Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-363/2024 26.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 32000 (otuz iki min) manat məbləğində borc və 8000 (səkkiz min) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40000 (qırx min) manat məbləğində pul vəsaitinin və 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 may 2023-cü il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı özünə məxsus olan “TQM23 B 48-384” markalı teplovozu üç ay müddətinə hər ay ƏDV daxil olmaqla 8000 manat məbləğində icarə haqqı ödəmək şərtilə cavabdehin istifadəsinə vermiş, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq birinci ay üçün icarə haqqını ödəsə də, növbəti iki ay üçün nəzərdə tutulmuş icarə haqqını ödəməmiş, eyni zamanda icarə obyektini müqavilənin müddəti bitdikdən sonra iki aydan çox müddət keçməsinə baxmayaraq geri qaytarmamışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında və mediasiya vasitəsilə həllinə cəhdlər göstərilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 16 aprel 2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək icarə müqaviləsi üzrə 33806 (otuz üç min səkkiz yüz altı) manat məbləğində borcun və 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi üzrə tələb edilən dəbbə pulu ilə bağlı olan müqavilə müddəasi mübahisəli və anlaşılmaz olduğundan həmin hissədə iddiadan imtina edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənlərə uyğun izahat verərək ilkin iddia tələbilə məhkəməyə müraciət edilərkən borcun iki aylıq icarə haqqı və müqavilə müddəti bitdikdən sonra texnikanın daha iki ay ərzində qaytarılmamasına görə hesablandığını, lakin cavabdeh tərəfindən texnikanın həmin müddətdən əlavə daha yeddi gün müddətində, yəni müqavilənin müddəti bitdikdən sonra iki ay yeddi gün müddətində qaytarılmadığını, həmin müddətin də nəzərə alınaraq icarə haqqı borcunun yenidən hesablandığını, dəbbə pulunun isə nəzərə alınmadığını bildirərək məhkəmədən 33806 manat məbləğində icarə haqqı borcunun və 210 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, icarəyə verən (İddiaçı ASC) özünə məxsus olan “TQM23 (23)” markalı teplovozu icarədarın (Cavabdeh MMC-nin) istifadəsinə verir. İcarədar müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icarədar hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 5 (beş) təqvim günü ərzində icarə obyektini, təbii aşınma və normal köhnəlmə vəziyyətini nəzərə alınmaqla, komplektə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında icarəyə verənə qaytarmalıdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, icarə obyektinin təhvil verilmə və qaytarılma müddətləri gecikdirildiyi təqdirdə tərəflərin tələbi və qarşılıqlı razılaşması ilə icarə haqqlarının ödəniş müddətlərinin eyni tənasübdə təxirə salınması və ya uzadılması, həmçinin miqdarı və həcmləri mütənasib qaydada tənzimlənməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, icarə obyekti üzrə icarə haqqı hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də müəyyən edilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, icarəyə verən icarə haqqı üzrə aylıq hesab-fakturaları icarədara təqdim edir. İcarədar aylıq hesab-faktura üzrə icarə haqqını bank köçürmə yolu ilə ödəyir. İcarəyəverən icarə haqqı üzrə aylıq hesab-fakturanı icarədara təqdim edildiyi tarixdən 5 (beş) iş günü ərzində və yaxud qaimə faktura tarixindən 3 (üç) iş günü ərzində icarə haqqını bank köçürmə yolu ilə həyata keçirilməlidir. İcarədar icarə haqqını müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aylıq icarə haqqının 1% həcmində cərmənin ödənilməsi tələb edir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, hazırkı müqavilə imzalandığı andan (xx.xx.2023-cü il tarixdən) qüvvəyə minir və 3 (üç) ay müddətində etibarlıdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli icarə haqqının razılaşdırılması protokolundan (icarə müqaviləsinə Əlavə 1) görünür ki, 10 may 2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsi üzrə icarə obyektinin aylıq icarə haqqının ƏDV daxil olmaqla 8000 (səkkiz min) manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 10 may 2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsi üzrə icarəyə verən “TQM23 B 48-384 (tгм 23 B 48-384)” markalı teplovozu icarədara təhvil verir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 10 may 2023-cü il tarixli, 01 nömrəli icarə müqaviləsi üzrə icarədar həmin teplovozu icarəyə verənə təhvil verir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 10 may 2023-cü il tarixli, 01 nömrəli icarə müqaviləsi üzrə 33806 manat məbləğində icarə haqqı borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 10 may 2023-cü il tarixdən qüvvəyə minməklə qüvvəsi 3 ay müddətinə davam edən 10 may 2023-cü il tarixli icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtlərinə uyğun olaraq icarəyə verən qismində iştirak edən iddiaçı həmin müqavilənin obyekti olan “TQM23 B 48- 384” markalı teplovozu üç ay müddətinə hər ay ƏDV daxil olmaqla 8000 manat məbləğində icarə haqqı müqabilində cavabdehin icarəsinə vermiş, cavabdeh ilk ayın icarə haqqını ödəsə də, sonrakı iki ayın icarə haqqını ödəməmiş, eyni zamanda müqavilənin 3.2-ci bəndinə uyğun olaraq icarə obyektini müqavilənin başa çatdığı tarixdən 5 (beş) təqvim günü ərzində icarəyə verənə qaytarmalı olsa da, bu tələbə riayət etməmiş, icarə obyekti müqavilənin qüvvəsinin bitdiyi tarixdən iki ay yeddi gün sonra iddiaçıya qaytarılmışdır. Bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyən iddiaçının icarə müqaviləsi üzrə iki aylıq icarə haqqı borcu olan 16000 manat və müqavilənin qüvvəsi başa çatmasına baxmayaraq icarə obyektini iki ay yeddi gün ərzində icarəyə verənə qaytarmaması ilə əlaqədar 17806 manat olmaqla, cəmi 33806 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 10 may 2023-cü il tarixli icarə müqaviləsi üzrə 33806 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 dekabr 2023-cü il tarixli MŞS-MT030-2023-02729 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 (iki yüz on) manat məbləğində mediasiya xərci (200 yüz manat mediasiya haqqı + 10 manat poçt xərci) ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10 may 2023-cü il tarixli icarə müqaviləsi üzrə 33806 manat məbləğində əsas borc, həmçinin 210 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 34016 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, hazırkı iddia tələbi təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 191,42 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehdən (VÖEN: **********) 33806 (otuz üç min səkkiz yüz altı) manat məbləğində borc, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 34016 (otuz dörd min on altı) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən dövlət nəfinə 191,42 (yüz doxsan bir manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-363/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-363/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver