktında İddiaçı məxsus Quba rayonunda yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış qaz işlədicilərinin: 1 ədəd PQ-6 böyük odluqlu, 1 ədəd PQ-5 restoran tipli, 1 ədəd PQ-4 böyük odluqlu, 1 ədəd 80 lt tutumlu su qızdırıcı və 2 ədəd dəmir soba olduğu qeyd edilmişdir. İş materiallarında olan 2024-cü ilin iyul ayında tərtib edilmiş iddiaçının Eynulla Müzəffərov adlı nümayəndəsi və cavabdehin nümayəndələri tərəfindən imzalanmış sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktın məzmununda 2024-cü ilin iyul ayında istifadə edilən qaz sərfiyyatının hesablanması “ötən ilin müvafiq dövrünün 31 gününə 903 m3-dir. 903:31=29,1 m3. 16 iyul 2024-cü il tarixdən etibarən sayğac çıxarıldığını nəzərə alsaq, müəssisənin 16 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixinə aylıq qaz hesabatı: 903 m3:31 gün=29,1 m3 günlük, 29,1 m3 *15gün=437 m3=109,25 manat” qaydada həyata keçirilmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixində tərtib edilmiş iddiaçının Eynulla Müzəffərov adlı nümayəndəsi və cavabdehin nümayəndələri tərəfindən imzalanmış sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə 22 nömrəli aktın məzmununda 2024-cü ilin avqust ayında istifadə edilən qaz sərfiyyatının hesablanması “istifadə edilmiş qaz cihazlarına əsasən 1 ədəd PQ-6 böyük odluqlu 6*12saat*31 gün=2232 m3, 1 ədəd PQ-5 restoran tipli 3,5*12saat*31 gün=1302 m3, 1 ədəd PQ-4 böyük odluqlu 4*12saat*31 gün=1488 m3, 1 ədəd 80 lt tutumlu su qızdırıcı 2,5*12saat*31 gün=930 m3 olmaqla, cəmi 2232 m3+1302 m3+1488 m3+930 m3=5952 m3=1488 manat” qaydada həyata keçirilmişdir. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixində tərtib edilmiş cavabdehin nümayəndələri tərəfindən imzalanmış sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktın məzmununda 2024-cü ilin sentyabr ayının xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün istifadə edilən qaz sərfiyyatının hesablanması “bu ilin müvafiq dövrünün 22 gününə 800 m3-dir. 800:22=36,3 m3. xx.xx.2024-cü il tarixdən etibarən qaz sayğacının quraşdırıldığını nəzərə alsaq müəssisənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qaz hesabatı bu formada hesablanacaqdır: 800 m3:22 gün=36,3 m3 günlük, 36,3 m3 *8 gün=290 m3=72,5 manat” qaydada həyata keçirilmişdir. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş çap tarixi 03 aprel 2025ci il olan abonentin saldosu (abonent kodu: **********00000) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2024-cü ilin avqust ayı üçün qalıq və aktlar üzrə 1597,25 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, 2024-cü ilin iyun ayı üçün qaz sərfiyyatı 933 m3 təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nin 6.2.4-cü yarımbəndinə əsasən, qeyri-əhali abonentlərinin “digər sahələr” bölməsinə aid olan hissəsi üzrə 1 kubmetr təbii qazın tarifi 0,25 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçıya məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən qeyri-yaşayış obyektinə (abonent kodu: **********00000) baxış keçirilərək “Rot” tipli G-25 markalı 75137114 nömrəli qaz sayğacı 16 iyul 2024-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən yerindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, həmin sayğacın əvəzinə 25 sentyabr 2024-cü il tarixli aktla yeni sayğac quraşdırılmışdır. İddiaçı iddia ərizəsinin məzmununda 2024-cü ilin iyul və avqust ayları üçün hesablanmış 1597,25 manat məbləğində borcu mübahisələndirdiyini qeyd etsə də, 29 may 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən 2024-cü ilin avqust ayı üzrə hesbalanmış 1488 manat məbləğində borcdan narazı olduğunu bildirmiş və məhkəmədən həmin məbləğdə borcun silinməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 avqust 2024-cü il tarixində tərtib edilmiş sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə 22 nömrəli aktın məzmununda 2024-cü ilin avqust ayı üçün borc məbləğinin hesablanması zamanı obyektdə quraşdırılan qaz işlədicilərinin 12 saatlıq qaz sərfi nəzərə alınmış və 1488 manat məbləğində borc hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya məxsus qeyri-yaşayış obyektində 16 iyul 2024cü il tarixindən etibarən “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olararaq qaz sayğacı çıxarılmış, həmin sayğac 25 sentyabr 2024-cü il tarixində yenisi ilə əvəz edilmişdir. Belə olduğu təqdirdə sözügedən Qaydaların 5.4-cü bəndinin tələblərinə uyğun olaraq qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablama sayğac çıxarıldığı gündən, yəni 16 iyul 2024-cü il tarixindən əvvəlki ayın (iyun ayının) orta gündəlik sərfinə uyğun aparılmalı idi. İş materiallarına əlavə edilmiş çap tarixi 03 aprel 2025-ci il olan abonentin saldosu (abonent kodu: **********00000) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektində 2024-cü ilin iyun ayı üçün qaz sərfiyyatı 933 m3 təşkil etmişdir. Belə olduğu halda, iyun ayı üçün orta günlük qaz sərfiyyatı 31,1 m3 (933:30 gün=31,1 m3) təşkil edir. 2024-cü ilin avqust ayı ərzində istifadə edilmiş qazın dəyəri iyun ayı üçün orta günlük qaz sərfiyyatı nəzərə alınaraq hesablanır (31,1 m3*31 gün=964,1m3). Hesablanan qaz sərfiyyatına uyğun olaraq borc məbləği həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nin 6.2.4-cü yarımbəndinin tələbləri nəzərə alınaraq 241,02 manat məbləğində təşkil etmişdir (964,1m3*0,25 manat=241,02 manat). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 2024-cü ilin avqust ayı üzrə hesablanmış 1488 manat məbləğində borcun 1246,98 manat məbləğində hissəsi silinməli, borc məbləği 241,02 manat müəyyən edilməlidir. İddia tələbinin “sərfiyyatın əvvəlki illərdə olan qaz sərfiyyatına uyğun olaraq hesablanması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 2024-cü ilin avqust ayı üçün qaz sərfiyyatı üzrə borc məbləğinin hesablanması “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbləri nəzərə alınaraq sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq aparılmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 32,46 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 2024-cü ilin avqust ayı üzrə hesablanmış 1488 manat məbləğində borcun 1246,98 manat məbləğində hissəsi silinməli, borc məbləği 241,02 manat müəyyən edilməli və cavabdehdən 32,46 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 2024-cü ilin avqust ayı üzrə hesablanmış 1488 (min dörd yüz səksən səkkiz) manat məbləğində borcun 1246,98 (min iki yüz qırx altı manat, doxsan səkkiz qəpik) manat məbləğində hissəsi silinsin, borc məbləği 241,02 (iki yüz qırx bir manat, iki qəpik) manat müəyyən edilsin və Cavabdehndən 32,46 (otuz iki manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar