Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-307/2024 06.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 09 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 560020 abonent hesablı ictimai-iaşə obyektinin (şadlıq sarayı) hesabına 14 dekabr 2023cü il tarixli 600443 saylı akta əsasən yazılmış 3341,6 manat məbləğində borcun silinməsi və ödənilən 54 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım xərci kimi ödənilən 100 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 560020 abonent hesablı ictimai-iaşə obyekti (şadlıq sarayı) İddiaçı məxsusdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus həmin ictimai iaşə obyekti su ilə təchiz olunur. Cavabdeh ASC-nin 1 nömrəli X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli akta görə ünvana baxış zamanı “guya obyektdə sayğacdan kənar sudan qeyri-qanuni istifadə aşkar olunması” əsası ilə İddiaçı məxsus ictimai-iaşə obyektinə 3341,6 manat məbləğində borc hesablanmışdır. Şadlıq sarayı kimi sahiblik edilən obyektdə iş üzrə cavabdehin də bildirdiyi kimi “Alfasu” markalı 49809682 nömrəli sayğac quraşdırılmış və həmin sayğac akt tərtib edilən gün də, bu gün də işlək vəziyyətdədir. İddiaçı da bir sahibkar kimi hər ay istifadə edilmiş suya görə sayğacın göstəriciləri əsasında cavabdeh quruma ödənişlər etmişdir. İddiaçının sahiblik etdiyi obyektdə sayğacdan kənar sudan heç vaxt istifadə olunmamışdır və bu əsasla yazılmış borc əsassız və qanunsuz olduğu üçün iddiaçı onu ödəməmişdir. Eyni zamanda bildirilir ki, iddiaçı sahibkardır və sahibkar kimi ona məxsus obyekt Cavabdeh ASC-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmiş və məlum “yoxlama”nın bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınması təmin olunmamışdı. Eyni zamanda, nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə ona yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş və yoxlama X2 reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd edilən hallar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı sahibkar olan iddiaçıya hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab olunur ki, iddiaçıya məxsus ictimaiiaşə obyektində sudan qeyri-qanuni istifadə halı heç vaxt baş vermədiyindən, sayğac göstəriciləri üzrə suyun dəyərinin ödənilməsi təmin edildiyindən və cavabdeh təşkilat tərəfindən onun fəaliyyətinin sahibkar kimi yoxlanılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmadığından, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş əsassız akt üzrə hesablanmış cəmi 3341,6 manat məbləğində borc pul silinməli və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilən 54 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 100 manat məbləğində pul Cavabdeh ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ASC isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün alqısatqı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyekti su təchizatı ilə təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən suyun hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı 560020 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunaraq 14 dekabr 2023-cü il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: ünvan 2 "müqavilə nömrəsi 30064849" qeydləri yazılmış 600443 nömrəli Aktda göstərilir ki, 14 dekabr 2023-cü ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu 560020 olan sahibkarlıq obyektində "ünvana baxış zamanı məlum oldu ki, obyektdə sayğacdan kənar sudan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar edilmişdir" (Aktda məlum yoxlamanın (baxışın) - X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan, 25 dekabr 2023-cü ildə çap edilmiş istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu 560020) ilə müəyyən olunur ki, 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akta əsasən 2023-cü ilin dekabr ayında istehlakçı İddiaçı məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “3341,6 (üç min üç yüz qırx bir manat 60 qəpik) manat məbləğində” deyil, birdəfəlik cəmi 3492 (üç min dörd yüz doxsan iki) manat (2959,32 manat + 532,68 manat ƏDV) məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müvafiq qaydada xəbərdarlıq olunmuş və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən İddiaçı tərəfindən məhkəməyə 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu, eləcə də hazırki iddia tələbi ilə əlaqədar hüquqi yardım göstərilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. “Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 30-ci maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin “Qaydalar”ın 2.1.4-cü bəndinə, əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-in vəzifəsidir. Həmin “Qaydalar”ın 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Həmin “Qaydalar”ın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüququdur. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 14 dekabr 2023-cü ildə istehlakçı İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu 560020) su ilə təmin olunması ilə əlaqədar istifadə olunan “obyektin su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi olaraq tərtib olunan 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Aktda “obyektdə sayğacdan kənar sudan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu” qeydi yazılmışdır. Yəni, məlum baxış zamanı qeyd olunan qüsur üzrə 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında da itirilmiş suyun bərpası üçün hesabat aparılaraq, həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan suyun dəyəri kimi cəmi 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində birdəfəlik borc hesablanaraq İstehlakçının hesabına (Abonent Saldosuna) daxil edilmişdir. Lakin, iddiaçının iddia tələbini əsaslandırdığı 25 dekabr 2023-cü ildə çap edilmiş Abonentin Saldosunda "qanunsuz sudan istifadə" qrafasının qarşısında istehlakçı İddiaçı hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində borcdan 196,4 (yüz doxsan altı manat 40 qəpik) manat məbləğində ödəniş edildiyindən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən faktiki olaraq borcun miqdarı 3295,6 (üç min iki yüz doxsan beş manat 60 qəpik) manat məbləğində olmuşdur. Buna baxmayaraq, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Aktı əsasında hesablanmış borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsində cəmi 3341,6 (üç min üç yüz qırx bir manat 60 qəpik) manat borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının öz tələbini əsaslandırdığı 25 dekabr 2023-cü ildə çap edilmiş Abonentin Saldosu məlumatları ilə müəyyən olunur ki, iddia ərizəsində silinməsi tələb olunan 3341,6 (üç min üç yüz qırx bir manat 60 qəpik) manat borcun 3295,6 (üç min iki yüz doxsan beş manat 60 qəpik) manat hissəsi məlum yoxlama Aktı əsasında hesablanmış sərfiyyat olsa da, qalan hissəsi, yəni 46 (qırx altı) manat hissəsi istifadə olunan suyun sayğac göstəriciləri əsasında hesablanan dəyəridir (3341,6 - 3295,6 = 46 manat). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu 560020) su ilə təmin olunması ilə əlaqədar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında itirilmiş suyun miqdarına görə iddia tələbində qeyd olunan 3341,6 (üç min üç yüz qırx bir manat 60 qəpik) manat məbləğində deyil, 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı isə su təchizatı və kanalizasiya müəssisəsi (cavabdeh) Cavabdeh ASC-nin 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Aktı əsasında hesablanmış olan borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbində itirilmiş suyun bərpası məqsədilə dəymiş ziyan olaraq “3341,6 manat məbləğində borcun silinməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində (abonent kodu: 560020) quraşdırılmış su sayğacına 14 dekabr 2023-cü ildə keçirilən baxış, yəni yoxlama tədbirləri - X2 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X2 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X2 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 560020) itirilmiş su sərfiyyatına görə 3492 manat məbləğində borcun hesablanmasının əsaslılığı işin konkret halları və hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Lakin, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində həmin “3492 manat məbləğində” borcun deyil, “3341,6 manat məbləğində borcun silinməsi” tələb olunur ki, iddia ərizəsinin verildiyi dövrdə həmin silinməsi tələb olunan borcun da “46 (qırx altı) manat” hissəsi - istifadə olunan suyun sayğac göstəriciləri əsasında hesablanan dəyəri, qalan “3295,6 manat” hissəsi isə - 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq hesablanmış pul vəsaitinin ödənilməmiş hissəsidir. Ona görə də, iddia tələbi Cavabdeh ASC tərəfindən 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq “hesablanmış 3341,6 (üç min üç yüz qırx bir manat 60 qəpik) manat məbləğində borcun silinməsi” hissəsində qismən əsaslıdır və həmin hissədə iddia qismən təmin olunaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) tələblərinə uyğun olaraq iddiaçının iddia ərizəsində silinməsi tələb olunan “3341,6 manat məbləğində” pul vəsaitinin 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq hesablanmış borcun “3295,6 (üç min iki yüz doxsan beş manat 60 qəpik) manat hissəsinin silinməsi” barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu 560020) “sudan qanunsuz istifadə” kimi hesablanmış borcun 3295,6 manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 52,95 (əlli iki manat 95 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eləcə də, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14 dekabr 2023-cü il tarixli 600443 nömrəli Akt əsasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu 560020) “sudan qanunsuz istifadə” kimi hesablanmış borcun 3295,6 (üç min iki yüz doxsan beş manat 60 qəpik) manat hissəsi silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının və 52,95 (əlli iki manat 95 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 152,95 (yüz əlli iki manat 95 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-307/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-307/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver