Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-37/2021 01.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 47248,46 (qırx yeddi min iki yüz qırx səkkiz manat qırx altı qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qararı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********7 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı 47248,46 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. “xxxx" ASC-nin əməkdaşlarının hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) taqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir.İddia ərizəsində “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, Quba rayon “Gənclər Mərkəzi” 2013-cü ilin sentyabr ayında istifadəyə verilmiş, 2012-ci ildə Quba şəhərində mədəniyyət və istirahət parkında aparılan tikinti quracılıq işləri zamanı, həmçinin Gənclər mərkəzinin, Yaşıl Teatrın və X2 tikintisi zamanı istifadə olununan elektrik enerjisi Gənclər Mərkəzinin adına rəsmiləşdirilən sayğac vasitəsi ilə həyata keçirilmiş, tikinti işlərinin son mərhələsinə qədər istifadə olunan elektrik enerjisi Gənclər mərkəzinin adına qoyulmuş sayğacda yüklənmiş və tikinti aparan podratçı təşkilat tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh Quba rayon İH başçısının xx.xx.2015-ci il tarixli 83№-li sərəncamı ilə müvəqqəti olaraq Gənclər mərkəzində yerləşdirilmiş, həmin tarixə mərkəzin “xxxx" ASC-ə 30924,91 AZN borcu olmuş, daha sonra yaranmış 20151,49 AZN borc isə mərkəz Cavabdeh balansında olmadığından ödənilməsi mümkün olmamış, 2018ci ilin sentyabr ayından smart tipli sayğac quraşdırılmış və ödənilmiş 4681,00 AZN vəsaitin 50%-i borca silinmişdir. X6 Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə Gənclər və İdman Nazirliyinin balansına verilmişdir. “xxxx" ASC nəyə görə tikinti aparılan müddətdə və Quba rayon İH-nin balansında olduğu müddətdə elektrik enerjisi borcunu tələb etməmiş, yalnız mərkəz Gənclər və İdman Nazirliyinin balansına keçdikdən sonra elektirk enerjisinin ödənilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilənlərə əsasən iddianın əsassız oldğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, işə baxılan müddətdə iddia ərizəsində göstərilən borc məbləğindən müəyyən ödənişlər edildiyini və abunə haqqında məlumata əsasən hazırkı tarixə 47.112,manat borcun qaldığını bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Nuhbalayev iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, tərəflərin izahatlarından görünür ki, iddiaçı enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh abonent Cavabdeh elektrik enerjisi ilə təmin etmiş və bunun müqabilində cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 47112,04 (qırx yeddi min yüz on iki manat dörd qəpik) manat məbləğində borcunun mövcudluğu iş materiallarına əlavə edilmiş abunə haqqında məlumat və “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 50-01/445 saylı borc barədə arayışıla öz təsdiqini tapır. Cavabdehin qeyd edilən borcun X5 Gənclər və İdman Nazirliyinin balansına verildiyi dövrdən əvvəlki dövrə aid olması və buna görə də iddianın əsaslı olmaması barədə dəlillərinə gəldikdə isə, məhkəmə həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. İş materiallarından da görünür ki, hazırkı iddia tələbində göstərilən borc məbləği məhz cavabdehə məxsus uçot ciahzlarının göstəricilərinə əsasən yaranmışdır. Məhz iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Elektrik enerjisinin alqı-satqısı birtipli” müqavilədə də əvvəllər mövcud olmuş və cavabdehə məxsus **********7 saylı abonent koduna istinad edilmişdir. Həmin sayğac üzrə hesablanmış borcun hər-hansı məbləğinin X5 Gənclər və İdman Nazirliyinin balansına verilməsindən əvvəlki dövrə aid olması isə cavabdehin həmin borcu ödəmək öhdəliyindən azad etmir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 828s saylı Sərəncamında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının 6.5-ci bəndinə əsasən Quba Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Gənclər Mərkəzinin əmlak kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansına verilmiş və hər üç qurumun Sərəncamdan irəli gələn məsələləri həll etmələri müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Dövlət Proqramının 6.5-ci bəndinə əsasən dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyri-yaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir. İşin qeyd edilən hallarından aydın olur ki, X5 Gənclər və İdman Nazirliyinin balansına verilməsi Quba Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınmaqla həyata keçirildiyindən elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış müvafiq borc məbləğnin mövcudluğu da cavabdehə məlum olmuşdur. Lakin qeyd edilən bor məbləği ötən dövr ərzində mübahisələndirilməmiş, əksinə müəyyən ödənişlər həyata keçirilmişdir. Yuxarıda qeyd edilən, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, hazırkı iş üzrə iddia ərizəsində cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 47248,46 (qırx yeddi min iki yüz qırx səkkiz manat qırx altı qəpik) manat borcun ödənilməsi tələb edilmiş, iş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən həmin borc məbləğindən müəyyən ödənişlər edildiyindən, xx.xx.2020-ci il tarixə cavabdehin 47112,04 (qırx yeddi min yüz on iki manat dörd qəpik) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdehndən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 47112,04 (qırx yeddi min yüz on iki manat dörd qəpik) manat borc tutularaq İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 47.112,04 (qırx yeddi min yüz on iki manat dörd qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-37/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-37/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver