Məhkəmə qərarları › İş №e-2-2(119)-324/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-324/2020

28.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-324/2020 28.04.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “xxxx” Firmasının cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Firması xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı düzgün göstərilməmişdir. Yəni, Siyahının 1-ci bəndində “Nizamnamənin təsdiq olunmuş surəti” və 3-cü bəndində isə “Reyestrdən çıxarış” qeyd edilsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddia ərizəsi iddiaçı “xxxx” Firmasının nümayəndəsi kimi göstərilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Qanuni nümayəndə tərəfindən imzalanmış və həmin səlahiyyət ona iddia ərizəsinə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli Etibarnamə əsasında verilmişdir. Lakin, həmin Etibarnamə “xxxx” Firmasının direktoru kimi göstərilmiş X1 tərəfindən imzalanmış olsa da, sonuncunun həmin hüquqi şəxsin direktoru olması və məlum etibarnamələr vermək səlahiyyətinə malik olması - iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Çünki, bunun müəyyən edilməsi üçün zəruri olan sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin “Ərizəyə əlavə edilmiş sənədlər (Fayllar)” bölməsində bir ədəd “xəbərdarlıq” və iki ədəd “xəbərnamə” adlandırılmış fayllar daxil edilmişdir. Həmin fayllarda bir “xəbərnamə”nin hər iki tərəfi, bir “xəbərnamə”nin isə yalnız birinci tərəfi (alınmanı təsdiq edən ikinci tərəf daxil edilməmişdir) əks olunmuşdur. Lakin, həmin sənədlərlə iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin almasını və eyni zamanda, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini müəyyən etmək mümkün deyildir. Çünki, iddia ərizəsinə əlavə edilmiş və üzərində yalnız Bakı şəhərində yerləşən 1009 saylı Poçt şöbəsi (AZ1009) tərəfindən xx xxxxx 2020-ci il tarixinə aid "təqvim ştempelləri" vurulmuş və birində alınma tarixi də xx xxxxx 2020-ci il göstərilmiş, digərində isə alınma tarixi olmayan poçt xəbərnamələrində “tələb olunanadək” qeydi yazılaraq, həmin tarixdə də iddiaçıya qaytarıldığına görə, müvafiq poçt göndərişlərinin məhz cavabdeh tərəfindən alınmasını müəyyən etmək mümkün deyildir. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və eləcə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməli və həmin qaydalara riayət etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, xx xxxxx 2020-ci ildə məhkəməyə verilən iddia ərizəsinə əlavə olunmuş cavabdehə ünvanlanaraq xx xxxxx 2020-ci ildə Poçt Şöbəsinə təqdim edilmiş xx xxxxx 2020-ci il tarixli “pretenziya qaydasında” ərizədə “iddia tələbində mübahisələndirilən borc məbləğinin silinməsi” xahiş olunsa da, həmin ərizə üzrə cavabdehin mövqeyi öyrənilmədən növbəti iş günü, yəni xx xxxxx 2020-ci ildə (25 və 26 aprel qeyri-iş günlərinə təsadüf edir) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən “tələb olunanadək” qeydi aparılmış poçt xəbərnaməsinin məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını və eləcə də, pretenzya qaydasında göndərilmiş ərizə üzrə cavabdehə mövqeyini bildirməsinə şərait yaradılmasını (ola bilər ki, cavabdeh həmin mübahisənin həlli üçün iddiaçı tərəflə müvafiq razılığa gəlmək istəsin və s.) təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “xxxx” Firmasının cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar