Məhkəmə qərarları › İş №e-2-2(119)-29/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-29/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-29/2020 18.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” Müəssisəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən İddiaçı nəzdində olan “Hamam” qeyri-yaşayış sahəsinə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hal-hazırda Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam” qeyri-yaşayış sahəsi İddiaçı nəzdində fəaliyyət göstərir. 2015-ci ildə cavabdeh təşkilatla razılaşdırılmış formada həmin obyektin qazlaşdırılmasına dair qaz alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri obyektə baxış keçirərək, işlədicilərin sayı və vəziyyəti nəzərə alınmaqla müqavilə imzalanmışdır. Sayğac “Elster” tipli G-6 markalıdır və bu vaxta kimi kommunal xidmətlərlə bağlı ödəmələrdə heç bir problem olmamışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilərək, həmin akt əsasında Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam” qeyri-yaşayış sahəsinə 3499,20 manat məbləğində cərimə yazılmışdır. Belə ki, guya baxış keçirilən zaman obyektin içərisində istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi obyektdə mövcud olan işlədicilərin qaz sərfiyyatına uyğun olmamışdır. Həmin cərimənin heç bir hüququ əsası yoxdur. Çünki, sayğacda problem olmamış və obyektdə əlavə qaz xətti aşkar edilməmişdir. Bu aktın heç bir hüquqi əsası yoxdur və həmin aktın yazılması iddiaçının sahibkarlıq fəaliyyətimə müdaxilə etməkdən başqa bir şey deyil. Qanunun tələblərini pozmaqla keçirilən yoxlama nəticəsində hesablanmış cərmənin silinməsi və mübahisənin barışıq yolu ilə həl edilməsi üçün cavabdeh tərəfə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci madəsinə əsasən vahid məlumat reyestirində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestirinin forması və aparılması qaydası haqqında” Əsasnamanin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh tərəf yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, cavabdeh tərəfindən aparılan həmin yoxlama “yoxlamaların vahid məlumat reyerstrində” qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 3499,20 manat məbləğində cərimə borcu silinməlidir. Cavabdeh tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” (yazılı) təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “Cavabdeh“ X4 RQİİ-nin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan Qanuni nümayəndə Quba şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən İddiaçı nəzdində olan “Hamam" qeyri-yaşayış sahəsini işlədir və həmin obyektdə əhaliyə məişət xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin,buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, xx xxxxxx 2019-cu ildə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan hamamda quraşdırılmış G- 6 markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 18,1 m3/saat olduğu müəyyən edilmişdir. Yəni, həmin qaz sayğacı hər saatda sayğacdan keçən 8,1 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək, itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 17496 m3həcmində və ya 3499,20 manat məbləğində hesablanmışdır. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 22.1A bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İstehlakçı hamamda qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlarından artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə, qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz plitəsi və 1 ədəd 32 kw-lik su qızdırıcı nəzərdə tutulduğu halda, faktiki olaraq həmin hamamda layihədən əlavə 1 ədəd dəmir peç, 1 ədəd PQ-2, 1 ədəd PQ-3 və 1 ədəd 40 kv-lik kombi quraşdırılmışdır. Həmin Qərarın 6.5-ci bəndinə əsasən, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, Qazpaylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırlmaqla, qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübutlara və dəlillərə əsaslanmır və həmin tələb iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Buna görə də, iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” Müəssisəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 3499,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, iddiaçı hamam fəaliyyəti ilə məşğul olur, hamamda qazdan istifadə olunur və qapalı məkandır. Sayğac hamamın çölündə quraşdırılıb, xx xxxxxx 2019-cu il tarixli Aktda yazılanlara görə əlavə cihazlar isə hamamın içərisində aşkar olunub. Mübahisələndirilən borc “obyektin içərisində istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi obyektdə mövcud olan işlədicilərin qaz sərfiyyatına uyğun deyil” səbəbi ilə yazılmışdır. Lakin, vahid məlumat reyestirində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eləcə də, xx xxxxxx 2019-cu il tarixli aktda adları qeyd olunan Məmmədov Eldar və Q.Musabəyov adlı şəxslər İddiaçı rəsmi işçiləri olmamışlar və həmin şəxslərin həmin aktı imzalamaq səlahiyyətləri olmamışdır. Aktın yazıldığı obyektdə əlavə qoşulan cihazlar olmamışdır. Cavabdeh bununla bağlı məhkəməyə fotoşəkil və ya video çəkiliş təqdim etməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı” isə iddiaçının rəsmi və səlahiyyətli işçisi tərəfindən imzalanmadığı üçün nəzərə alına bilməz. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu suallara cavab olaraq bildirdi ki, balans mənbəyində yoxlama keçirilən zaman reyestrdən çıxarış tələb olunmur və “balans mənbəyi” dedikdə, sayğacın quraşdırıldığı yer nəzərdə tutulur. Sayğac obyektin həyətində quraşdırılmışdır. Əlavə cihazlar isə hamamda aşkar olunmuşdur. Əlavə cihazlar obyekti qızdırmaq üçün quraşdırılıb. Akt tərtib olunan zaman foto və yaxud video çəkiliş aparılmamışdır. Tərəflər arasında qaz təchizatı ilə bağlı müqavilə vardır və həmin müqavilənin 2.3-cü bəndinə əsasən qaz istehlakçısı layihədən kənar cihaz qoşduqda, bu barədə qaz paylayana məlumat verməlidir. Obyektdə layihədən kənar cihazlar qoşulduğu üçün qaz sayğacı qaz sərfiyyatını düzgün qeydiyyata almamışdır. İddiaçının borcu ilə bağlı tərtib edilmiş üzləşmə aktı var və həmin aktda iddiaçı tərəf borcu etiraf edibdir. Üzləşmə aktini imzalamış Qəzənfər Musabəyov isə İddiaçı rəhbərinin oğludur. xx xxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 da iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə dair verilmiş yazılı etirazdagöstərilənlərə uyğun izahat verərək, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə, tərəflərin nümayəndələrinin məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini, iddia tələbinə dair verilmiş yazılı etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən İddiaçı nəzdində olan Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam”qeyriyaşayış sahəsi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada G-6 markalı sayğac quraşdırılmışdır. Həmin Müqavilədə istehlakçının 1 ədəd qaz plitəsi və 1 ədəd 32 kw-lik su qızdırıcı istifadə etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə saat 1730-da istehlakçı İddiaçı nəzdində olan Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam”qeyri-yaşayış sahəsində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman həmin hamamda layihədə nəzərdə tutulmayan 1 ədəd dəmir peç, 1 ədəd PQ-2, 1 ədəd PQ-3 və 1 ədəd 40 kv-lik kombi aşkar edilmiş və həmin Aktda “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı 18,6 m3, sərfiyyatı 8,6 m3 keçir” qeydi aparılmışdır. İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktda göstərilən “G-6 markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 18,1 m3/saat olduğu aşkar edilmişdir. Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 18,1 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 17496 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, İddiaçınə aid G-6 markalı sayğacın giriş və çıxışında nöqsan aşkar edilməmişdir və faktiki sərfiyyat 18,6 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı «İddiaçı” Müəssisəsinin adına tərtib edilmiş və xx xxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı «İddiaçı” Müəssisəsinin hesabına 2019-cu ilin yanvar ayında 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2018-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı sayğac tərəfindən aparılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, İddiaçı xx xxxx 2019cu il tarixinə qalıq borcu 5531,90 manat təşkil edir. Həmin Akt Q.Musabəyov tərəfindən imzalanaraq, İddiaçı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan, İddiaçı direktoru X3 tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş “Mülahizə”də İddiaçı ştat cədvəlinin yalnız direktordan ibarət olduğu qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, İddiaçı nəzdində olan Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam” qeyri-yaşayış sahəsinin təbii qazla təmin olunması ilə əlaqədar quraşdırılmış G-6 markalı qaz sayğacında “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 18,6 m3, sərfiyyatı 8,6 m3 keçir” nöqsanına görə Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı “17496 m3” həcmində müəyyən edilərək (müqavilədə nəzərdə tutulmayan əlavə qaz qurğularından istifadə olunduğu üçün), birdəfəlik 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. İddiaçı «İddiaçı” Müəssisəsi isə Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinin 5-ci bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsanın olması və həmin nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-6 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf hazırkı iddia tələbinə etirazını “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” Aktı ilə əsaslandırmış olsa da, müvafiq maliyyə sənədi kimi tərtib edilmiş həmin Aktın İddiaçı müvafiq səlahiyyətli şəxsi (direktoru, mühasibi və s.) tərəfindən imzalanması və təsdiq olunması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində borcun hesablanmasının əsaslılığı müəyyən olnmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu: **********00000) hesablanmış 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu: **********00000) hesablanmış 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar