Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-369/2023 01.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu:**********00061) hesabına yazılmış 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akta əsasən 2592 manat, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akta əsasən 1620 manat, 26 avqust 2022-ci il tarixli ******* nömrəli akta əsasən 2457 manat məbləğində olmaqla, cəmi 6669 manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları Quba rayonu, Qəçrəş kəndində yerləşən iddiaçıya məxsus **********00061 abonent hesablı ictimai-iaşə obyektinə (restoran) gələrək müxtəlif tarixlərdə aktlar tərtib etmiş və əsassız borclar yazmışlar. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 17 yanvar 2019-cu il tarixli ******* saylı aktla, guya istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatının 16,3 m3 sərfiyyatı 6,3 m3 keçdiyi əsası ilə iddiaçıya məxsus ictimai-iaşə obyektinə 2592 manat məbləğində borc hesablanmışdır. Daha sonra Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* saylı aktla, guya Cavabdeh qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında rəyə əsasən ******* nömrəli mexaniki qaz sayğacının plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması əsası ilə iddiaçıya məxsus ictimai-iaşə obyektinə 1620 manat məbləğində borc hesablanmışdır. 26 avqust 2022-ci il tarixində isə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktla GT tipli 28254128 saylı qaz sayağacının üzərində olan qaz avadanlıqlarının sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun gəlmədiyi, 8,3 m3 sərfiyyatın keçməsi əsası ilə 2457 manat məbləğində borc hesablanmışdır. Hal-hazırda həmin aktlar üzrə iddiaçıya cəmi 6669 manat məbləğində borc hesablanmışdır. Yazılmış borclar əsassız və qanunsuz olduğu üçün iddiaçı bu borcları ödəməmişdir. Cavabdeh tərəfindən iddiaçıya borc ödənilmədiyi halda ictimai-iaşə obyektinə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Sahibkar kimi iddiaçıya məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki, həmin Əsasnamənin 1.4cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə iddiaçıya yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlamalAR yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. İddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə cavabdehin nümayəndəsinin iştirak etməməsi səbəbindən mediator tərəfindən 15 fevral 2023-cü il tarixli, MŞQ-MT-027- 2023-00081 nömrəli arayış verilmişdir. Bundan əlavə iddiaçı həm elektron qaydada, həm də poçt vasitəsilə Cavabdehnə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, Cavabdeh tərəfindən Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu:**********00061) hesabına yazılmış 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akta əsasən 2592 manat, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akta əsasən 1620 manat, 26 avqust 2022-ci il tarixli ******* nömrəli akta əsasən 2457 manat məbləğində olmaqla, cəmi 6669 manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13 aprel 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3 bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Qeyd olunan “Qazdan istifadə Qaydaları”nın 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abonent Nümayəndə1 obyektində hər hansı yoxlama aparılmamış, obyektdən kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra rəyə əsasən iddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Göstərilənlərə əsasən cavabdeh iddianın əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə cavabdehin etirazı ilə bağlı mülahizə təqdim edərək bildirmişdir ki, cavabdeh təşkilat ona məxsus sahibkarlıq obyektində hər hansı yoxlama aparılmadığını bildirsə də, obyektdən kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra rəyə əsasən onun barəsində akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Qanunvericiliyinin tələbinə əsasən cavabdeh təşkilatın sahibkarlıq obyektində sadəcə qaz sayğacının göstəricilərinin oxunması zamanı fəaliyyəti sahibkarlıq sahəsində olan normaların tələblərinə tabe deyildir. Qalan bütün yoxlamalar zamanı mövcud qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə qaydaları”nın 2.11-1-ci bəndində də qeyd olunur ki qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda da cavabdeh təşkilatın əməkdaşları özləri qeyd etmişlər ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-nə riayət olunması yoxlanılmış, hətta baxış zamanı guya istifadə olunan qaz işlədicilərinin adları aktda qeyd edilmişdir. Əgər onlar iddiaçının fəaliyyət göstərdiyi obyektə gəlməmiş və qaz cihazlarına baxış keçirməmişlərsə, nəyə görə tərtib etdikləri aktlarda bunun tamamilə əksi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin və mülahizənin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* saylı aktda qeyd olunur ki, Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən restorana baxış keçirilən zamanı “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatının 16,3 m sərfiyyatı 6,3 m keçdiyi” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan 31 yanvar 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 16 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 12960 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2019-cu ilin yanvar ayında Nümayəndə1 məxsus sayğaca qaz sərfiyyatına görə akt üzrə 2592 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2022-ci il tarixli ******* saylı aktda qeyd olunur ki, Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən restorana baxış keçirilən zaman Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS- 29/1640-00589-58 nömrəli rəyinə əsasən 28256815 nömrəli mexaniki qaz sayağacının plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan “Qeyri-əhali qaz sayağacının yoxlanılması haqqında” MS- 29/1640-000589-58 nömrəli Aktdan görünür ki, Xaçmaz Rayon Qaz İstismar İdarəsindən dövlət yoxlamasına gətirilmiş G6 markalı mexanika tipli qaz sayğacına 10 aprel 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” kimi qeyd olunmuşdur. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2022-ci ilin aprel ayında Nümayəndə1 məxsus sayğaca qaz sərfiyyatına görə həmin akt üzrə 1620 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli ******* saylı aktda qeyd olunur ki, Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən restorana baxış keçirilən zaman “GT tipli 28254128 saylı qaz sayğacının üzərində olan qaz avadanlıqlarının sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun gəlmədiyi, 8,3 m sərfiyyatın keçməsi” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan 27 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, qaz sayğacının maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 19,1 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 9828 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2022-ci ilin avqust ayında Nümayəndə1 məxsus sayğaca qaz sərfiyyatına görə akt üzrə 2457 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddiaçıya məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (restorana) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2592 manat məbləğində, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1620 manat məbləğində və 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2457 manat məbləğində borc silinməlidir. İddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 250 (iki yüz əlli) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı Nümayəndə1 (VÖEN **********) məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu:**********00061) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində, 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2457 (iki min dörd yüz əlli yeddi) manat məbləğində borc silinməlidir. Eyni zamanda hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti və iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq iddiaçı Nümayəndə1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı Cavabdehndən dövlət nəfinə 86,69 (səksən altı manat 69 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Nümayəndə1 (VÖEN **********) məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu:**********00061) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində və 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2457 (iki min dörd yüz əlli yeddi) manat məbləğində borc silinsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 250 (iki yüz əlli) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı Nümayəndə1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 86,69 (səksən altı manat 69 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-369/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-369/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver