Məhkəmə qərarları › İş №e-2-2(119)-36/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-36/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-36/2021 09.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 81794.85 (səksən bir min yeddi yüz doxsan dörd manat səksən beş qəpik) manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qararı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş borc barədə arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********3 olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı 81794,85 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. İddia ərizəsində daha sonra göstərilir ki, “xxxx" ASC-nin əməkdaşlarının hər ay “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdeh “xxxx” MMC tərəfindən müxtəlif vaxtlarda ödənişlər edildiyini və xx.xx.2021-ci il tarixə 67384,46 manat borcunun qaldığnı, həmin borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə təmsil olunmasa da, “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabineti vasitəsilə məhkəməyə müvafiq vəsatət, etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Cavabdehin qanuni təmsilçisinin xx.xx.2020-ci il tarixli vəsatətində iddiaçı "xxxx" ASC-nin pretenziya qaydasında göndərdiyi məktuba münasibət bildirildiyi və mübahisə üzrə borca dair üzləşmə aktının tərtib edilməsinin təklif edildiyini, belə olan halda məhkəmə mübahisəsinin pretenziya nizamlanması nöqteyi nəzərdə icraata qəbul edilməsi düzgün olmadığı, iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir. Cavabdehin etiraz ərizəsində isə Mülki Məcəlləyə və “Elektrik enerjisindən istifadə Qaydaları”na istinad edilməklə tərəflər arasında müqavilə münasibətlərinin xx.xx.2020-ci il tarixdə yarandığı, tərəflər arasında müqavilə münasibətlərinin yaranma müddətinin göstərilmədiyi, bununla əlaqədar iddiaçı ASC-nin iddia tələbində iddia etdiyi istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 81.794,85 manat borcun hansı dövrü əhatə etməsi, həmin dövr üzrə ödənilməmiş və ödənilmiş borcların aydınlaşdırılmadığı, qeyd olunan xüsusat üzrə iddiaçının açıqlamanı əks etdirən arayış təqdim etməli olduğu, müqavilə münasibətləri xx.xx.2020-ci il tarixli müqavilə ilə nizamlandığı halda, elektrik enerjisindən istifadənin 2015, ya 2016, ya 2017, ya 2018, ya da 2019-ci illər üzrə hesablamanın aparılıb-aparılmamasının araşdırılmalı olduğu, elektrik enerjinin sərfiyyatına görə dövrlər üzrə ödənilmiş və ödənilməmiş məbləğlərin aydın olmadığı, sərfiyatın ardıcıllığı və dövrülüyünə görə mütəxəssis rəyinin zəruri olduğu, məhkəmə çəkişməsi zamanı cavabdeh MMC-nin elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyat - ödənişləri vaxtında həyata keçirdiyini, hesablanmış borc məbləğinin həqiqəti əks etdirmədiyi göstərilmişdir. Etirazda daha sonra göstərilri ki, iddiaçı ASC-nin kommersiya mübahisəsinə qədər pretenziya məktubu MTK-ya təqdim olunan zaman cavab olaraq xx.xx.2020-ci il tarixli 4305 nömrəli məktubla abonent kodu üzrə borcun dəqiqləşdirilməsi barədə müraciət olunmuş, dəfələrlə ASC-nin nümayəndələrinə borcun dəqiqləşdirilməsi tələb olunmasına baxmayaraq yayınmışlar. Cavabdeh həmçinin elektron kabinet vasitəsi ilə iddia müddətinin tətbiqi haqqında ərizə təqdim edərək iddiaçının iddia tələbinin əsası olaraq “xxxx” ASC ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 071119 nömrəli müqavilə təqdim edilsə də, iddiaçının son yeddi il müddətində sərfiyyat xərclərinin tələb olunması ehtimal olunduğu, belə olan halda iddia müddətinin ötürülmüş hesab olunduğunu, iddiaçı ASC-nin iddia tələbi üzrə yaranmış elektrik enerji borcunun hansı dövrü əhatə etməsini göstərmədiyinə görə dəqiqləşdirilməsi zərurəti yarandığını, qeyd olunanları nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, iddiaçının nümayəndəsinin izahatından və cavabdehin etiraz ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti abonent kodu **********3 olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini elektrik enerjisi ilə təmin etmiş, cavabdehin istifadə edilmiş elektrik enerjisinə görə borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış elektrik enerjisinin alğı-satqısı haqqında xx.xx.2020-ci il tarixli birtipli müqavilədə də **********3 saylı abonent koduna istinad edilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin abonent kodu üzrə istifadə edilmiş elektrik enerjisinə görə 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat 46 qəpik) manat borcun ödənilməsini tələb edir. İdddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 01-85/20 saylı borc barədə arayışda cavabdehin xx.xx.2020-ci il tarixə istehlak edilmiş elektrik enerjisinə görə 81794.85 (səksən bir min yeddi yüz doxsan dörd manat səksən beş qəpik) manat, abonent kodu **********3 olan cavabdeh “xxxx” MMC-yə aid abuna haqqında məlumatda isə xx.xx.2020-ci il tarixə 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat 46 qəpik) manat borcununun olması öz təsdiqini tapır. Cavabdeh təqdim etdiyi etiraz ərizəsində müvafiq dəlillər irəli sürərək hesablanmış borc məbləğinin həqiqəti əks etdirmədiyini göstərsə də həmin dəlilləri təsdiq edən hərhansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdehin yuxarıda qeyd edilən dəlillərinin əksinə olaraq iddiaçının nümayəndəsinin təqdim etdiyi "xxxx" ASC-nin Xırdalan ETSİ ilə cavabdehin nümayəndələri arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 23 saylı və xx.xx.2020-ci il tarixli 32 saylı razılaşma protokollarından görünür ki, cavabdeh qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar iddiaçı təşkilatın strukturuna daxil olan qurumla müvafiq razılaşmalar əldə etmişlər. Belə ki, xx.xx.2020-ci il tarixli 32 saylı razılaşma protokolunda cavabdehin digər abonent kodu ilə birgə **********3 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixə kimi istifadə edilmiş elektrk enerjisinə görə borcunun 210920,24 manat (iki yüz on min doqquz yüz iyirmi manat 24 qəpik) olduğu, abonentin 3 ay müddətində istifadə etdiyi elektrik enerjisinin dəyərindən əlavə olaraq hər ay 10.000 (on min manat) ödəyəcəyi tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində irəli sürdüyü dəlillər də əsassız olmaqla iş üzrə digər sübutlarla təkzib edildiyindən həmin ərizə təmin edilməməlidir. Belə ki, cavanbdeh məhz hansı tarixdən, hansı müddətin keçdiyini ərizədə əsaslandılrmasa da işdə olan abunə haqqında məlumatdan, yuxarıda qeyd edilən razılaşma protokollarından və iddiaçının nümayəndəsinin iddia tələbinin azaldılması barədə ərizəsindən görünür ki, cavabdeh tələb olunan borcu etiraf etmiş və borc üzrə mütəmadi ödənişlər etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat qırx altı qəpik) manat borc tutularaq İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki-Prosessual Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat 46 qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar